Ruslar artıq rekordu qırıblar

8 Mart 2022 05:19 (UTC+04:00)

Bu gün Rusiya dünya rekordunu qıraraq ən çox sanksiya tətbiq edilən ölkəyə çevrilib.

“RİA Novosti”-yə istinad edən SİA xəbər verir ki, bunu “Castellum.AI” xidməti öz məlumatlarında göstərib.

Ümumilikdə, rus saytının yazdığına görə, martın 7-nə olan məlumata görə, 2014-cü ildən bəri Rusiyaya qarşı 5532 sanksiya tətbiq edilib. Beləliklə, bu ölkəyə qarçı qoyulan məhdudiyyətlərin sayına görə, o İran, Suriya və Şimali Koreyadan “yan keçib”.

Maraqlıdır ki, Rusiyaya qarşı ən çox sanksiyaları ABŞ tətbiq edib – 1194 sanksiya. Sonrakı yerləri isə Kanada (908), İsveçrə (824), Aİ (766) və Fransa (760) tuturlar.

O da qeyd olunur ki, məhdudiyyətlərin əhəmiyyətli hissəsi fərdi xarakter daşıyır.

Yeri gəlmişkən bildirək ki, bir müddət bundan əvvəl Fransanın iqtisadiyyat naziri Bruno Le Maire Avropanın Rusiyaya qarşı əlavə yeni sanksiyaları nəzərdən keçirdiyini, lakin hələlik onları gizli saxladığını bildirmişdi. Onun sözlərinə görə, məhdudiyyətlər martın 10 və 11-də Aİ liderlərinin Versalda keçiriləcək görüşündə müzakirə olunacaq.

Əli Babayev