Axı deyəsən, həqiqətən də, Azərbaycan jurnalistinin daşı yaman ağırıymış. Çünki son vaxtlar kimlərəsə əməlli-başlı diskomfortluqlar yaradır Azərbaycan jurnalistinin həmin o ağır daşı. Hətta belə desək, bizim - yəni, özüm də daxil olmaqla bir çox həmkarlarımın qələmlərindən və ya klaviaturaları arasından sıçrayıb-çıxan daş ölkədaxili hüdudlardan da kənara uçur, beynəlxalq səviyyəyə qədər gedib-çatır.
Bir ara bəzi milli deputatlarımız (adları zatən bəllidir) “çestlərinə” dəyən hansısa jurnalist münasibəti görürdüsə, dərhal hədəfə bütün ölkə jurnalistikası alınırdı. Gah biri bu boyda qələm ordusuna, eləcə də dördüncü hakimiyyətə qarşı savaş açır, gah da o biri hansısa əməlinə görə ifşa olunarkən, yəni özünü təmizə çıxarmaqdan ötrü ifadələri tükənər-tükənməz, söz qıtlığına düşən kimi dişinin dibindən çıxan təhqirlərini şappılladır düz jurnalistin üzünə! Özü də bunu edənlərin hər biri yaşlı-başlı, qalstuklu-odekalonlu, ciblərində də toxunulmazlıq kağızları olan adamlardırlar, yaxud müəyyən çevrələrdə adam hesab edilib adamlar sırasına qatızdırılanlardırlar. Bu araya daha bir fikrimi də sığışdırım ki, münasibət heç də bütün hörmətli millət vəkillərimizə aid deyil, sadəcə, həmkarlarımı təhqirlərə məruz qoyanlaradır. Nə isə, açmayım köhnə sandığı və tökməyim tiftiklənmiş pambığı, keçim əlqərəzə, yəni mövzuya.
Beləliklə, Rusiya-Ukrayna münaqişəsi başlayar-başlamaz Azərbaycan cəmiyyəti öz azad düşncəsi və gəldiyi nəticələrindən çıxardığı şəxsi qənaətlərinə görə tərəflərdən birini, yaxud digərini tutudu və şəxsi düşüncəmə görə, bu məsələdə kimsə digərinə qarşı ittihamla çıxış etməməlidir. Yəni biri Rusiyanın mövqeyini haqlı sayırsa, həmin adam Ukraynanın mövqeyini haqlı sayana zorla, güclə, daha nə bilim, hansısa vasitə ilə təzyiq və ya təsir göstərməməlidir. Adamların öz fikirləri var və qoy yenə də öz fikirlərində qalsınlar, çünki cəmiyyətdə yaranan fikir ayrılıqlarının mübahisə predmetinə keçməsi həmin cəmiyyəti parçalayır. Bu isə, xüsusilə bizim cəmiyyətimiz üçün heç də xoş bir məsələ deyil. 44 günlük müharibə cəmiyyətimizi elə bir vahid hala gətirdi ki, artıq həmin vahidlik digər xalqlara örnək, nümunə kimi göstərilməkdədir.
İndi, Azərbaycan jurnalistlərinin də əksəriyyəti Rusiyanın Ukraynaya hərbi müdaxiləsini tənqid edən yazılarla çıxış etdilər, sosial şəbəkələrdəki mövqelərini sərgilədilər, informasiyalara edilən istinadlarının da əksəriyyəti Ukrayna KİV-lərinə məxsus idi, bu gü də həmin proses gedir. Ancaq Rusiya KİV-lərinə də istinadlar var. Amma biz nə gördük? Bir də gördük ki, Rusiyadan olan politoloq Oleq Kuznetsov 44 günlük Qarabağ müharibəsində Azərbaycanın haqlı, ədalətli mübarizəsinə dəstək göstərdiyini sözün həqiqi mənasında minnət qoymaqla Ukraynadan yana çıxış edən jurnalistləri hədəfə aldı. Belə yerdə yenə də daş məsələsi gəldi-düşdü yada. Daha doğrusu, jurnalistin ağır daşı!
Azərbaycan media nümayəndələrini hədələyən Kuznetsov bu barədə Facebook səhifəsində yazıb və cəbhə xəbərlərinin nəyə görə Rusiya mediasından deyil, Ukrayna mənbələrindən aldıqlarını sərt tərzdə qınayıb, hədələr səsləndirib, bu da azmış kimi, həbsolunma təhdidi ilə barmaq silkələyib. Çox maraqlıdır, axı cənab Kuznetsov öz ölkəsinin mövqeyini haqlı bilirsə, nəyə görə bu qədər nigarançılıq keçirir? Yaxud, tutaq ki, Rusiya hökuməti Rusiya ordusunun hərəkətləri ilə bağlı mediada yalan məlumatların yayılmasına görə cinayət məsuliyyəti tətbiq edəcək. SUAL: Harada görünüb ki, digər ölkənin parlamentinin qəbul etdiyi qanunu başqa ölkədə yaşayan vətəndaşa qarşı tətbiq edilsin? Yaxud, deyək ki, ölkələrimiz müttəfiqdir və əslində bu müttəfiqliyin də həmin iddiaya heç bir əsası ola bilməz. Məgər istinada görə jurnalistmi həbs olunar? Hər halda biz dəmir pərdəli SSRİ dövründə yaşamırıq, küçədə 21-ci əsrin 2-ci onilliyidir və təəssüf ki, Qarabağ məsələsində ölkəmizin haqlı mövqeyini dəstəkləyən cənab Kuznetsov indi öz mövqeyini əks istiqamətə sarı dəyişməyə başlayıb. Onda belə hesab edə bilərik ki, ya Kuznetsovun bu günə qədər bizə göstərdiyi dəstəyi süni dəstəkmiş, ya da o, sözünün üzərində dayana bilməyən fərddir. Bax, ona görə də bizim daşımız ağırdan da ağırdır, haraya düşürsə oranı yerlə-yeksan edir, Kuznetsovun daxilindəki real hisslərini üzə çıxartdığı kimi.
Yeri gəlmişkən, digər Rusiya jurnalisti və politoloqu, hətta Azərbaycanın səmimi dostu Maksim Şevçenko da bir qism azərbaycanlı jurnalistləri necə deyərlər, məzəmmət etdi. Amma sonradan tələsdiyinin fərqinə vardı və üzr istədi. Ona görə ki, onun özü də ədalətlilik prizmasından çıxış etməyin nə demək olduğunu yaxşı bilir. Misal üçün, Qarabağ mövzusunda Azərbaycan torpaqlarının erməni işğalı altında olduğunu tarixi faktlarına qədər bilən Şevçenko çox yəqin ki, bir həqiqəti anladı – Rusiya-Ukrayna münaqişəsində kimin haqsız, kimin isə haqlı olmasını. Ona görə də, məzəmmətli fikrini üzrxahlıqla, hətta belə desək, centlmenliklə əvəzlədi.
Amma Kuznetsovdan bunu görmədik. Görmədik və əsla da onun təhdidlərinə etina da etmədik, bu gün də etmirik. Özümüz nə qədər çoxuqsa, elə daşımız da bir o qədər çoxdur və ağırdır. Əgər ki, qələmimiz silahdırsa, daşımız da qalxanımızdır!