Yaxud, Xankəndiyə gedən qaz kəməri ətrafında cəhd edilən erməni təxribatına imkan verilməyəcək!
Qarabağdakı quldur-separatçı rejimin təmas xətlərində, daha dəqiq desək, Rusiya sülhməramlı kontingentinin (RSK) müvəqqəti yerləşdikləri ərazilərimizdə fəallaşaraq vəziyyəti gərginləşdirməyə yönəlmiş addımlarına qarşı sərt və adekvat cavablar verilməkdədir. Maraqlıdır ki, bölgədə hər hansı cüzi problem yaranar-yaranmaz dərhal Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında informasiya bülleteni hazırlanır və dolayı yolla Azərbaycan tərəfi hədəfə alınır, lakin silahlı quldurların təxribatçılıq əməlləri faktı baş verərkən, bu haqda necə deyərlər, kəlmə də kəsilmir (?!). Məhz bu kimi məqamlar Azərbaycanın ictimai-siyasi rəyini haqlı olaraq hiddətləndirir, qıcıqlandırır.
Hələlik, prosesləri izləməkdə davam edirik...
O cümlədən, bu günün özündə də üçtərəfli bəyanatın digər bir neçə bəndləri daxil olmaqla 4-cü bəndinin realizəsi edilməməsi, yaxud RSK-nın həmin bəndə əsaslanaraq qanunsuz erməni silahlılarını Qarabağdan çıxarmaması çoxsaylı suallar doğurmaqda davam edir. Özəlliklə, RSK-nın komandanlığı barədə aşkara çıxarılan ifşaedici və danılmaz faktlardan da nəticə çıxarmaq olar ki, ya onlar üzərlərinə düşən vəzifələrini doğru-dürüst yerinə yetirə bilmirlər, ya da vəzifələrini qəsdən, “yuxarıdan” gələn hansısa sifarişlər əsasında həyata keçirmirlər. Belə olan halda, ağla gələn ilk amil də bu olur ki, Azərbaycan dövlətinin və xalqının maraqlarına qarşı müəyyən qüvvələr çıxışlar edirlər. Əks halda, hər şey üçtərəfli bəyanatda vurğulanan müddəalar, bəndlər əsasında gedərdi. Hələlik isə, prosesləri izləməkdə davam edirik.
Ancaq gəlin görək, “suiti” Araik hansı iddiasını irəli sürür?
Beləliklə, Qarabağda əl-qollarını sallaya-sallaya rahatca şəkildə gəzən, arada-sırada bizə tərəf hürən separatçı çeteləri və onların başbilənləri özlərini Azərbaycanın həmin ərazilərinin “sahibləri” sanır, hansısa “respublika” adından bəyanatlar səsləndirir və əslində, boyunlarına yüklənmiş cinayətlərini daha da ağırlaşdırmış olurlar. Çünki onların aqibətlərinin ya ölüm, ya da həbsxana ilə başa çatacağını da əminliklə ifadə etməliyik. Xüsusilə, elə ermənilərin öz aralarında “suiti” ləqəbi ilə çağırılan qondarma “prezident” Araik Arutyunyan bu haqda düşünməlidir. Amma RSK-nın yaratdığı münbit şəraitdən də göründüyü kimi, o, hələ bu haqda düşünmür, əksinə, ittihamlarla çıxış edir. Məsələn, qondarma qurumun “təhlükəsizlik şurasının” iclasında deyir ki, sən demə, azərbaycanlılar erməniləri “respublikadan” çıxarmaq istəyirlərmiş və s.
Halbuki, Azərbaycanın dövlət rəhbərliyi dəfələrlə bəyan edib ki, ölkənin suveren ərazilərində qanunsuz silahlı quldurlar xaric bütün erməni vətəndaşları dövlətin qanunlarına tabe olaraq öz həyatlarını davam etdirə bilərlər.
Ancaq gəlin görək, “suiti” Araik hansı iddiasını irəli sürür? Misal üçün, bəllidir ki, Xankəndinə gedən qaz kəməri məhz erməni separatçıları tərəfindən partladılıb və bu gün onların qaz kəmərini “təmir” etmək adı ilə həmin istiqamətdə kəşfiyyat işlərini aparmaq maraqlarının da olduğu sirr deyil. Sakit durmayan və əllərinə düşən hər imkanda Azərbaycanda diversiyalar və təxribatlar, terror aksiyaları reallaşdırmağa çalışan quldurların qarşısını isə Azərbaycan hərbçiləri alırlar. “Suiti” Araikin iddiasına görə isə, sən demə, “təmirçiləri” qaz kəmərinə qəsdən buraxmırlar ki, Xankəndidəki mülki ermənilər bu əraziləri tərk etsinlər və s. Halbuki, quldur “suitinin” özü də yaxşı bilir və dərk edir ki, əvvəl-axır onlar bu ərazilərdən rədd olub gedəcəklər. Yalnız ölkə qanunlarına tabe olan ermənilər rahat və təhlükəsizlik şəraitində Xankəndidə, yaxud digər Qarabağ bölgələrində yaşaya biləcəklər.
Sözügedən qaz kəməri Ermənistandan Qarabağa qanunsuz çəkilib!
Bəs Azərbaycanı “aqressiyada”, yaxud digər ittihamlarda suçlayan Arutyunyanın cəhdləri nəyə görə hələ də davam edir? Yaxud, o, nəyə ümid edir ki, son ana qədər separatçı quruluşu əllərində saxlamağa müvəffəq olacaqlar?
Gəlin, məsələyə daha dərindən yanaşaq. Separatçılar Azərbaycan tərəfini ittiham edirlər ki, hərbçilərimiz onlara təmir-bərpa işlərini realizə etməyə imkan vermirlər və aparılan danışıqlar da nəticəsiz qalır. Təbii ki, bu danışıqlarda separatçı təmsilçilərinin olmamaları bəri başdan bəllidir və təması yalnız RSK qurur. Ancaq sual yaranır, nəyə görə Azərbaycan öz suveren ərazilərində Ermənistandan (!) bəli, səhv görmədiniz, məhz Ermənistandan olan insanlara imkan verməlidir ki, onlar ərazimizdən keçən qanunsuz qaz kəmərinə yaxınlaşaraq onu təmir etsinlər? Göründüyü kimi, sözügedən qaz kəməri Ermənistandan Qarabağa qanunsuz çəkilib. Lakin o da məlum olub ki, sən demə, “qaz təmirçiləri” heç separatçılar da deyillərmiş, yəni onlar Laçın dəhlizi vasitəsi ilə Ermənistandan gəliblər və bu da son deyil!
RSK komandanlığı hansı üzlə Azərbaycan tərəfinə müraciət edir?
Gələk RSK-ya. Bütün bunlardan sonra rusiyalı sülhməramlı kontingentinin rəhbərliyi Azərbaycana məxsus yük maşınlarının məhz Azərbaycanın ərazilərində, yəni onların müvəqqəti məsul olduqları ərazilərdə idarə olunmağa imkan yaratmırlarsa, ya da bunu istəmirlərsə, onda hansı üzlə qaz kəmərinin təmirinin həyata keçirilməsi üçün müraciət edirlər?!
Qeyd edək ki, sözügedən kəmər Laçın dəhlizi boyunca çəkilib və bir ildən sonra onsuz da həmin kəmər fəaliyyətinə son qoyacaq. Bu gün Araik həm də onu qanmalıdır ki, cəmi bir idən sonra Laçında yeni yol çəkilər-çəkilməz dəhliz Azərbaycan hərbçilərinin nəzarətinə keçəcək. Bax onda, nəinki qaz kəmərinə ehtiyac qalmayacaq, çünki yenisi çəkiləcək, habelə internet şəbəkəsi də, elektrik enerjisi də bilavasitə Azərbaycan tərəfindən veriləcək!
Əslində, mövcud situasiya ilk növbədə Qarabağ ermənilərinə qondarma rejimin “hakimiyyət dairələrinin”, “təhlükəsizlik şurasının” perspektivsizliyini, həmçinin mandatı olmayan RSK-nın effektsizliyini nümayiş etdirir.
Qarabağ erməniləri dərk etməlidirlər ki, məhz həmin hərbi cinayətkarların, qanunsuz silahlı dəstələrin günahı ucbatından onlar Azərbaycan Silahlı Qüvvələrinin qarşısına hədəf kimi, sipər kimi qoyulurlar
Məhz bütün bunlardan nəticə çıxararaq vurğulaya bilərik ki, Qarabağ ermənilərinin təhlükəsizliklərini Ermənistan silahlı qüvvələrinin qanunsuz silahlı tör-töküntüləri, RSK və s. təmin etmir. Bu təminatı bilavasitə Azərbaycan verməkdədir!
Və əslində, separatçıların girovlarına çevrildiklərini əvvəl-axır anlamağa məhkum olan qarabağlı ermənilərin özləri komfort həyat sürən quldurları, hərbi cinayətkarları həmin ərazilərdən qovmalıdırlar. Qarabağ erməniləri dərk etməlidirlər ki, məhz həmin hərbi cinayətkarların, qanunsuz silahlı dəstələrin günahı ucbatından onlar Azərbaycan Silahlı Qüvvələrinin qarşısına hədəf kimi, sipər kimi qoyulurlar. Çünki Azərbaycanın suveren ərazilərində qalan bütün qanunsuz hərbi infrastrukturları, hərbi cinayətkarları, silahlıları məhv etmək hüququ var. RSK-nın isə üzərinə düşən vəzifələrdən biri də budur ki, onlar hərbi cinayətkarların sadə erməniləri özlərinə sipər kimi istifadə etmələrinin qarşısını almalıdırlar, yox, ala bilmirlərsə, çəkilsinlər kənara və görsünlər ki, quldurlar bu ərazilərdən necə təmizlənməlidir.
Araik Arutyunyan isə “təhlükəsizlik şurasının” iclasını keçirib ittihamlar yağdırmaqdansa, gedib öz acı aqibətini düşünsün, yoxsa vaxt get-gedə daha da daralmağa başlayır.
Rövşən RƏSULOV
P.S. Belə görünür ki, "suiti" Araik 7 noyabr 2020-ci ildə Xankəndidə 5-6 nəfərlə qaldığı və qaçmağa hazırlaşdığı günü unudub... Unudubsa, Azərbaycan Ordusu həmin xatirələrini ona gerçəkliyi ilə yenidən yaşada bilər və bu dəfə birdəfəlik!