Azərbaycan milli teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin, dünyagörüşü ilə bağlıdır. Azərbaycan xalq teatrı yarandığı zamandan realist özəllik daşımış, keşməkeşli illər yaşayaraq zamanın mühakiməsində təsdiqini tapmışdır. Azərbaycan teatrının ideyaca sağlam bir yöndə inkişaf etməsində, teatrda səhnə realizmi tələblərinin həyata keçirilməsində böyük xidmətləri olmuş sənətkarlar nəslinin formalaşması xalqın ictimai şüurunun yüksəlməsində müstəsna rola malik oldu.
Hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə ölkəmizdə "Milli Teatr Günü" təsis edilib. Sərəncama əsasən, milli mədəniyyətin inkişafında və ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında "Milli Teatr Günü" kimi qeyd edilməsi qərara alınıb. Qeyd edək ki, Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti və dünyagörüşü ilə bağlıdır. Mərasim, ayin və oyunlardakı tamaşa elementləri müstəqil xalq teatrının yaranmasında mühüm rol oynamışdır. Qədim tarixə malik "Sayaçı", "Novruz", "Gəvsəç" kimi mərasimlərdə xor, rəqs və dialoqla yanaşı, dramatik süjetə, hərəkətə, bəzən isə bədii surətə də rast gəlinir. "Novruz" mərasiminin mühüm epizodunu təşkil edən "Kosa-kosa" oyunu əsl teatr örnəyidir. Burada ardıcıl süjet, dramatik hərəkət, həmçinin, xüsusi paltar geyinən maska taxan aktyor vardır.
Bir neçə gün davam edən toy mərasimlərində ifa olunan "Xan-xan", "Mütriblərin rəqsi", "Gəlinlə qayınananın deyişməsi" və s. epizodlar, burada oyun və tamaşa ünsürlərinin müstəqil əhəmiyyət kəsb etdiyini göstərir. Azərbaycan professional teatrının təşəkkülündə xalq teatrı əhəmiyyətli rola malik olmuşdur. Azərbaycan teatrının tarixi M.F.Axundzadənin 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan "Sərgüzəşti-vəziri-xani Lənkəran" və "Hacı Qara" tamaşalarından başlanır. H.Zərdabinin təşəbbüsü, N.Vəzirov və Ə.Adıgözəlovun yaxından iştirakı ilə realni məktəbin şagirdləri tərəfindən göstərilən bu ilk həvəskar tamaşalar milli teatrın yaranması üçün qüdrətli təkan idi. M.F.Axundzadənin əsərlərindən ibarət tamaşaların səhnələşdirildiyi bəllidir. 1876-cı ildən M.F.Axundzadənin komediyaları Tiflisdə də oynanılmışdır.
XIX əsrin 70-80-cı illərində Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən teatr həvəskarları tədricən Bakıdakı teatr xadimləri ətrafında formalaşmağa başlayırlar. Ona görə də, Bakının teatr həyatı 80-ci illərin axırlarına doğru yenidən canlanır və burada, əsl mənada, müəyyən bir teatr kollektivinin yaranmasına səbəb olur. 1890-cı illərdən başlayaraq, N.Nərimanovun Azərbaycan teatrının ideyaca sağlam bir yöndə inkişaf etməsində, teatrda səhnə realizmi tələblərinin həyata keçirilməsində böyük xidməti olmuşdur.
1916-cı ildə C.Məmmədquluzadənin "Ölülər" komediyasının tamaşaya qoyulması Azərbaycan teatrının ideyaca yetkinləşdiyini göstərən bir olay idi. Bu tamaşa mövhumat və cəhalət, yalan və zülm dünyasına qarşı bir ittihamnamə kimi səslənərək, böyük uğur qazandı.
