Forumda ölkəmizin həqiqətlərini dünya birliyinə çatdıracaqlar - MÜNASİBƏT BİLDİRİLDİ

9 Mart 2022 14:57 (UTC+04:00)

“Antalya Diplomatik Forumu öz əhəmiyyətinə görə çox yüksək forumdur və forumda müzakirə olunan məsələlər dünyanın gərgin vaxtında bir çox qaranlıqlara işıq sala biləcək, bir çox problemlərin həlli yollarını tapmağa kömək olacaqdır”. Bu fikirləri Milli Məclisin deputatı Musa Quliyev bildirib.

Onun sözlərinə görə, bu forum Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyası və Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə keçirilən üçüncü diplomatik forumdur və getdikcə də bu foruma dünya ölkələrinin marağı artır: "Azərbaycan əvvəlki forumlarda da uğurla iştirak edib və bu forumda da yüksək rəsmi heyətlə iştirak edəcək. Forumda müzakirə olunan məsələlərin bir çoxu Azərbaycanın maraq dairəsində olan məsələlərdir. Azərbaycan həqiqətlərini, bölgədə gedən prosesləri dünya ictimaiyyətinə çatdırmaq, Azərbaycanın haqq işini dünya birliyinə çatdırmaq üçün çox gərəkli bir platforma olacaqdır.

44 günlük Vətən müharibəsindən sonrakı dövrdə bölgədə sülhün təmin olunması üçün aparılan davamlı danışıqlar üçtərəfli bəyannamələrin həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Amma təəssüf olsun ki, erməni tərəfi öhdəsinə düşən vəzifələrin yerinə yetirilməsində müəyyən əngəllər törədir. Kommunikasiyaların açılması, Zəngəzur dəhlizinin açılması, sərhədlərin delimitasiyası və demarkasiyası məsələsi, Böyük Sülhün əldə olunması üçün irəli addımların atılması məsələsi də bu forumda müzakirə oluna bilər. Eyni zamanda qarşıya qoyulan bir çox məsələlər, xüsusilə də terrorizmlə mübarizə, sülh və rifaha uzanan yol, enerji təhlükəsizliyi məsələləri, müdafiə sənayesinin gələcəyi, Cənubi Qafqaza uzanan körpü və digərləri kimi mövzular birbaşa Azərbaycanın maraq dairəsində olan mövzulardır və Azərbaycan nümayəndə heyəti bu mövzular ətrafında fəal iştirak edəcəklər. Ölkəmizin həqiqətlərini dünya birliyinə çatdıracaqlar. Həmçinin forumun əhəmiyyəti ondan ibarətdir ki, Rusiya ilə Ukrayna arasındakı hərbi münaqişə getdikcə dərinləşir və bu münaqişənin dipomatik və siyasi yolla həlli üçün hər iki dövlətin xarici işlər nazirlərinin görüşü baş tutacaq.

Foruma diqqət olduqca böyükdür. Bu forumdan gözləntilərimiz çoxdur. Qeyd edək ki, foruma ildən-ilə digər ölkələrin yüksək səviyyəli nümayəndələri qatılır. Keçən il baş tutan forumda 11 dövlət və hökumət rəhbəri, 45 nazir iştirak edirdisə builki forumda 15 dövlət və hökumət rəhbəri, 67 nazir iştirak edəcək. Bu da forumun nə qədər əhəmiyyətli olduğunu göstərir. Son illərdə qardaş Türkiyənin və Azərbaycanın dünyada gedən proseslərdə olduqca fəal və ədalətli mövqeyi bizləri sevindirir. Onu göstərir ki, bu ölkələr dünya ölkələri sırasında öz sözlərini demiş və nüfuzlu dövlətlərə çevrilmişdir”.