Zərif cinsin oxuması israrla məsləhət görülmür
Mart ayı “Dərviş Məstəli şah”ın sözü olmasın Qoç bürcünün altında vaqe olubdur, ol səbəbdən də bizim xalqın ən böyük bayram ayıdır. 8 Martın şəksiz liderliyinə əngəl törədən Novruz bayramının da bu aya təsadüf etməsinə baxmayaraq, qadınlar üşün martın 8-i tarixinın xüsusi əhəmiyyəti danılmazdır. Çünki 8 mart həm də kişilərin xanımları ad günündən başqa ildə daha bir dəfə “yada salması”na səbəb olur.
Sentimental əhvalda olan romantik xanımların dediyinə görə, ən çox sevdikləri hədiyyə güldür. Rasional təfəkkürə malik olan realist xanımlar isə işə yarayacaq bir hədiyyə gözləyirlər. Elə deyil deyib keçməyin.
Təsəvvür edək ki, uşağınız müəlliminə bir dəstə gül hədiyyə aparıb. O anda müəllimin gül camalına baxmaq kifayətdir ki, nə qədər böyük səhvə yol verildiyini anlayasan. İnanın ki, o gül dəstəsini alıb adamın başında turp əkər.
İldə cəmi 5-6 gün var ki, imkanlı valideynləri mağazada, imkansızların isə uşaqlarını dərsdə “tərlətmək” şansı yaranır, indi o günlərin ən əsasında bir dəstə kimyəvi ot-ələfi alıb neyləyəcək? Uşaq ona deyərəm ki, müəlliminə qızıl zinət əşyası hədiyyə edə, ya da məsələn, netbukdan, smartfondan zaddan “podarkə” edə. İndi XXI əsrdir axı...
Oğul ona deyərəm ki, sinif yoldaşı olan qızlara “kitayski” “fransız” kosmetikası ala, yoxsa Sovet dövründəki kimi kitab hədiyyə etmək kimi gülünc bir işə qol qoyan oğlanı necə bağışlamaq olar?!
Ya da tutaq ki, Allah eləməmiş, pulla “prava” almiş bir eşşəkotaran sizi sakitcə səkiylə getdiyiniz vaxt küçədə at kimi səyirtdiyi bahalı maşınla vurub xəstəxanaya göndərib. Ailə üzvləriniz sizi ziyarətə gəliblər.
Çoxsaylı “doxtur”, “medsestra”, “sanitarka” ordusuna, xəstəxanada verilməsi məcburi olan dərmanların siyahısı asılmasına baxmayaraq apteklərə tökdükləri pullardan başqa ciblərində bir şey qalıbsa, əsas həkimə “podarka” adı ilə bir buket gül alıblar!
Dəhşət! Bu cinayətə heç cür haqq qazandırmaq olmaz! Qərdeşimsön, bura məgər Rusiyadır yainki Fransadır ki, həkimə 1 ədəd gül alasan, o da “otkaz” eləyə ki, bəs mən hələ vicdanımı itirməmişəm ki, öz vəzifəmi yerinə yetirdiyimə görə pul, ya da hədiyyə götürüm. Bizdə həkimə əməlli bir “podarka” almasan, əlini xəstəndən üz...
Elə bilməyin ki, mən gül hədiyyə edilməsinin tərəfdarıyam. Gülü yalnız kənddə yaşayan biri çöldən öz əli yığıb gətiribsə, qəbul etmək olar. Amma böyük şəhərlərdə televizor qiymətinə satılan, üzərinə kimyəvi ətirlər çilənmiş transgen güllər kimə və nəyə lazımdır kı?
Dunyada 1 milyard adam acdır, milyonlarla uşaq acından ölür. Bu süni güllərin “zanit” etdiyi hər 1 sot torpaqda 1 məsum uşağı acından ölməkdən xilas edəcək qədər ərzaq becərmək olardı...
Təbiət özü lazım bildiyi qədər gül yetişdirir, kim istəsə bir zəhmət gedib çöllərdən öz əlləri ilə istədiyi qədər yığa bilər. Əsil gül hədiyyəsi budur. Yoxsa nə ətri, nə təbiiliyi olamayan süni ot ələfin nə mənası var?
Bundansa gül kələmi hədiyyə etmək daha xeyirlidir. Həm güldür, həm qida. Üstəlik, soyuqda bürüşən kələmsatan qadına da xeyir vermiş və bayramını təbrik etmiş olarsan.
8 martda xanımlara kitab hədiyyə edilməsini təklif edirəm. Beləliklə artıq unudulmuş və çox faydalı bir şey olan kitab oxumağı insanların yadına sala bilərik. Həm pulunuz lazımsız şeyə yox faydalı şeyə xərclənmiş olar, həm də qadınlar bu hədiyyədən fayda əldə etmiş olarlar. Yəni, əsas hədiyyə kitab olmalıdır, lakin əgər istəsəniz bunun yanında digər hədiyyələr vermənizdə heç bir nöqsan yoxdur.
Xanımlara kitab almağı unutmayın!