Qadın dəniz kimidir, heç güvənmək olmaz

5 Mart 2022 16:38 (UTC+04:00)

Birləşmiş Millətlər Təşkilatının müəyyən etdiyi Beynəlxalq Qadınlar Günü hər il 8 Martda qeyd olunan beynəlxalq gündür. O, qadınların insan hüquqları əsasında siyasi və sosial şüurunun inkişafına, onların iqtisadi, siyasi və sosial nailiyyətlərinin qeyd olunmasına həsr olunub. Beynəlxalq Qadınlar Günü qadın hüquqları hərəkatının mərkəzi nöqtəsidir.

“8 Mart Beynəlxalq Qadınlar Bayramı Azərbaycanda əksəriyyət üçün siyasi, tarixi əhəmiyyəti kəsb etmir”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu bildirib.

Onun sözlərinə görə, çox adam bilmir ki, bu günün əhəmiyyəti nədir, necə yaranıb: “Hər kəs gözünü açıb bu cür görüb. Hər kəs ətrafındakı xanımları təbrik edib, gül dəstəsi bağışlayır. 8 Mart qadınlarımıza qarşı ehtiram bayramıdır. Ona görə bu bayramdan hər kəsin xoşu gəlir. Eyni zamanda, bayram ərəfəsində qadınlarda xoş bir aura yaranır.
Mənəvi dəyərlər yüksək olan yerdə isə qadın daha qüdrətli olur. Qadının özünün də özünə hörməti, dəyəri artır. Ümumiyyətlə, bizim qadınlara böyük borcumuz var. 100 nikaha 31 boşanma düşür. Bu cür yaxşı cəmiyyətdə dəyişiklik etməliyik. Heç bir ailəsi dağılan qadın xoşbəxt deyil. Buna görə də kişilər olaraq qadınlara hədiyyəmiz qadın kimi mənəvi dünyanın şahənşahları üçün, gözəl həyatları olması üçün çalışmaq borcumuzdur”.

8 Martda hər bir xanım özünü özəl hiss etmək istəyər. Bəs həmin gün qadınların psixologiyasında öz əksini necə tapır?
Bu suala cavab tapmaq üçün psixoloqa müraciət etdik.

“8 Mart Beynəlxalq Qadınlar günündə veriləcək hədiyyə xanımlara ötürülən serotonin hormonunun artmasına gətirib çıxarır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova bildirib.

Onun sözlərinə görə, hansı ki, bu hormon biz elə uşaqkən atamızın anamıza etdiyi hədiyyələr, onların üzündə yaranan o xoşbəxtlik siması, gözlərindəki sevinc birbaşa serotonin hormonunun artmasına səbəb olur: “Ən məyus qadın belə həmin gün xoşbəxt olur. Söhbət burada hədiyyənin böyük kiçikliyindən getmir. Biz qadınlar çiçəkləri niyə çox sevirik? Çünki qadınları özləri çiçəyə bənzəyir. Qulluq edildikcə, sevildiyini hiss etdikcə qadın pərvazlanar. Xoşbəxt olduqca da xoşbəxt etməyi bacarar. Pul isə nə hörmətdir, nə şəhvət.
Bir tək gül belə o qadını xoşbəxt edəcək.
Qaranlıqda olan qadın hansı quyuya düşəcəyini bilmir. Bu isə bəylərdən asılıdır. Onlar hər zaman xanımları diqqətdə saxlamalı onlara daim qayğı göstərilməlidir”.

Eyni zamanda, 8 martda hər kəs hədiyyə axtarışına çıxır.
Bəs xanımlara daha hansı hədiyyələr alınır?

SİA olaraq paytaxtdakı bir çox hədiyyə mağazalarına yaxınlaşdıq.

