“Şuşa ili” getdikcə aktuallığını, əhəmiyyətini artırır -MİLLƏT VƏKİLİ DANIŞDI

11 Mart 2022 13:43 (UTC+04:00)

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2022-ci ili “Şuşa ili” elan edib. Bu, heç də təsadüfi bir qərar deyil”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Kərimli bildirib.

Onun sözlərinə görə, birincisi Qarabağın simvolu, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın işğaldan azad olunması Azərbaycanda böyük mənəvi ruh yüksəkliyinə səbəb oldu:

“İkincisi Şuşanın 270 yaşı tamam olur. Əsl Azərbaycan şəhəri kimi bu şəhərin əsası Pənahəli xan tərəfindən qoyulub. Bu, bir daha dünyaya xatırladır ki, Şuşa Azərbaycan şəhəridir.
Üçüncüsü Qarabağda aparılan bütün quruculuq işləri ya Şuşada tamamlanır, ya da Şuşadan başlayır. Şuşa bir növ həm də rəmzi mənada artıq Qarabağın da mərkəzinə çevrilib. Göründüyü kimi, Şuşanın əhəmiyyəti getdikcə artır. Türkiyə ilə birlikdə məhz Şuşa şəhərində Azərbaycan-Türkiyə bəyannaməsi bağlanıb. Bu da ömürlük ittifaq səviyyəsində olan bir sənəddir. Təsadüfi deyil ki, cənab Prezident Türkiyədəki səfərində Ərdoğanla birlikdə, eyni zamanda, Şuşa bəyannaməsinin də yerinə yetirilməsi və genişləndirilməsi məsələlərini müzakirə edib. Qeyd etmək istəyirəm ki, muğam müsabiqəsinin finalının Şuşa şəhərində keçiriləcəyi haqqında məlumat aldıq. Biz Milli Məclisin komitə iclaslarının birini də artıq Şuşa şəhərində keçirmək qərarına gəlmişik. “Şuşa ili” getdikcə aktuallığını, əhəmiyyətini artırır. Artıq hər kəs Şuşanın adını yaxşı bilir. Həm də Şuşa qəhrəmanlıq şəhəridir. Biz hər birimiz bu ilin yüksək səviyyədə keçirilməsinə çalışmalıyıq”.

Səbinə Hüseynli