Universitetlər paytaxtdan çıxarılır? - EKSPERT AYDINLIQ GƏTİRDİ

10 Mart 2022 14:53 (UTC+04:00)

“Düşünürəm ki, universitetlərin Bakıdan çıxarılması ilə bağlı qərarın verilməsi yaxşı olardı. Amma təəssüf ki, bu xeyli maliyyə tələb edir”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti İlqar Orucov bildirib.

Onun sözlərinə görə, bu baxımdan universitetlərin paytaxtdan kənara çıxarılması məsələsi hazırda gündəmdə deyil: “Təbii ki, bu proses şəhərdə sıxlığın azalmasına gətirib çıxarardı. Amma bütün hallarda hazırki dövrdə düşünmürəm ki, bu proses reallaşa bilər. Çünki Azərbaycan Qarabağda quruculuq işləri ilə məşğuldur. Orada həqiqətən bütün şəhər və rayonlarda yenidənqurma işləri həyata keçiriləcək. Bu baxımdan da dövlətin maliyyəsi bu istiqamətə yönəlib. Əlbəttə ki, bu proses gələcəkdə həyata keçirilməlidir.

Ümumiyyətlə universitetlərin şəhərdən kənarda olması ilə bağlı dünya təcrübəsi də mövcuddur. Bölgələrdə universitetlərin olması da təbii ki, şəhərdə olan sıxlığın azalması istiqamətində böyük əhəmiyyət kəsb edəcək. Universitet şəhərciklərinin salınması da mühüm amil olaraq dəyərləndirə bilər. Bu yaxında Gəncə şəhərində olduq. Gəncə universitetinin yaşı 80-dən çoxdur. Bu o deməkdir ki, həmin şəhərdə fərqli bir mədəniyyət tarixi mövcuddur. Eyni zamanda tələbələrin də bura gətirdiyi fərqli mədəniyyətlər var. Bu baxımdan düşünürəm ki, universitetlərin təkcə paytaxtda olması düzgün deyil. Universitetlər fərqli-fərqli şəhərlərdə olmalıdır. Bu baxımdan həmin şəhərlərə də yeni ruh gətiriləcəkdir.

İşğaldan azad olunmuş torpaqlarımızda universitetlərin fəaliyyət göstərməsi ilə bağlı plan mövcuddur. Düşünürəm ki, onlar qeyd etdiyim işlərin tərkib hissələrindən biridir. Bu da ona gətirib çıxaracaq ki, əslində tələbələr təhsil almaq üçün paytaxta deyil, regionlara da üz tutacaqlar. Təbii ki, regionlarda - Şəkidə, Qubada, Lənkəranda, Naxçıvanda universitetlərimiz var. Amma düşünürəm ki, bu istiqamətdə işləri artırmaq lazımdır”.

Səbinə Hüseynli