Novruz yazın gəlişini simvolizə edən qədim xalq bayramıdır. Novruz bayramını qeyd etmək baharı qarşılamaq deməkdir. Bu bayramın tarixi çox qədimdir. Elmi araşdırmalar Novruz bayramının mənşəyini Zərdüşt peyğəmbərin yaşadığı dövrlə bağlayır, onun yaşının azı 3700, ən çoxu 5000 ilə bərabər edirlər.
İslam xadimləri hər zaman bu bayrama dini libas geyindirməyə çalışsalar da, Novruzun İslamdan daha qədim tarixə malik olduğunu Firdovsi, Sədi, Hafiz, Nizami kimi maarifçilər də təsdiq ediblər.
Sovet dövründə Novruz bayramı qeyri-rəsmi qeyd olunurdu. Hökumət orqanları buna icazə vermirdi. Ancaq buna baxmayaraq, hər bir azərbaycanlı ailəsi əsrlik adət-ənənələr ilə bu bayramı qeyd edirdi.
Azərbaycan xalqı Novruzun gəlişini 4 həftə öncədən qeyd etməyə başlayır. Qədimdən bəri hər il günün bərabərləşməsindən əvvəl həftənin ikinci günləri Su, Od, Yel və Torpaq çərşənbələri qeyd olunur. Birinci çərşənbədə su və su mənbələri hərəkətə gəlir, ikinci çərşənbədə od, üçüncüdə yel, nəhayət sonuncu Torpaq çərşənbəsində təbiət oyanır.
Novruz bayramı adət-ənənələrlə, oyunlarla zəngindir. Qədim adətlərə misal olaraq "Xıdır İlyas"ı, "Kos-Kosa" əyləncə meydan oyununu və fal açmanı göstərmək olar.
Azərbaycan odlar diyarı olduğu üçün odla bağlı təmizlənmə, yenilənmə əlaməti olan zəngin ənənələri var. Axır çərşənbədə tonqallar qalanır, hər kəs ya bir tonqalın üstündən yeddi dəfə, ya da yeddi tonqalın hər birinin üstündən bir dəfə tullanmalıdır. Tullanarkən "ağırlığım-uğurluğum odlara" və ya "sarılığım sənə, qırmızılığın mənə" sözləri deyilir. Tonqalı heç vaxt su ilə söndürmək olmaz. Yalnız tonqal özü söndükdən sonra gənc qız və oğlanlar onun külünü yığıb, evdən kənar bir yerə atırlar. Bu isə uğursuzluqların, bədbəxtçiliklərin həmin ailədən uzaqlaşması deməkdir.
Su ilə saflaşma isə suyun real əlamətilə əlaqədardır. Su ilə əlaqədar olan ənənələr Azərbaycanda təzə illə bağlıdır. Təzə ildə axar suyun üstündən tullanmaqla keçən ilin günahlarını yumuş olursan. Bundan başqa bütün ailə üzvləri ötən ilin axırıncı gecəsi, yatmazdan əvvəl biri-birinin üstünə su çiləyirlər.
Bütün bu mərasimlər qədim şərq ənənələrinin davamıdır. Azərbaycanlılar süfrəsini zövqlə bəzəyirlər. Süfrədə "s" hərfi ilə başlayan yeddi xörək, o cümlədən sumax, sirkə, süd, səməni və s. olmalıdır. Həmçinin, süfrəyə şam və güzgü də qoyulur. Şam od, işıq rəmzi, güzgü isə aydınlıq, şəffaflıq rəmzidir. Novruz bayramında göyərdilən səməni təbiətin canlanmasının, yazın gəlməsinin rəmzi hesab olunur.
Adətlərə görə Novruzun ilk günü yaz, ikinci günü yay, üçüncü günü payız və dördüncü günü qış hesab edilir. Həmin günlərdə hava şəraitinə əsasən ilin necə keçəcəyindən müəyyən edirmişlər.
Novruz bayramı Azərbaycanla yanaşı İranda, Türkmənistanda, Tacikistanda, Özbəkistanda, Pakistanda, Qazaxıstanda da xüsusi təntənə ilə qeyd olunur. Novruz eyni zamanda dünyanın London, Toronto, Los-Anceles kimi əksər yerlərində də bu xalqların nümayəndələri tərəfindən geniş şəkildə qeyd edilir. Novruz xalqımızın bütün varlıqlarını özündə cəmləşdirən bayramdır.
Ləman Əlizadə