"Rusiya təklifləri soyuq qarşılayır" - AÇIQLAMA

11 Mart 2022 15:17 (UTC+04:00)

"İkinci Antalya Diplomatiya Forumu çərçivəsində Ukrayna və Rusiya xarici işlər nazirləri arasında görüş keçirildi". Bunu SİA-ya açıqlamasında Politoloq Anar Əliyev deyib.

Politoloq Anar Əliyev bildirib ki, Ukrayna xarici işlər naziri Kuleba mətbuata açıqlamasında görüşün nəticəsiz və səmərəsiz yekunlaşması ilə bağlı açıqlama verdi: "Amma hesab edirəm ki, Antalya görüşünü tam olaraq nəticəsiz adlandırmaq olmaz. Əvvala, Rusiya və Ukrayna arasında münasibətlərin gərginləşməsi və Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra ilk dəfə iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüş keçirildi. Digər tərəfdən, bu görüş Türkiyənin Ukrayna və Rusiya arasındakı münasibətlərin tənzimlənməsində rolunu daha da artırdı. Bildiyiniz kimi bir sıra Avropa dövlətləri, eləcə də ABŞ artıq Rusiya tərəfindən etimad göstərilə bilinməyəcək tərəf kimi qiymətləndirilir. Bu mənada istənilən Avropa dövləti tərəfindən münasibətlərin diplomatik yolla tənzimlənməsi ilə bağlı təkliflər Rusiya tərəfindən çox soyuq qarşılanırdı. Almaniya və Fransa tərəfindən dəfələrlə bu istiqamətdə cəhdlər göstərilmiş, amma ciddi nəticə əldə olunmamışdı. Türkiyə tərəfindən Ukrayna və Rusiya arasında yüksək səviyyəli görüşün keçirilməsi ilə bağlı təklifin səsləndirilməsi və bu təklifə həm Ukrayna, həm də Rusiyanın müsbət yanaşması müsbət element kimi qiymətləndirilməlidir. Növbəti görüşlərin də Türkiyə vasitəçiliyi ilə həyata keçirilməsi planlaşdırlır. Bu yöndə mühüm nəticələrin olmasına dair düşüncələr də var. Burada mühüm nəticələrdən biri də Avropa dövlətlərinin, xüsusilə də Fransa prezidenti Makronun bu görüşün pozulması istiqamətində ciddi cəhdlərinin olmasına baxmayaraq, belə bir görüşün baş tutmasıdır. Müsbət istiqamətlərdən biri də tərəflərə öz mövqelərini XİN rəhbərləri səviyyəsində ifadəetmə imkanın yaradılmasıdır. Növbəti görüşlərdə tərəflər kompromis və əldə oluna biləcək kansessusla bağlı fikirləri dəyərləndiməyə çalışacaqlar. Bu da münaqişənin diplomatik yolla, yəni masa arxasında həllini daha da irəli apara bilər. Türkiyə və bir çox istiqamətlərdə sinxron davranış sərgiləyən Azərbaycanın bu prosesdə rolu davamlı şəkildə artmaqdadır. Rusiya və Ukrayna münasibətlərinin tənzimlənməsində müəyyən qədər balanslı mövqe sərgiləməsi Türkiyə və Azərbaycana etimadın yaranması və tənzimlənmə prosesində rolunun artmasına səbəb olub".