Təbii ki, hər bir xanım üçün ən dəyərli hədiyyələrdən biri güllərdir. Biz də bunu nəzərə alıb gül mağazalarından birinə yaxınlaşdıq.
Bizə verilən məlumata görə, Güllər Hollandiyadan, Ekvador və Keniyadan gətirilir. "Bizdə güllərin qiyməti 25-30-35 manat aralığında dəyişir. Təbii ki, qiymət gülün növündən aslıdı. Hal-hazırda onlayn (online) sifarişlərimiz daha çoxdu. Yəni sifarişlərimizin demək olar ki, 80% onlayndı.

Alıcılarımızın çoxu xanımlardı. Yəni bizim müştərilərimizin çoxunu xanımlar təşkil edir. Güllər insanlara pozitiv bir enerji verir. Hətta deyə bilərəm ki, hər bir gülün özünəməxsusluğu, bir enerjisi var. Biz mağazamızdakı gülləri ona görə fərqli ölkələrdən gətiririk ki, hər bir şəxs öz zövqünə uyğun buradan gül tapa bilsin.
Güllərin uzun müddətli qalması üçün ona yaxşı qulluq olunmalıdı. Əsas istidən qorumaq lazımdı. Sərin yerdə və meyvələrdən kənarda saxlanılmalıdı. Çünki meyvələr də güllərə pis təsir edir. Bu kimi hallar baş vermədiyi təqdirdə güllərimizin 10 günə kimi qalıcılıq müddəti var. Mağazamızın digərlərindən fərqi odur ki, biz hər zaman buketlərin formasını və gülləri tez-tez yeniləyirik.
Mağazamızda indiyə kimi ən bahalı buket 3500 manat qiymətində olub.
Hazırda isə 8 Martla bağlı olaraq işlərimiz olduqca çoxdur”.

Paytaxtda yerləşən hədiyyə mağazalarının birindən əldə etdiyimiz məlumata görə, 8 Martda bəylər hədiyyə olaraq daha çox ətir almağa üstünlük verirlər. "Lakin suvenir, gümüş alanlar da olur. Son vaxtlar isə kosmetik vasitələrdən də hədiyyələr yığılır. Eyni zamanda, 8 Martla bağlı endirimlərimiz, kampaniyalarımız da mövcuddur. Mağazada hədiyyə olaraq ən ucuz qiymətə 20 manata olan ətirlər də almaq olar. Lakin hazırda daha çox hər kəs orijinal məhsullar almağa üstünlük verirlər.

Ən bahalı isə hazırda xüsusi olaraq 8 Mart üçün kosmetik vasitələrdən yığılmış hədiyyədir ki, qiyməti 235 manat təşkil edir”.

Daha sonra isə aksessuar mağazasına yaxınlaşdıq.

“Mağazada bayramla əlaqədar endirimlərimiz var. Endirim olmayan məhsulların qiymətləri də olduqca uyğundur. Lakin alıcıların sayı isə çox aşağıdır. Hədiyyə alanlar isə bəylərdən daha çox xanımlardır”.

Bildiyimiz kimi, çantalar xanımlarımızın ən sevimli aksessuarlarından biridir. Biz də bunu nəzərə alaraq 8 Martla bağlı mağazalardakı vəziyyəti öyrənməyə çalışdıq.


Çantaların da qiymətlərində endrimlərin olduğunu, bəylərin isə xanımlara çanta hədiyyə etməyə üstünlük verdiyini öyrəndik. Lakin ötən illərə nəzərən alıcı sayının çox aşağı olduğu bildirildi.

Daha sonra maraqlı suvenirlərdən ibarət olan mağazaya yollandıq. İçəri daxil olan kimi biri-birindən rəngli və gözəl hədiyyələr insanın diqqətini çəkirdi.

Lakin 8 Martla bağlı heç bir endirimlərinin olmadığı bildirildi. Çünki qiymətlərinin onsuz da münasib olduğunu dedilər. Həqiqətən də, 3 manata belə maraqlı hədiyyələr tapmaq olardı.

Səbinə Hüseynli