“Koronavirus səbəbindən dünyada pandemiya barədə qərar qəbul edildikdən dərhal sonra Azərbaycan dövləti bu xəstəliyin qarşısının alınmasında fəal mübarizəyə qoşulan ilk dövlətlərdən oldu”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Kamilə Əliyeva bildirib.

Onun sözlərinə görə, ölkəmiz ÜST ilə sıx əlaqə qurdu və qurumun qəbul etdiyi bütün tövsiyələr respublikamızda yaradılan Operativ Qərargah tərəfindən araşdırılaraq müvafiq qərarlar qəbul edildi:
“Beynəlxalq aləmdə də xəstəliklə mübarizədə Azərbaycan dövlətinin böyük köməyi və yardımı BMT tərəfindən yüksək qiymətləndirilmişdir.
Fevralın 25-də BMT Baş Assambleyasının "Universal peyvəndləmə üçün səylərin artırılması" mövzusunda keçirilmiş yüksək səviyyəli müzakirələrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev COVİD-19 pandemiyası ilə bağlı ölkəmizin, eləcə də Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının verdiyi töhfələr barədə çıxış etdi.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çətin bir vaxta, pandemiya dövrünə təsadüf etdi. Cənab İlham Əliyevin sədrliyi dövründə beynəlxalq aləmdə Qoşulmama Hərəkatının nüfuzu artdı. Pandemiyanın başladığı dövrdən Qoşulmama Hərəkatı dünya ictimaiyyətinin səylərini fəal şəkildə səfərbər edərək pandemiya ilə mübarizə və onun mənfi fəsadlarının aradan qaldırılması üçün bir çox uğurlu təşəbbüslər irəli sürmüşdür. BMT Baş Assambleyasının COVİD-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyasının keçirilməsi, eləcə də 2021 ci ilin mart və dekabr aylarında İnsan Hüquqları Şurası və Baş Assambleya tərəfindən qəbul edilmiş "COVİD-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlər bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi"nə dair qətnamələr Qoşulmama Hərəkatı adından məhz cənab İlham Əliyev tərəfindən irəli sürülmüşdür.
Çıxışında peyvəndlərin ədalətsiz bölgüsü prosesinin davam etdiyini vurğulayan cənab İlham Əliyev az və orta gəlirli ölkələrə peyvəndlərin tədarükünün aşağı səviyyədə olduğunu və bu sahədə təcili tədbirlərin həyata keçirilməsinin vacib olduğunu diqqətə çatdırdı. Bu gün peyvəndlərin inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında qeyri bərabər bölgüsü pandemiyanın aradan qaldırılmasına nail olmağın qarşısını alır. Dünyada iqtisadi artımın qarşısını alan amillərdən biri də budur.
Azərbaycan az gəlirli ölkələrə peyvənd ianə edən dövlətləri alqışlayır və bu xeyirxah təşəbbüsü hər zaman təşviq edir. Pandemiyanın tezliklə aradan qaldırılması bütün dövlətlərə peyvəndlərin məqbul qiymətə, vaxtında və bərabər çatdırılması üçün digər ölkələr və beynəlxalq təşkilatlar səy göstərməlidirlər. Ölkə başçımızın hər çıxışında olduğu kimi budəfəki çıxışında da bütün dövlətləri "peyvənd millətçiliyi"nə qarşı çıxmağa, peyvəndlərin bərabər bölünməsində həmrəylik nümayiş etdirməyə çağırdı.
Prezident cənab İlham Əliyevin şəxsi nüfuzu nəticəsində Azərbaycan əhalisini peyvəndlə təmin edən ilk dövlətlərdən oldu. Görülmüş tədbirlər nəticəsində Azərbaycan 2021 ci ilin yanvarından peyvəndləmə prosesinə başlamışdır. Artıq ölkəmizdə bu günədək yetkin əhalinin 68 faizinə peyvəndin hər iki dozası vurulub. COVİD-19-dan əziyyət çəkən əhalimizə və sahibkarlıq subyektlərinə dövlət tərəfindən 1,6 milyard ABŞ dolları həcmində maliyyə yardımı ayrılmışdır.
Həmrəylik əlaməti olaraq koronavirusla mübarizə çərçivəsində Azərbaycan birbaşa və ÜST vasitəsilə 80 ölkəyə maliyə və humanitar yardım etmiş, eləcə də 5 ölkəyə peyvənd ianə etmişdir. Qoşulmama Hərəkatına üzv olan 14 ölkəyə peyvənd ianə etməsi prosesi davam etdirilir. Prezident cənab İlham Əliyev bir daha dünyaya Azərbaycanın humanitar bir dövlət olduğunu çatdırdı”.
Səbinə Hüseynli