"Azərbaycanda 51 ali təhsil müəssisəsi var. Ümumilikdə həm bakalavr, həm də magistatura pilləsində 187 min tələbə 380 müxtəlif ixtisas üzrə təhsil alır. Etiraf etmək lazımdır ki, hal-hazırda Azərbaycan ali təhsil müəssisələri əmək bazarının tələbinə və müasir standartlara uyğun kadr hazırlamırlar". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Onun sözlərinə görə, ali təhsilin bakalavr və magistratura pilləsini bitirmiş şəxslərin yalnız 42%-i ixtisası üzrə işləyə bilir: "Bunun əsas səbəbi bəzi hallarda ali təhsil müəssisələrinə qəbul zamanı abituriyentlərin arzusunda olmadığı ixtisasları seçmək məcburiyyətində qalmasıdır".
Təhsil eksperti sözlərinə belə davam edib: "Ən çox məzunları işə qəbul edilən və karyerasını uğurla həyata keçirən universitetlər sırasında birinci yerdə Bakı Dövlət Universiteti (BDU) gəlir. Həm dövlət qulluğunda, həm də müvafiq imtahanlarda ən yüksək nəticəni BDU-nun məzunları əldə edir.
Son zamanlarda Bakı Ali Neft Məktəbinin məzunlarının da uğurlarının şahidi oluruq. Bu universitetlərlə yanaşı Azərbaycan Dövlət İqtisad Universitetinin, eyni zamanda yeni fəaliyyətə başlamağına baxmayaraq uğurlu olan Azərbaycan İlahiyyat İnistitutunun da adını qeyd etməliyik. Amma bəzi universitetlər var ki, onlar gözlənilən nəticəni göstərə bilmirlər. Bunlara misal olaraq Bakı Slavyan Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universitetininin adını çəkə bilərik. Azərbaycanda müvafiq sahələr üzrə həyata keçirilən islahatlarda bu universitetlərin məzunlarının kariyera inkişafını görə bilmirik.
Təəssüf ki, bugünkü gündə ali təhsil müəssisələri əmək bazarının tələblərini nəzərə almırlar. İndiki dövrdə işəgötürənin tələbləri çox yüksəkdir. Lakin işəgötürən üçün kadr hazırlayan təhsil müəssisələri bundan geri qalırlar. Bu sahədə ciddi problemlər var. Universitetlər daha çox inkişat etdirilməlidir ki, onlar beynəlxalq rəqabətə davam gətirə bilsin".
Ayşən Vəli