Üçüncü dünya müharibəsi ola bilərmi? KÖŞƏ

9 Mart 2022 15:48 (UTC+04:00)

Düz on beş gündür dünyanın bir nömrəli problemi olan Rusiya-Ukrayna savaşı mətbuatı, sosial şəbəkələri, efirləri zəbt edib. Təbii ki, belə də olmalıdır. Çünki bu savaşın nəticəsi dünyanın yeni düzəninin formalaşmasında tarixi bir hadisə olacaq. Mənə tez-tez bu haqda yazmamağıma görə suallar verənlər də var. Onları da anlayıram. Belə bir ümumbəşəri hadisəyə seyrçi qalmaq nəinki yazı adamına, ən sıravi insana da yaraşmır. Amma mən bütün qınaqlara rəğmən susdum. Susdum, ona görə ki, istədim bilim görüm bizim özünü “siyasətçi”, yaxud “blogger”, və yaxud ekspert adlandıran bəzi-bəzi söz sahiblərimiz bu hadisələrə hansı aspektdən yanaşacaqlar? Həm də bu yanaşma nə dərəcədə reallıqla ayaqlaşacaq! Dünəndən Rusiya tərəfinin atəşkəs elan etməsi bu qanlı tarixi olayda bir az fasilə yaratdığına görə, düşündüm ki, bu on beş günün yekunlarına mən də öz fikirlərimi bildirim. Bilmirəm, ağlım bir şey qaynada biləcək, bilməyəcək, amma mən də öz qandıqlarımdan beş-on kəlmə deməyə içimdə bir ehtiyac duydum. Bu on beş gündə hər kəs kimi məni də narahat edən hərbi əməliyyatların genişlənməsi, insanların, ən çox da gənclərin ambissiyalara qurban getməsidir. Bu, öz yerində. Amma bir türk əsilli Azərbaycan vətəndaşı olaraq bu qanlı savaşda həm Türkiyənin, həm də Azərbaycanın siyasi rəhbərliyinin nə qədər uzaqgörən, nə qədər təmkinli, həm də təmsil etdikləri dövlətlərin çıxarları baxımından nə qədər məsuliyyətli mövqe sərgiləmələri, səmimi deyirəm ki, məni içimdən qürurlandırdı. Bəzi ölkələr kimi, birmənalı bir tərəfi günahkar elan edib, ona qarşı hücumılara qoşulmamaqla, digər tərəfi bu savaşda tamamən günahsız kimi qəbul edib, onun mövqeyini birmənalı olaraq müdafiə etməməklə hər iki qardaş ölkənin siyasi rəhbərliyi, gerçək mənada müdrik siyasi dəst-xətt ortaya qoydular. Kimsə bu savaşın necə yekunlaşacağını proqnozlaşdıra bilməz. Baxmayaraq ki, belə proqnozlarla özlərini dünyanın gözünə dürtməyə çalışanlar çoxdur. Amma bu bir həqiqətdir ki, tarixin gedişatını dəyişəcək bu savaşın hər iki tərəfi – həm Rusiya, həm də ABŞ və Avropa İttifaqı birliyi kifayət qədər güçlü, onun qədər də ambitsiyalı tərəflərdir. Üçüncü dünya müharibəsindən danışıb, insanları qorxu altında saxlamağa cəhd edən hər iki tərəfin bu savaşın olmayacağını gözəl bildiklərinə də qətiyyən şübhəm yoxdur. Ona görə yox ki, bu qütbləşmənin hər iki tərəfi dünyanın taleyini düşünürlər, ona görə ki, özlərini çox istəyirlər və yaxşı bilirlər ki, üçüncü dünya müharibəsi onların da həyatlarının sonu olacaq. Hələ 1977-ci ildə BMT-nin xüsusi komissiyasının araşdırmaları nəticəsində aydın olmuşdu ki, o dövrdə NATO üzvlərində və Varşava Müqaviləsi Təşkilatı üzvlərində (Əslində SSRİ-də) mövcud olan nüvə başlıqlarının üçdə birindən istifadə olunarsa, Yer kürəsi oxundan çıxar! İndi hesablayaq, NATO üzvləri və SSRİ-dən başqa digər ölkələr də daxil olmaqla 1977-ci ildən bəri nə qədər nüvə başlığı hazırlanıb! Bu hesabla indiki dünyada mövcud olan nüvə başlıqlarının onda birindən, bəlkə də on beşdə, iyirmədə birindən istifadə olunarsa, nə baş verəcəyini düşünmək belə dəhşətdir. İndi bizim kimi sadə adamların bildiyi bu gerçəkliyi dünyanı idarə edənlər bilmirlərmi? Deməli, üçüncü dünya müharibəsinin olması real deyil və belə mesajlar da, sadəcə bir-birini qorxutmağa hesablanıb. Belə olan təqdirdə, hər iki qütbün bir-birinə xırda-para hücumlar edərək, bir-birini qorxutmasının, sadəcə bir mənası var: özünü dünyada daha güçlü göstərmək və dünyanın xırda xalqlarını təsiri altında saxlamaq! Bu istəyini həyata keçirmək üçün həm ABŞ və Avropa İttifaqının, həm də Rusiyanın nədən məhz Ukraynanı seçmələri isə çox dərin, həm də çox geniş yazının mövzusudur ki, bu kiçik köşə yazısında ona imkan yixdur. Sonda. Bizim bəzi özünü siyasətçi hesab edən siyasətbazlarımız da, onların toxuduqları (əslində toxumaq istədikləri, amma toxuya bilmədikləri) ələklərin “qıl”ını verənlər də, heç olmazsa bu qədər ciddi dünyəvi məsələdə şəxsi ambitsiyalarından çıxış etməklə, az müddət sonra utanmalı olacaqlarını düşünüb, daha ağıllı çıxışlar etsinlər, ya da heç danışmasınlar. Bu günümüzün reallığı Azərbaycan və Türkiyənin siyasi rəhbərliyinin tutduğu mövqenin daha doğru olduğunu diktə edir. Bu mövqe həm Azərbaycanın, həm Türkiyənin, həm də ümumən türk dünyasının maraqlarına ən uyğun mövqedir. İndi bunu anlamayanlar çox keçməyəcək ki, anlayacaqlar. Amma gərək elə edəsən ki, gerçəyi anlayanda danışmağa üzün olsun… İndilikdə bu qədər!

Təhmasib Novruzov