Rusiyada Dubaya uçuş üçün yarım milyon rubl istəyirlər

6 Mart 2022 07:07 (UTC+04:00)

..Necə deyərlər, əla şans yaranıb...yararlanmaq lazımdır. Budur, SİA Rusiya saytına istinad edərək Rusiya aviaşirkətlərindən birinin birtərəfli Moskva-Dubay biletini 424 418 rubl qiymətinə satışa çıxardığını bildirir. Qeyd edək ki, belə gözəl xəbərə rusların “MK” nəşri də öz səhifəsində yer ayırıb. Nəşrin məlumatına görə, digər yerli aşağı büdcəli aviaşirkət martın 5-nə Rusiya paytaxtından İstanbula baqajsız adambaşına bir tərəfli biletin qiymətini 121 210 rubla elan edib ki, bu da bir həftəlik turdan da baha başa gəlir.

Bu gün daxili turizm sənayesinin rəsmi nümayəndələri təsdiq edirlər ki, ruslar üçün əlçatan olan kurortlarda tətil qiymətləri artıq artıb və artmaqda davam edəcək.

Yeri gəlmişkən Tur Operatorlar Assosiasiyası vurğulayır ki, daha nə Türkiyə, nə də Misirə endirimli qiymətlərlə “yanan” turlar olmayacaq. Belə ki, əvvəllər Türk kurortuna bir həftəlik paket turun qiyməti 70 min rubla satılırdısa, indi bu qiymətlər 120 min rubldan başlayır.

Rus nəşr turizm sənayesi ekspertlərinin sözlərindən sitat gətirir. Belə ki onun sözlərinə görə,bu gün Rusiyada orta hesabla Türkiyə üçün bir həftəlik istirahət qiyməti 80, Misir üçün isə 65 faiz bahalaşıb. Ekspertin sözlərinə görə,.. təəssüf ki, bu hələ son hədd kimi də qəbul edilməməlidir.

Əli Babayev