Son zamanlar aktual məsələlərdən biri də ölkəyə biotəhlükəli malların idxalı və bunun nəticəsində əhalinin sağlamlığının təhlükə altına salınmasıdır. Ölkə daxilində də əhalinin sağlamlığı üçün təhlükəli məhsullar istehsal edən və satanlar var. Aparılan reydlər və yoxlamalar zamanı belə halların aşkar olunması göstərir ki, bu sahədə həll olunması vacib çox məsələlər var.
Ərzaq təhlükəsizliyi və milli genefond
Gen mühəndisliyinin inkişafı artıq təhlükəli qlobal tendensiyalara təkan verib. Transgen- yəni geni dəyişdirilmiş ərzaq məhsulları ilə qidalanma bəşəriyyət üçün xeyli təhlükəli problemlər yaradır. Transgen məhsulların yaradılması zamanı uyğun olmayan genləri də birləşdirmək olur. Belə ki, bir gen heyvanat, digəri isə bitki aləmindən götürülür və tədricən bu məhsullarla qidalanan insanların genetik kodlarında ciddi dəyişikliklər baş verir. Bu məhsullar gen strukturunu dağıtmağa, genofondu darmadağın etməyə qadirdir. Getdikcə bütün dünyada olduğu kimi ölkəmizdə də belə məhsulların istehsalı və satışı artır.
Hazırda bir çox transmilli şirkətlər dünya ölkələrində genetik səviyyədə modifikasiyalara uğramış kənd təsərrufatı və ərzaq məhsullarının satışını durmadan artırır. Əgər ekoloji cəhətdən təmiz və ya normal şəraitdə yetişdirilən, kənd təsərrufatı məhsullarını saxlama müddəti çox az olursa, GMO məhsullarda bu müddət uzundur. Bu da həmin məhsulların uzaq ölkələrə ixrac olunmasına şərait yaradır.
Sirr deyil ki, istənilən kənd təsərrufatı məhsulunu genetik modifikasiyaya uğratmaqla məhsuldarlığı yüksəltmək mümkündür. Çünki geni dəyişdirilmiş toxumlar istənilən təbii şəraitə, bakteriyalara, viruslara qarşı dözümlü olurlar. Üstəlik, onlarda məhsuldarlıq yuxarı olur, bioloji dəyəri xeyli aşağı olsa da. Bu səbəbdən belə məhsulları əkib-becərməyə maraq artır.
GMO-nun bu üstünlüyü təbii sortların məhvinə səbəb olur. Təbii toxumlar getdikcə sıradan çıxır. GMO məhsullar reproduksiya vermir, yəni ondan toxum götürmək mümkün deyil. Nəticədə, yerli təbii toxum fondu sıradan çıxmış ölkələr GMO toxumlar istehsal edib dünyaya yayan transmilli şirkətlərdən asılı vəziyyətə düşür. Bu isə təkcə ərzaq təhlükəsizliyi üçün deyil, həm də dövlət təhlükəsizliyi üçün də çox ciddi təhlükədir.

Bazar-dükanda üstünlüyü GMO ələ alıb
Müşahidələr və monitorinqlərin nəticələri göstərir ki, son vaxtlar Azərbaycanda genetik səviyyədə dəyişikliklərə məruz qalmış məhsulların satışı durmadan artır. Indi ölkə bazarlarında belə ərzaq məhsulları çoxluq təşkil edir. Məsələn, bazarlarda geni dəyişdirilmiş xeyli meyvə-tərəvəz satılır ki, onlar zahirən təbii sortlardan elə də fərqlənmir. Marketlərdə vəziyyət bundan da pisdir.
Son vaxtlar ölkənin ticarət və istehsal sektorunda aparılan yoxlamalar nəticəsində çox sayda saxta və təhlükəli qida məhsulları aşkar olunur. Bu məhsullar sırasına gündəlik tələbat malları kateqoriyasına daxil olan ərzaq məmulatları daxildir. Lakin aşkar olunanlar real məhsulların heç 1 faizini də təşkil etmir.
Ekspertlər bildirir ki, meyvə-tərəvəzlərin, paxlalıların, konservləşdirilmiş məhsulların, əksər emal məhsullarının, içkilərin böyük əksəriyyəti geni dəyişdirilmiş məhsullardan hazırlanır.
