Təhsil eksperti Kamran Əsədov SİA-ya müsahibə verib. Həmin müsahibəni təqdim edirik.
- Ukrayna və Rusiya arasında gedən bu müharibədə Ukraynada təhsil alan azərbaycanlı tələbələrin bugünkü vəziyyəti ilə bağlı hansı məlumatlar var?
- Hazırda bütün dünyanın bir nömrəli məsələsi Ukrayna və Rusiya arasında gedən müharibədir. Biz bütün hallarda insanlığa qarşı törədilən bir hərəkətə çox pis yanaşırıq və bir insanın həyatını dünyada heçnə ilə ölçülməyəcəyini çox yaxşı bilirik. Bildiyimiz kimi azərbaycanlıların ən çox təhsil aldıqları ölkə Türkiyədən sonra Ukraynadır. Hazırda Ukraynada 8 minə yaxın azərbaycanlı tələbələr var. Onlardan 6 mini əyani təhsil alır. Pandemiya səbəbindən bəzi ali təhsil müəssisələri tədrisi onlayn təşkil etsə də, 5 mindən çox azərbaycanlı tələbə ikinci semestrdə tədrisdə əyani formada iştirak etmək üçün Ukraynaya gediblər. Ukrayna tələbələrini iki kateqoriyaya bölürəm. Birincisi ailələri baxımından Ukraynaya köçən azərbaycanlılar, ikincisi Azərbaycanda hər hansı bir imtahan vermədən atestatla Ukraynanın universitetlərinə qəbul olanlardır.
Onu qeyd edim ki, hazırda ən çox azərbaycanlı tələbə birinci Kiyevdə, Odessada və Xarkovdadır. Ən çox azərbaycanlı tələbə Xarkovda hüquq-mühafizə orqanlarına aid olan təhsil müəssisələrində təhsil alırlar. Kiyevdə və Odessada hüquq və iqtisadiyyat təhsili alan azərbaycanlı tələbələr daha çoxdur. Çox təəssüflər olsun ki, sosial şəbəkələrdə belə bir fikir var ki, bizim qəbul qaydalarımızdan dəfələrlə asan olduğuna görə, tədrisin səviyyəsi aşağıdır. Bu, birmənalı olaraq yanlışdır. Hazırda Ukraynada 167 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Hazırda orada olan tələbələrin taleyi təkcə Təhsil Nazirliyini yox, bütün dövlət qurumlarını narahat edir. Azərbaycan Xarici İşlər Nazirliyi bu istiqamətdə çox fəaldır. Son 3 gün ərzində azərbaycanlı vətəndaşlar və tələbələr Ukraynaya qonşu olan ölkələrə gedərək oradan birbaşa reyslərlə Azərbaycana qayıdırlar. Bizdə olan məlumatlara görə, hazırda 40-dan çox tələbə Xarici İşlər Nazirliyinin birbaşa dəstəyi ilə çarter reysləri ilə Azərbaycana gətiriliblər. Çox təəssüf ki, münaqişə zonasında həyatını itirən azərbaycanlı tələbələr də var. Bu bizim üçün çox ağır bir xəbərdir. Düşünürəm ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Təhsil Nazirliyi tələbələrin təhsil almasında davamlılığını və dayanıqlılığını təmin etmək məqsədilə həmin Ukraynada təhsil alan tələbələrin birbaşa Azərbaycana köçürülməsini təmin etməlidir. Çünki həmin tələbələr 2-3 il müddət ərzində orada təhsilini davam etdirə bilməyəcək.
- Rusiyalı tələbələrin qərb universitetlərindən xaric olunmasına dair məlumatlar yayılıb. Ümumiyyətlə bu nə dərəcədə düzgündür?
- Hazırda rus vətəndaşı olan tələbələr Avropa ölkələrində təhsil alırlar. Həmin tələbələrin sosial şəbəkələrində yazdıqlarına görə, onların ali təhsil müəssisələrində davamlılığı ilə bağlı problemlər var. Həmin tələbələr bildiriblər ki, onlar universitetlərə gedən zaman universitetə buraxılmayıblar. Bu faktlar daha çox Polşada, Çexiyada müşahidə olunur. Düşünürəm ki, bu addım yanlış addımdır. Beynəlxalq konvesiyalara görə, həmçinin mövcud kontitusiyaya görə, insanların təhsil almaq hüquqları heç bir halda məhdudlaşdırıla bilməz. Xoş olmayan odur ki, bəzi ölkələr siyasi məqsədlər üçün rus tələbələri universitetlərə buraxmırlar. Düşünürəm ki, siyasi məqsədlər üçün tələbələrdən istifadəyə yol vermək olmaz. İnsanların təhsil almaq hüquqları məhdudlaşdırılmamalıdır.
- Bildiyimiz kimi Təhsil Nazirliyinin brifinqi keçirildi. Brifinqdə təhsil naziri Emin Əmrullayev də iştirak edirdi. Brifinqdə əsas toxunulan məsələ nə idi?
- Təhsil naziri Emin Əmrullayev müvafiq brifinqdə bir neçə vacib məsələyə toxundu. Gənclərimizi maraqlandıran ən aktual məsələlərdən biri də ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ikinci xaricdə təhsil dövlət proqramı təsdiq edildi. Belə ki, birinci təhsil dövlət proqramı 2007-2015-ci illəri əhatə edirdi. Həmin proqramda 5 min azərbaycanlı gəncin xaricdə təhsil alması proqnazlaşdırılmışdı. Amma həmin proqram çərçivəsində 3500 azərbaycanlı gənc xarici ölkədə təhsil almağa getdi və onların təhsil alması üçün dövlət büdcəsindən 90 milyon manat vəsait ayrılmışdı. İndi isə təşkil olunmuş yeni dövlət proqramı əsasında il ərzində maksimum 400 gəncin dövlət büdcəsinin vəsaiti hesabına xaricə getməyi proqnazlaşdırılıb. Əvvəlki proqramda diqqət daha çox bakalavr səviyyəsinə ayrılmışdı. Amma indiki proqramda isə 80% magistratura pilləsinə yer ayrılacaq. Brifinqdə ikinci ən əsas məqam uşaq bağçaları və körpələr evinin müqəddəratı ilə bağlıdır. Bildiyimiz kimi ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən 2021-ci ilin dekabr ayında icra hakimiyyətlərindən alınaraq Təhsil Nazirliyinin tabeliyinə verildi.
Digər bir məsələ isə regional təhsil idarələri məsələsidir. Regional təhsil idarələri cənab Prezidentin fərmanı əsasında yaradılıb. Amma bir çoxları elə düşünür ki, rayon təhsil şöbələri ləğv olunacaq. Ancaq bu elə deyil. