RSK-nın Qarabağdakı fəaliyyətində və Rusiya Müdafiə Nazirliyinin Azərbaycanla bağlı rəsmi informasiyalarında ölçülərin götürülməsi birmənalı şərtə çevrilir!
Son vaxtlar Qarabağda gərginlik artmaqda davam edir. Mövqelərimizin mütəmadi şəkildə atəşə tutulması isə artıq adət halını alıb. Maraqlıdır ki, əsas hədəf olaraq Ağdam istiqaməti hədəfə alınır ki, burada separatçı-quldurları və qanunsuz erməni silahlıları işğaldan azad edilmiş ərazilərimizdə aparılan sürətli bərpa prosesini gecikdirməyə, maneələr törətməyə, eləcə də Azərbaycan Silahlı Qüvvələrini gərginlikdə saxlamağa cəhdlər edirlər.

Eyni zamanda, digər istiqamətlərdə də bənzər təxribatçı insidentlər müşahidə olunur. Bütün bunlar isə bilavasitə Rusiya sülhməramlı kontingentinin məsul olduqları Qarabağ ərazilərində baş verir, bu baxımdan, digər sual yaranır ki, 44 günlük müharibədən sonra qaçarkən Kəlbəcərdə və s. azad edilmiş ərazilərimizdə hətta unitazlarını belə özləri ilə daşıyan erməni quldur dəstələrinə həmin cürət haradan qaynaqlanır?
Rus generalı artıq fəaliyyəti ilə sübuta yetirib ki, onun mövqeyi heç də neytral deyil – faktlar nəyi göstərir?
Artıq məlum olub ki, quldur çetelərinin sözügedən əməllərinə imkan yaradan himayəçiləri var və bu şəxs Rusiya sülhməramlıları kontingentinin komandanı, general-mayor Andrey Volkovdur. Özündən əvvəlki xələfləri – Muradovun və Anaşkinin Azərbaycan tərəfi ilə pis-yaxşı normal münasibətlər qurmalarından kifayət qədər fərqlənən, get-gedə açıq-aşkar erməni separatçılarının maraqlarına işlədiyini nümayiş etdirən, silahlı insidentlərə rəvac verən bu rus generalı artıq fəaliyyəti ilə sübuta yetirib ki, onun mövqeyi heç də neytral deyil. Lakin sən demə, bunun da özəl səbəbləri varmış...

Məlum olub ki, Volkovun Qarabağda şəxsi biznes maraqları yaranıb və o, RSK-nın müvəqqəti yerləşdiyi ərazilərdə öz üzərinə düşən vəzifəsini yerinə yetirməsi yerinə qanunsuz sahibkarlıqla, bizneslə məşğul olur. Hətta onun Azərbaycanın Pirlər kəndində üzüm bağlarının olduğu haqqında da informasiyalar mövcuddur. Üstəlik, adıçəkilən rus generalının digər cinayət əməlləri də üzə çıxıb. İnformasiyalar var ki, Volkov separatçılara kontrabanda xidməti göstərir – gizli silahların keçirilməsindən tutmuş digər cinayətkarlıq əməllərinə qədər. Təbii ki, o öz pul-para hərisliyini havayı həyata keçirmir və Xankəndidəki separat tör-töküntülərinin generala üzüm bağlarını hədiyyə etmələri də əbəs yerə deyil. Amma Volkovun neytrallıqdan çıxaraq vəzifə səlahiyyətlərini aşmasına, daha dəqiq desək, azərbaycanlılara qarşı kin bəsləməsinə daha bir səbəb varmış. Vokov Qarabağı "Artsax" adlandırır və ayrıca ərazi vahidi kimi təqdim edir. Bu haqda da mövcud olan informasiyalar diqqətçəkicidir. Linkə bax:
https://www.youtube.com/watch?v=syZUVJFhsuM
Erməni diversantları da məhz Volkova arxayın olaraq öz terror məqsədlərini həyata keçirməyi planlaşdırırlar
Belə ki, 44 günlük müharibə başa çatdıqdan, Ermənistan tərəfinin kapitulyasiyasını rəsmi şəkildə təsdiq edən üçtərəfli bəyanat imzalandıqdan sonra azad edilmiş bölgələrimizə erməni diversiya qruplarının sızması xəbərini bir çoxları eşidib və oxuyub. Bu haqda sosial şəbəkələrdə də kifayət qədər məlumatlar da verilib. Daha dəqiq desək, 2020-ci ilin dekabrında Azərbaycan xüsusi təyinatlılarının Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndlərində xüsusi antiterror əməliyyatlarını həyata keçirməklə erməni diversiya qruplarını məhv etməsi, sağ qalanları isə törətdikləri cinayət əməllərinə görə saxlaması faktı bəlli olduqdan sonra insidentin yaşandığı yerə tələm-tələsik şəkildə məhz Volkov getmişdi.

O, həmin zamanlar RSK komandanının müavini vəzifəsini icra edirdi. Həmçinin, erməni diversantları da məhz Volkova arxayın olaraq öz terror məqsədlərini həyata keçirməyi planlaşdırırdılar. Ancaq ermənilərin planları istədikləri kimi getmədikdə, Volkov təzyiq göstərməyə cəhd edərək erməni quldurlarını xilas etməyə çalışmışdı, hətta ZTR-lə hadisə yerinə qədər gəlib-çıxmışdı.
Fəqət, onun ciddi-cəhdlərinə baxmayaraq Azərbaycan tərəfi çox uzatmadan generalı lazımi yerə geri göndərərək ölkəmizin işinə burnunu soxmamağı tövsiyə etmişdilər. Məhz onun dekabr rüsvayçılığından sonra, görünür, azərbaycanlılara qarşı xüsusi psixoloji kompleksləri yaranmağa başladı. Amma Volkovun komplekslərinin necə və hansı istiqamətdə inkişaf etməsinə baxmayaraq onun cəhdləri bundan sonra da istədiyi nəticəni verməyəcək!
RSK-nın mövcud komandanı öz fəaliyyəti ilə aqressiv separatçılığın artmasına şərait yaradır
Beləliklə, Volkov sülhməramlı missionerindən Qarabağdakı qanunsuz biznesmenə və quldur dəstələrinin xaç atasına çevrilib. Ona görə də əbəs deyil ki, Azərbaycan tərəfi onun adekvat və neytral fiqurla dəyişdirilməsini israrla tələb edir. Yəni fakt budur ki, RSK-nın mövcud komandanı öz fəaliyyəti ilə aqressiv separatçılığın artmasına şərait yaradır. Bu baxımdan, əgər o dəyişdirilməsə belə, artıq Azərbaycan tərəfi öz tədbirlərini görür və belə davam edəcəyi halda separatçılara layiq olduqları dərslərini də verir, bundan sonra da verəcək. Separatçılar nə qədər azğınlaşırsa, RSK-nın Volkov tipli generalı, eləcə də digər zabitləri vəzifə səlahiyyətlərini aşırlarsa, neytrallıqdan çıxırlarsa, onda Azərbaycan Silahlı Qüvvələrinin dərhal antiterror əməliyyatları keçirməklə yerdə qalan ərazilərimizi də murdar separatçı tör-töküntülərindən təmizləməsi prosesinə kimsə əngəllər törədə bilməz.

Və biz br neçə gün əvvəl məhz Volkovun təlimatı ilə Xankəndiyə gedən qaz kəmərinə qarşı diversiyanın həyata keçirilməsi ehtimalının fakta çevrilməsini, bu təxribatın dərhal Azərbaycan tərəfinin üzərinə yıxması cəhdlərini demirik..! Əbəs deyil ki, erməni tərəfi dərhal bu məsələdə Azərbaycanı ittiham edir, guya vəziyyəti gərginləşdirdiyini iddia edirlər. Əlbəttə ki, bu kimi sərsəm iddialar boş havadan başqa bir şey deyil.
Yeri gəlmişkən, etiraf etməliyik ki, RSK-nın ümumilikdəki 1 il 4 aya yaxın dövr ərzindəki fəaliyyətləri, yaxud fəaliyyətsizlikləri Azərbaycanın ictimai rəyində müəyyən qıcıqlar yaradır. Onların zaman-zaman ərazilərimizdə hərbi təlimlər keçirmələri (maraqlıdır, özlərini kimlərdən müdafiə etməyə hazırlaşırlar?), son vaxtlara qədər təhkim olunduqları Laçın dəhlizi vasitəsi ilə Ermənistandan Qarabağ regionuna istər xarici şəxslərin, istərsə də erməni hökuməti üzvlərinin qanunsuz keçidləri və s. məsələlər də buraya daxildir.
Bu gün Xankəndidə qanunsuz erməni silahlı birləşmələrinin səngər qazmaları, hərbi məqsədli istehkamlar qurmaları, üstəlik, RSK-nın nəzarəti altındakı bölgələrdən Azərbaycan Silahlı Qüvvələrinə atəşa açmaları da danılmaz faktlar sırasındadır.
Azərbaycanla müttəfiqlik bəyannaməsi imzalayan, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən bir ölkənin Müdafiə Nazirliyinin ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə qarşı şübhəli münasibət göstərməsi həm hiddət yaradır, həm də çoxsaylı suallar doğurur!
Daha bir qıcıq yaradan fakt Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında Azərbaycan dövlətinin maraqlarına zidd informasiyaların verilməsidir. Buraya “sülhməramlıların fəaliyyəti” ilə bağlı qəribə və çoxsaylı suallar yaradan xəritələrini, separatçıların təxribatları haqqında gündəlik bülletenlərində məlumatların verilməməsini, yalnız erməni mənbələrindən alınan informasiyaları işıqlandırmasını da əlavə etmək olar.

Bu yaxınlarda isə Rusiya MN-nin rəsmi saytında bir az da irəliyə gedilərək daha geniş təxribatçı əmələ yol verilib. Guya Ukraynaya “göndərilən” himanitar yardımla bağlı yayılan məlumatda Suriya ilə yanaşı, Azərbaycanın Qarabağ iqtisadi regionu mövcud olmayan “Dağlıq Qarabağ”la əvəzlənərək, ayrıca ərazi vahidi kimi göstərilib (???!!!). Azərbaycanla müttəfiqlik bəyannaməsi imzalayan, bəyannamədə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən bir ölkənin Müdafiə Nazirliyinin məhz Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qarşı şübhəli münasibət göstərməsi həm hiddət yaradır, həm də çoxsaylı suallar doğurur.

Təbii ki, Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən Rusiyanın Müdafiə Nazirliyinə sərt reaksiya göstərildi və həmin reaksiya vasitəsi ilə rusiyalı həmkarlarına haqlı iradlar irəli sürüldü, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı belə münasibətlərin nümayiş olunmasına son qoyulması tələbi irəli sürüldü. Əks halda, belə münasibətlərin regionun sabitliyinə əngəllər yaradıldığı xüsusilə vurğulandı. İndi nəticəni də məhz Rusiya tərəfi çıxarmalıdır!
Azərbaycanın səbri çox böyükdür, amma sonsuz da deyil!
Rövşən RƏSULOV