Bazarların piştaxtalarını və marketlərin rəflərini dolduran hamısı eyni formada, az qala eyni çəkidə olan, par-par yanan meyvələri xüsusi kimyəvi preparatlar vasitəsilə yetişdirirlər və onlar uzun müddət açıq havada saxlananda da xarab olmur.
Artıq şəhərlərdə təbii məhsul tapmaq müşkülə çevrilib. Məsələn, təbii yerli kartof sortları demək olar ki, yoxa çıxıb, yeni xaricdən gətirilən böyük ölçüdə olan texniki kartof tutub. Pomidor pomidor dadı vermir, soğan acı dadmır və s.
Mələk donunda görünən şeytan
Xarici görünüşü gözəl olan bu məhsulların zahiri gözəlliyi arxasında dəhşətli və təhlükəli xəstəliklər dayanır. Belə “qida” məhsullarının hamısı potensial zəhərdir. Əgər adi zəhər insanı ən uzağı bir neçə saat ərzində öldürürsə, bu cür “qida” məhsulları orqanizmi tədricən, uzun illər boyu sıradan çıxarır və məhv edir.
Təbii məhsullardan zəhərlənmə zamanı tibb elmi insanların köməyinə çatır. Lakin transgen məhsulların ətraf mühitə, insan orqanizminə və gələcək nəsillərə göstərdiyi nəticələrin aradan qaldırılması isə mümkün olmayacaq.
Ən təhlükəlisi isə budur ki, GMO məhsullar insanın genetik strukturunda ciddi dəyisikliklərə səbəb olur. Transgen ərzaqla qidalanan adamın övladlarında dəyişikliklər təhlükəli, nəvələrində isə faciəli formada olur. Hazırda belə məhsullardan istifadə o qədər geniş hal alıb ki, bəzi insanlarda artıq ilkin mutasiyalar muşahidə olunur.
GMO əkinlər torpaq fonduna da çox ciddi zərər vurur. Onların əkildiyi yerdə torpaq qüvvədən düşür, mineral və bioloji tərkibini itirir, sonra orda başqa təbii məhsulları əkmək olmur. Təsadüfi deyil ki, hazırda bir sıra ölkələr bu məhsulların istehsalı, idxalı və satışına qadağa qoyub.
Bəzən bu məhsulları GMO deyil hibrid adı ilə qələmə verməyə çalışırlar ki, burada da hiylə var. Çünki təbii fitrətinə müdaxilə olunmuş, gen strukturu və bioloji tərkibi dəyişdirilmiş hər şey GMO-dur. Köhnə vaxtlarla edilən calaq prosesi ilə bunu qarışdırmaq lazım deyil. Bunlar tamam fərqli şeylərdir. Calaqla məsələn 5 metr hündürlükdə, salxım formasında məhsul verən pomidor ağacları almaq mümkün deyil, üzüm salxımı kimi meyvə gətirən qoz ağacı almaq mümkün deyil, o meyvə təvəvəzin aylarla formasını itirmədən durması mümkün deyil.

Qida sənayesində kimya elminin “nailiyyətləri”
Problem təkcə GMO məhsullarla da bağlı deyil. Kimya sənayesinin inkişafı vəziyyəti daha da pisləşdirib. Daha ucuz başa gələn kimya sənayesinin hesabına qida məhsullarında təbii elementlər sünilərlə əvəzlənir- müxtəlif tozlar, rəngarəng ekstraktlar, süni kimyəvi tərkibli mayelər və s.
Əhalimizin ucuz ərzaq məhsullarına olan ehtiyaclarından istifadə edib varlanmaq istəyən isbazlarımız bu cür məhsulları ölkəmizə gətirirlər. Bu gün alıcılara quru süddən və kimyəvi marqarindən hazırlanmış “təbii süd məhsulları”, süni kimyəvi kompanentlərdən hazırlanmış “təbii meyvə şirələri”, texniki spirtdən və kimyəvi qarışıqlardan hazırlanmış alkoqollu içkilər, mənşəyi məlum olmayan ətdən hazırlanmış kolbasalar və s. bu kimi təhlükəli qida məmulatları sırınmaqda davam edir.