AZƏRBAYCAN TEATRININ İNTİBAH DÖVRÜ
1970-ci illərdə Azərbaycanda, bütün sahələrdə olduğu kimi, teatr sahəsində də intibah yarandı. Teatra, sənət adamlarına böyük qayğı və hörmətlə yanaşan, onlara, sözün əsl mənasında, hamilik edən Ulu Öndər Heydər Əliyevin səyi və köməyi nəticəsində, milli teatr sənətimiz vüsətli inkişaf yoluna düşdü.
1974-cü ildə Azərbaycan teatrının 100 illik yubileyi böyük təntənə ilə qeyd olundu. Azərbaycanın o vaxtkı MK-nın Birinci Katibi Heydər Əliyevin dərin məzmunlu məruzəsi dinlənildi. Yubiley münasibətilə "Gülüstan" Sarayındakı ziyafətdə də Ümummilli Lider Heydər Əliyev sənət, sənətkarlar və sənətkarlıq barədə məruzə ilə çıxış etdi. O vaxt neçə-neçə sənətçi təzə mənzillərlə təmin olundu, fəxri adlara layiq görüldü və mükafatlandırıldı. Həmin ildə təkcə Azərbaycan Dövlət Akademik Dram Teatrının üç görkəmli sənətkarı - M.Məmmədov, İ.Dağıstanlı və İ.Osmanlı - keçmiş SSRİ-də ən yüksək ad olan SSRİ xalq artisti adına layiq görüldülər. 1974-cü il 27 iyundan 10 iyula kimi teatr Moskvada qastrolda oldu. Lenin ordeni ilə təltif edildi. S.Vurğunun "İnsan", İ.Əfəndiyevin "Mahnı dağlarda qaldı", N.Poqodinin "Zamanın hökmü", F.Şillerin "Məkr və məhəbbət", V.Şekspirin "Fırtına", C.Məmmədquluzadənin "Ölülər" əsərlərinin tamaşalarını göstərdilər.
1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqillik əldə etdikdən sonra, 1993-cü ildən əhalinin sosial rifah halı və vətəndaş fəaliyyəti artdı. Azərbaycanın Akademik Milli Dram Teatrında Azərbaycan və qeyri-milli dramturqların klassik və müasir mövzuda bir sıra maraqlı əsərlərin tamaşası hazırlandı.
AZƏRBAYCAN TEATRI DÜNYA STANDARTLARINA CAVAB VERİR
Bu gün Ulu Öndər Heydər Əliyev ənənələrini ləyaqətlə davam etdirən Prezident İlham Əliyevin Sərəncamı ilə teatr binaları təmir və bərpa etdirilib, onların dünya teatr səhnəsinə uyğun olaraq, fəaliyyət göstərmələrinə hər cür şərait yaradılır. Teatrlarımız Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, təmir və bərpa etdirilir. Bu proses, ardıcıl olaraq davam etdirilir. Azərbaycan teatrı dünya standartlarına uyğun səviyyədə müasir avadanlıqlarla təchiz olunur. Prezidentin Sərəncamı əsasında, teatr xadimlərinə xüsusi mükafatlar, fəxri adlar verilir və həyat şəraitləri yüksəldilir. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə teatrların fəaliyyətinə dövlət qayğısını daha da artırmaq məqsədi ilə Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına "akademik" statusu verildi.
Bu gün Azərbaycan teatrı Milli Teatr Gününü qeyd edir. Xüsusi olaraq, qeyd edək ki, teatrın yüksəlməsində peşəkar aktyorların da rolu müstəsnadır. Azərbaycan teatrı dedikdə, ilk növbədə, bu ağır yükü çiynində daşıyan aktyorların siması göz önündə canlanır.
Bu qisimdə olan sənətkarlardan biri də Nəsibə Zeynalovadır. Elə aktrisanın anım günü Milli Teatrın yaranma gününə təsadüf edir. Azərbaycan teatr sahəsində çalışan sənətkarlar bayramı qeyd etməklə yanaşı, Azərbaycan teatr səhnəsinin böyük ustad sənətkarı olan Nəsibə xanımın xatirəsini də anırlar.
