“İlk növbədə qeyd etməliyik ki, 5 və 6 mart tarixlərində keçirilən buraxılış imtahanları abituriyentlər üçün çətin bir vaxta təsadüf edib. Tədris prosesinin davam etməsi, abituriyentlərin hələ də proqramı bitirməməsi onların nəticələrinə öz təsiri göstərəcək”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı imtahana qədərki proses, imtahanın təşkili və test tapşırıqları olaraq üç mərhələ olduğunu deyə bilərik: “İmtahana qədərki proses və eyni zamanda imtahan vaxtı pandemiya səbəbi ilə şagirdlər üçün müəyyən çətinliklər yaratmışdır. Onlar orta məktəb bilikləri ilə deyil, hazırlıq kurslarından əldə etdikləri biliklərlə imtahanlarda iştirak ediblər. Amma repititor və kurslar da imtahanın apreldə olacağını proqnozlaşdırdığı üçün proqramı tamamilə başa vura bilməyiblər. Bu da şagirdlərin imtahan nəticələrində özünü göstərəcək”.
Kamran Əsədov sözlərinə belə davam edib: “İmtahanın təşkilində isə təəssüf ki, yenə də nəzarətçilər nəyinsə qarşılığında şagirdlərə kömək etməyə cəhd göstəriblər. Həmin şəxslər imtahan prosesindən kənarlaşdırılıb. Təbii ki, bu xoşagəlməz bir haldır. Belə hallar imtahan prosesinin tam olaraq təkmilləşmədiyini göstərir. İmtahandan sonra isə şagirdlər əsas olaraq riyaziyyat fənninin çətinliyindən şikayət ediblər. Ən əsası isə imtahan başlayan kimi şagirdlərə ingilis dili fənnindən dinləmə suallarının yönəldilməsi onları çətin vəziyyətə salıb. Hesab edirəm ki, dinləmə sualları imtahanın bitməsinə 30-40 dəqiqə qalmış tətbiq edilsə daha yaxşı olar. Çünki ilk olaraq bu tipli çətin suallarla qarşılaşmaq şagirdlər üçün gərginlik yaradır.
Ümumillikdə isə imtahan suallarının pandemiya dövrünə uyğun olaraq təşkil edildiyini demək mümkündür”.
Ayşən Vəli