Reklamlarda tərifi göylərə qaldırılan ərzaq məhsullarının “təbii dadı və iyi”nin kumyəvi üsullarla əldə edilməsi artıq heç kimə sirr deyil. Ət və süd məmulatlarının, şokoladın, şirniyyatların, mayonezin, limonad və şirələrin, bitki yağlarının, ümumiyyətlə əksər emal sənayesi məhsullarının tərkibinə bol-bol kimyəvi kompanentlər əlavə edilir.
Dünyada yetişdirilən soya bitkisinin təqribən 80 faizi transgen yolla becərilir. Soya yağı və unu ölkəmizə hazır vəziyyətdə gətirilir və məhsulların tərkibinə vurulur. Belə məhsulların tərkibində istifadəsi qadağan edilmiş aspartan- şəkər əvəzedicisi olan kimyəvi maddə var.
Ölkəmizə ildə təxminən 50-60 min ton civarında palma yağı idxal olunur ki, bu özünü mağazalarda “təbii kərə yağı” şəklində göstərir. Üstəlik bitki yağlarının da təbii olmadığı məlumdur.
Sağlamlıq üçün gecpartlayan bomba
Biz əgər belə məhsulları yeyən kimi ölmürüksə, bu, o demək deyil ki, o, bizə təsir etmir. Aparılan çoxsaylı elmi təcrübələrdən çıxan nəticə belədir ki, geni dəyişdirilmiş məhsullar insan orqanizminə olduqca zərərlidir və öz əsl təsirini bir müddət sonra büruzə verir. Dünyada xərçəng xəstəliyinin kəskin artmasında bu məhsulların əvəzedilməz rolu vardır.
Ekspertlərin araşdırmaları göstərir ki, yeni yaranan təhlükəli xəstəliklərin və müalicəsi mümkün olmayan bir çox xəstəliklərin əsas səbəbi də məhz elə transgen qidalanma ilə bağlıdır. Belə ki, orqanizm kifayət qədər çox qida ilə təmin edilməsinə baxmayaraq, gizli aclıq, yəni bədənə lazım olan üzvi maddələr, minerallar, yağlar, duzlar, vitaminlərin olmaması problemi ilə qarşılaşır. Və insanlar çox yeməyə başlayır, çünki orqanizm lazımi maddələri ala bilmir və süni aclıq baş verir.
Təbii qida maddələrinin müxtəlif kimyəvi tərkiblərlə emalı nəticəsində isə faydalı maddələr itib-batır. Orqanizm isə həmin vitaminləri hormonal qidalardan, konservlərdən, tozlardan və emal olunmuş başqa tərkiblərdən ala bilmir və gizli aclıq başlayır. Nəticədə, piylənmə, mədə-bağırsaq, ürək-qan-damar xəstəlikləri, şəkər, xərçəng sürətlə gəncləşir və inkişaf edir.

Qanunlar qadağan edir, amma...
Azərbaycanda müxtəlif qanunlarla GMO məhsulların idxalı, istehsalı və satışı qadağan edilsə də, bu məhsulların növləri və bazarda tutduğu həcmi sürətlə artmaqda davam edir. Paralel olaraq ürək-qan damar, mədə-bağırsaq, xərçəng və s. xəstəliklərə tutulanların sayı sürətlə artır, həmçinin, həzmetmə, əsəb, hormonal, immun sistemi zəifləmiş uşaqlar dünyaya gətirilir. Son tədqiqatlara görə, yeni doğulanların azı 30 faizi genetik fəsadlara malikdir.
Transgen məhsulların genis istifadəsi təkcə fiziki problemlər yaratmır, həm də insanların psixologiyasına və süuruna mənfi təsir göstərir. Ən dəhşətlisi də elə budur. Cünki fiziki xəstəlikləri birtəhər müalicə etmək olur. Amma normal süurun və psixologiyanın pozulmasına qarşı tibb elmi acizdir.
Deyilənləri nəzərə aldıqda, bu sahədə müvafiq dövlət orqanlarının, həmçinin qeyri-hökumət təşkilatlarının və medianın üzərinə böyük məsuliyyət düşür. Əhali arasında təbii məhsullarla qidalanmağın həyati əhəmiyyətli olduğu haqda geniş maarifləndirmə işləri aparılmalıdır, zərərli məhsulların istehsalı və satışına görə cəzalar daha da sərtləşdirilməlidir.
Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb.