Bu, biz qadınlar üçün ən böyük hədiyyədir - CƏMİYYƏTİN BAXIŞI - SORĞU

5 Mart 2022 11:30 (UTC+04:00)

8 Mart - iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür. Ümumi olaraq 8 Mart qadınlara qarşı nəzakət, sevgi və məhəbbət tərənnümünü ənənəvi hala gətirmiş bayramdır. Qadınlar Günü ilk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada keçirilib. Azərbaycanda isə Qadınlar Günü 1917-ci ildən bugünədək qeyd edilir. Bəs, görək şəhər sakinləri 8 Mart Beynəlxalq Qadınlar gününü necə keçirir? SİA bu məsələ ilə bağlı onlar arasında sorğu keçirib.

Şəhər sakini Məlahət Mövsümova: "Qadın üçün bir gün deyil, hər gün önəmli olmalıdır. Həyat yoldaşım və oğullarım mənə hər günü bayram kimi yaşadırlar. Bir qadın olaraq hədiyyə kimi gülə üstünlük verirəm. Lakin hər bir qadın üçün ən dəyərli hədiyyə hörmət, dəyər və sevgidir".

Şəhər sakini Sultan Məmmədov: "Təbii ki, biz kişilər olaraq Qadınlar günündə vəzifəmiz onları xoşbəxt etməkdir. Məncə, qadınların üzünü güldürmək onlar üçün ən gözəl hədiyyədir. Kişilər yalnız 8 Martda deyil, hər an ailəsindəki qadınlara sevgi göstərməlidir".

Şəhər sakini İlhamə Elşadqızı: "Öncəliklə, başda Azərbaycan qadınları olmaqla bütün dünya qadınlarını 8 Mart Qadınlar günü münasibətilə təbrik edirəm. Hər birinə qadın xoşbəxtliyi arzu edirəm. Bizim Həcər kimi, Nigar kimi, Salatın Əsgərova kimi məğrur, mərd qadınlarımız olub. Onlar hər bir dövrün Azərbaycan qadını üçün bir örnəkdir. Mən şairə olduğum üçün xoş bir söz hər hədiyyəni əvəz edir. Hədiyyə almaq vacib deyil. Əsas qadını xoşbəxt etməkdir".

Şəhər sakini Ramazan Neyiş: "Mən türk vətəndaşı olsam da, illərdir Azərbaycanda yaşayıram. Azərbaycan qadınlarının hər biri çox cəsarətli və hörmətə layiqdir. Qadınlar günündə onları gül ilə təbrik etməyə üstünlük verirəm. Hər birinə xoşbəxt ömür arzu edirəm".

Şəhər sakini Aydan Balakişiyeva: "Bütün qadınlara əzilmədən, çalışaraq irəli getməyi və yaxşı mənada örnək olmağı arzu edirəm. Mənə elə gəlir ki, hədiyyənin bir önəmi yoxdur. Düşünülmək belə qadınları sevindirməyə kifayət edir".

Şəhər sakini Rüstəm Paşayev: "İlk öncə hər bir Azərbaycan qadınının bayramını təbrik edirəm. 8 Martda öz ailəmdəki xanımlara hədiyyə alaraq üzlərini güldürürəm. Ətrafımdakı digər qadınların isə bayramını təbrik edib, onları xoş sözlərlə dəyərli hiss etdirdiyimi düşünürəm".

Şəhər sakini Elmina Fətullayeva: "Bir qadın kimi istərdim ki, hər ürəkdə daimi sevgi olsun. Qadın özünü sevməyi bacarmalıdır. Kişilər qadınlara hörmətlə yanaşsa, xoşbəxt etməyi bacarsa bayramda xüsusi bir hədiyyəyə ehtiyac qalmaz. Bu biz qadınlar üçün ən böyük hədiyyədir".

Şəhər sakini Emin Əfəndiyev: "Mən 8 Martda öz anama, həyat yoldaşıma gül və ya ətir alaraq onları təbrik edirəm. Amma bunların çox böyük bir əhəmiyyəti yoxdur. Qadınları yalnız sevgi ilə xoşbəxt etmək mümkündür. Hər bir qadına sevilməyi arzu edirəm".

Şəhər sakini Sona Əliyeva: "Mən düşünürəm ki, qadınları bir gün deyil, hər gün dəyərli hiss etdirmək lazımdır. Yəni, sırf 8 Mart günündə hədiyyə almaqla qadını xoşbəxt etmək olmur. Mənim üçün hüzur ən gözəl hədiyyədir. Ətrafımda olan insanların mənə hüzur verməyi kifayətdir".

Ləman Əlizadə