Bir qadını ortadan ikiyə bölsək, yarısı ana, yarısı uşaq, yarısı sevgili, yarısı da eşqdir. Təəssüf ki, bunu çox insan anlamır və ya anlamaq istəmir.
Bir qadın səni heç bir şeyin olmadığında sevirsə, gözlərinin içinə sevgi ilə baxırsa, eşitdiyi ən gözəl səs sənin səsindirsə, dinlədiyi ən gözəl mahnı sənin ürəyin döyüntüsüdürsə, sən ağlayanda ağlayırsa, sən xəstələnəndə narahat olursa, gec gələndə səhərə qədər yatmırsa, səni sevirsə, darıxırsa, qısqanırsa onu əsla itirmə. Heç kim sənə o qadın kimi baxa, toxuna, sevə bilməyəcək.

Qadını daxili gözəlliyinə görə sevin. Geyiminin, makiyajının, saçının, qaşının gözəlliyinə görə yox! Qəlbin gözəlliyini sevin. Ürəyi gözəl qadın sənə nə xəyanət edər, nə də incitməz. O, yıxılsan səni ayağa qaldırar, kimsə qalmazsa, səninlə qalar.
Qadını gözəl edən makiyajı deyil, üzündəki təbəssümdür. O gözəl təbəssüm isə yalnız sevgi ilə gəlir. Qadın sevgi və diqqətlə gözəlləşir.
Qadını sev. Sənə ömür olsun, yoldaş olsun, ümidin kəsiləndə sənə ümid versin. Heç kim yoxkən yanında olacaq və səndən başqa heç kimi görməyəcək bir qadını sevin. Həyatını sənə həsr edə bilən qadını sevin.
Unutmayın ki, qadınlar Allah tərəfindən bizə əmanətdir. Xüsusən də sevən, ürəyini bizə verən qadınlar. Bu dünyada qalacaq tək şey sevgidir, pul da bitəcək, amma sevgi qalacaq.
Lazım olanda həyat yoldaşı, sevgili, ana, dost, sirdaş, yoldaş olacaq qadını sevin. Sizi namazına dəvət edən qadından heç bir zərər gəlməz.
Beynəlxalq Qadınlar Gününə sayılı günlər qalıb. 8 Mart Birləşmiş Millətlər Təşkilatı tərəfindən müəyyən edilib. Bu gün qadınların insan hüquqları əsasında siyasi və sosial şüurunun inkişafına, onların iqtisadi, siyasi və sosial nailiyyətlərinin qeyd olunmasına həsr olunub.
Beynəlxalq Qadınlar Günü hər il 8 Martda qeyd olunur və bu il çərşənbə axşamına təsadüf edir. 8 Mart 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərindəki tekstil fabrikində 40 min toxuculuq işçisi iş şəraitinin yaxşılaşdırılması tələbi ilə tətil etdi. Lakin polisin işçilərə hücumu və işçilərin fabrikdə kilidlənməsi, ardınca baş verən yanğın nəticəsində işçilərin fabrikin qarşısında qurulan barrikadalardan qaça bilməməsi nəticəsində 129 qadın işçi həyatını itirib. İşçilərin dəfn mərasimində 10 mindən çox insan iştirak edib.
Almaniya Sosial Demokrat Partiyasının liderlərindən biri olan Klara Setkin 26-27 avqust 1910-cu il tarixlərində Danimarkanın Kopenhagen şəhərində tekstil fabrikində yanğında həlak olan qadın işçilərin xatirəsinə 2-ci Beynəlxalq Qadınlar Konfransında 8 Mart 1857-ci ildə "Internationaller Frauentag" (Beynəlxalq Qadınlar Günü) və təklif yekdilliklə qəbul edildi.
İlk illərdə konkret tarix təyin olunmasa da, bu gün həmişə yazda qeyd edilirdi. 1921-ci ildə Moskvada keçirilən 3-cü Beynəlxalq Qadınlar Konfransında tarix 8 Mart olaraq təyin olundu. Onun adı həm də “Beynəlxalq Əməkçi Qadınlar Günü” kimi müəyyən edilib. Birinci və İkinci Dünya Müharibəsi arasında bəzi ölkələrdə qeyd olunması qadağan edilən Beynəlxalq Qadınlar Günü, 1960-cı illərin sonunda ABŞ-da qeyd edilməyə başlandıqda daha güclü şəkildə gündəmə gəldi. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 1977-ci il dekabrın 16-da 8 Martın “Beynəlxalq Qadınlar Günü” kimi qeyd olunmasını qəbul etmişdir. Birləşmiş Millətlər Təşkilatının saytında günün tarixi ilə bağlı bölmədə bayramın Nyu-Yorkda həlak olan işçilərin xatirəsinə keçirildiyi yazılmayıb.
Bəs, gəlin görək qadınlara 8 Mart üçün hansı hədiyyələr alına bilər?
Qadınlar günü üçün hədiyyələr:
Kitab 
Boyunbağı
Sırğa
Saat
Kosmetika
Dəriyə qulluq məhsulları
Çiçək: Çiçəklər hər zaman hər kəs üçün zərif bir hədiyyədir.
Şokolad: Şokolad həmişə yaxşı hədiyyələrdən biridir. Üstəlik, indi gözəl paketlərdə və təqdimatlarda satılır.
Aksesuar- bilərzik: Adı xüsusi bilərziklər indi məşhurdur, eləcə də ada məxsus boyunbağılar.
Ətir
Geyim
Mətbəx ləvazimatları
Elektron mallar
Ev əşyaları
Foto albomlar
Çanta: Çantalar hər bir qadın üçün bəzən vacib zərurət, bəzən də vacib aksesuardır.
Xüsusi qələmlər: Xüsusilə qeydlər aparmağa diqqət edənlər üçün qələm gözəl bir hədiyyə olacaq.
Termos: Naxışlı termosları gündəlik həyatda tez-tez görürük. Xüsusilə idman və ya pəhriz edənlərin əlində gördüyümüz rəngli termos gözəl hədiyyə ola bilər.
Texnologiya məhsulları: Texnika ilə bağlı marağı olan biri üçün yaxşı seçim ola bilər. Adlı USB, qəhvədəmləyən, qulaqlıq, telefon kimi məhsullar yaxşı hədiyyə seçimləri arasındadır.
SİA 8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı araşdırma apararaq ekspert, psixoloq və sosioloqların fikirlərini öyrənib.

Sosioloq, Sağlam Cəmiyyət Hərəkatının sədri Lalə Mehralı: “Bu günün tarixi ilə bağlı bir neçə tarix var. Yəni, günün təyin olunması illər almışdır. Qadınlar o zaman öz hüquqlarını tələb edirdilər. Onlar kişilərlə bərabər hüquqa malik olmaq, səs vermək, cəmiyyətin vacib məsələlərində söz haqqlarının olmasını istəyirdilər. Qadınlar daha yüngül iş və normal maaş tələb edirdilər. Bu da haqlı olaraq onlara verildi.
30-dan çox ölkədə 8 Mart qeyd edilir. Təqvimdə də istirahət günü kimi yer alıb.
Ümumilikdə, Azərbaycan reallığına nəzər yetirsək, 8 Mart Azərbaycan qadını üçün qurtarıcı əhəmiyyətə malik tarix deyil. Ondan çox əvvəllər bizim qadınlarımız seçmək-seçilmək, səs vermək, cəmiyyətdə vəzifə və mövqe tutmaq hüquqlarına malik idi. Amma bütün bunların fonunda dünyada hüququ olmayan qadınlar üçün belə bir günün təyin edilməsi olduqca yaxşı hal idi.
Düzdür, indi 8 Mart gününün tarixi yaddan çıxarılıb. Belə ki, bu gün yalnız hədiyyə almaq və vermək günü kimi yadda qalıb. Məncə, 8 Mart gününün həqiqi tarixi barədə insanları məlumatlandırmaq lazımdır. Verilişlərdə çal-çağır yerinə, qadınların həyat hekayələrini efirdə təqdim etmək lazımdır. Cəmiyyətin formalaşmasında rolu olmuş, öz əməlləri ilə cəmiyyətə töhfə vermiş qadınları məhz bu gündə tanıtmaq lazımdır”.
Psixoloq Fidan Nizamova: “8 Mart Beynəlxalq Qadınlar Günündə hər bir xanım, uşaqdan tutmuş böyüyə hər kəs diqqət istəyir. Yəni, burada məsələ hədiyyədə deyil, hədiyyə ilə ölçülmür. Hər kəsin dəyərli olduğunu, hər bir qadın vacib olduğunu hiss etmək istəyir.
Kişilərə tövsiyə edərdim ki, bu günü çalışsınlar sırf xanımlarına ayırsınlar. İşdən, öz məşğuliyyətlərindən kənar olsunlar. Mütləq deyil ki, bu günü bayram kimi qeyd etsinlər. Sadəcə, bərabər olmaq kifayətdir. Ən gözəl hədiyyə zamandır. Bir-birimizə sevgimizi büruzə vermək, göstərmək üçün ən yaxşı hədiyyəmiz öz vaxtımızı həmin adama sərf etməkdir.
Bəzən kişilər düşünür ki, bayram gəlir, hədiyyə almaq lazımdır və s. Yəni bunları özlərinə bir az dərd edirlər. Amma qeyd etdiyim kimi xanımlara bu hədiyyəni ilin istənilən vaxtı da verə bilərsiniz. Amma ildə heç olmasa bir gün özünü bu qədər önəmli hiss etmək, bir gün özünə həsr edilmiş hiss etmək həm münasibətləri möhkəmləndirir, həm də bir-birilərinə olan sevgiyə daha da bir zəriflik qatır. Hər bir kişilərə, xüsusilə azərbaycanlı kişilərə tövsiyə edərdim ki, buna sırf bayram kimi, yük kimi yanaşmasınlar”.
Psixoloq Zeynəb Əyyubova: “Bizim ən böyük səhvimiz qadınları sevindirməyi, xoşbəxt etməyi, onlara hədiyyə verməyi hansısa günlə məhdudlaşdırmaqdır. Əslində, qadının ruhu daim xoşbəxt olmalı, daim hədiyyə gözləməlidir. Hansısa bir günü özəl seçib qeyd etmək düzgün deyil. Qadına sıx-sıx surprizlər edilməlidir”.
Ayşən Vəli