Teatr ruhumun rahatlıq tapdığı yerdir -SORĞU

10 Mart 2022 21:53 (UTC+04:00)

Azərbaycanda avropatipli peşəkar teatrın yaranması 1873-cü ilin 10 mart tarixinə təsadüf edir. Teatr tarixindən məlumdur ki, həmin gün Bakıda gimnaziya şagirdlərinin ifasında M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası nümyiş olunub və bununla ölkədə peşəkar milli teatrın əsası qoyulub. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 1 mart 2013-cü il tarixli Sərəncamı ilə hər il mart ayının 10-u Milli Teatr Günü kimi dövlət səviyyəsində qeyd olunur.
Artıq rəsmi şəkildə 9 ildir ki, 10 mart tarixinin Milli Teatr Günü kimi qeyd olunur.
Biz də SİA olaraq teatrı yaşama səbəbləri kimi qəbul edən sənətkarlarımızın bu günlə bağlı fikirlərini öyrəndik.

Şöhrət ordenli, Xalq artisti, professor İlham Namiq Kamal:

“Bu gün çox gözəl gündür. Azərbaycan Teatrının 149 illiyidir. Peşəkarlar da artıq uzun illərdir ki, bu bayramı qeyd edirik. İllər ötsə də, müəyyən 10 illiklər keçsə də bu gün bizim üçün bayramdır. Hətta mənə elə gəlir ki, bu bizi izləyən tamaşaçılar üçün də bayramdır. Çünki tamaşaçı olmasa teatrın o gözəlliyini heç kim görə bilməz.
Pandemiya dövründə demək olar ki, teatrlar iflic vəziyyətində idi. Təbii ki, bu proses bütün sahələrdə təzahür edirdi, lakin teatra daha çoz zərbə vurdu. Ona görə ki, böyük karantinlərin əsası teatr sahəsinə də şamil olundu. O dövrdə teatra dəyən zərbə heç bir zaman teatr bu qədər ağır zərbə almamışdı. Halbuki başqa ölkələrdə teatrlar qismən də olsa işləyirdi. Bizdə isə teatrlar bağlanıb, tam şəkildə iflic vəziyyətə düşmüşdü.
Bu gün teatrlar təbii ki, inkişaf edir.
Müəyyən mənada teatr sahəsindəki bəzi anlaşmazlıqlar aradan qaldırılmalıdır”.



Əməkdar artisti Münəvvər Əliyeva:
“Bu yaxınlarda “Qırmızı Oda” filmində işlədilən bir ifadə çox diqqətimi çəkdi. Kişi psixoloqun yanına gedir və ona sual verir. Deyir ki, “uşaq doğularkən ona həyat verən kim olur?”. Psixoloq isə “təbii ki, ana” deyir.
Ana nəfəs verir, həyatı isə ana verir.
Əslində bu çox düz bir ifadədir. Uşağın gələcəyinin necə olması və.s bunu ata ona nəsib edir.
Teatr isə mənim üçün həm ana, həm ata sayılır. Çünki mən ora ilə nəfəs alıram. Eyni zamanda həyatda yaşama gücüm, ancaq teatrdır. Bu gün teatr olmasaydı, mənim yaşamağa gücüm olmazdı. Mən bunu xüsusilə də pandemiya dövründə hiss etdim. Mən nəfəs alıram, amma sürünürəm, yaşamıram. Teatr bu gün mənim yeganə yaşamaq stimulumdur. Teatrsız bəli, nəfəs alıram, amma yaşamıram”.

Xalq artisti Cəfər Namiq Kamal:
“Teatr mənim həyatımdır. Həyatımın ən gözəl günləri teatr səhnələrində keçib. Pandemiya hamı kimi bizə də öz təsrini göstərdi. Çünki biz teatrsız çox darıxırdıq. Adi istirahət zamanlarında belə mən 1 həftədən artıq teatrsız qala bilmirdim. Buna görə karantin qaydaları, pandemiya hər kəs qədər bizə də öz mənfi təsirlərini göstərdi.
Amma teatr çətin orqanizmdir, ömür qısaldan sahədir. Amma buna baxmayaraq biz teatra olduqca bağlıyıq və həyatımızı artıq teatr olmadan təsəvvür edə bilmirik.
Bir aktyor kimi çətin, mürəkkəb rolların tapşırılmasını istərdim. Mən də üzərində çalışıb, o rolun öhdəsindən gəlim”.

Səbinə Hüseynli