REALİST AKTYOR MƏKTƏBİNİN GÖRKƏMLİ AKTRİSASI
Azərbaycan teatrsevərləri arasında "Qaynana" kimi sevilən, Milli Musiqili Komediya Teatrının inkişafında müstəsna rol oynayan, qırx ildən çox işlədiyi sənət ocağının repertuar ağırlığını ləyaqətlə çiyinlərində daşıyan Nəsibə xanım Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb və şöhrətlənmişdir.
Yaradıcılığının mayası gülüş və musiqi ilə yoğrulmuş Nəsibə xanım orta məktəbdən rəqqasəlik etmiş, milli oyun havalarının mürəkkəb və lirik incəliklərinə yiyələnmişdi. Gənc aktrisa yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasında birinci dərəcəli aktrisa kimi fəaliyyətə başlamışdır. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb. Aleksandr Tuqanovdan, Məhərrəm Haşımovdan, Ağasadıq Gəraybəylidən dərs alan tələbə Nəsibə Zeynalova texnikumda oxuyarkən Katarina, Elvira, Yelizaveta kimi rollarını oynayıb.
Aktrisa sənət ocağının müəyyən fasilələrlə truppa, filarmoniyanın nəzdində dəstə-ansambl şəklində fəaliyyət göstərdiyi illərdə də kollektivdən ayrılmayıb. Nəsibə xanım milli klassik operettalarımızın tamaşalarında Gülpəri, Cahan xala, Sənəm, Mələk xanım və Kələk xanım kimi xarakterik səhnə obrazlarında çıxış edib. Aktrisanın zəngin rollar qalereyasında tərcümə əsərlərində ifa etdiyi Kabato və Barbale, Ziraldina, Zivər xanım, Alma, Qesiya rollarının xüsusi yeri var. Nəsibə Zeynalovanın yaradıcılığının ən parlaq dövrü isə çağdaş bəstəkarların müasir mövzusu musiqili komediya əsərlərinin tamaşalarındakı bir-birindən fərqlənən komik personajların ifası ilə bağlıdır. Aktrisa Xanpəri, Nargilə, Şərəf, Məsmə, Züleyxa, Tükəz, Şölə xanım, Xeyransa, Güləndam, Qəmər və başqa rollarının əvəzsiz ifaçısı sayılır. Xüsusilə, Cənnət xala, Nargilə, Züleyxa obrazları zəngin ifadə vasitələri, yumorun milliliyi, təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasında durur. Azərbaycan Televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda çıxış etmiş Nəsibə Zeynalova, həmçinin, "Azərbaycanfilm"in çoxlu ekran əsərlərinə çəkilib. Kino obrazları içərisində Fatmanisə, Telli, Züleyxa, Cənnət xala, Gülsüm, Əsli xala rolları daha canlı və daha şöhrətlidir. Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə, Nəsibə xanım xalq artisti fəxri adına layiq görülüb. "Hicran" musiqili komediyasındakı Qızbacı roluna görə Azərbaycan Dövlət Mükafatı Laureatıdır. 1974-cü ildə Rauf Kazımovski onun yaradıcılığı barədə "Aktrisanın təbəssümü" televiziya filmini çəkib.
Rəqs, mahnı və hərəkətlərdən eyni epizodda, hətta eyni məqamda yüksək peşəkarlıqla istifadə edib. Nəsibə xanım Azərbaycan teatr səhnəsində möhürünü vurdu. Nəsillərə örnək ola biləcək sənət məktəbini yaratdı.
Azərbaycan teatrının uğurları hələ qarşıdadır. İnanırıq ki, bu gün yaranmasının 149-cu ildönümünü qeyd edən Azərbaycan teatrı qarşıdakı illərdə bir-birindən maraqlı səhnə əsərləri ilə daha böyük uğurlara imza atacaq.
Zümrüd BAYRAMOVA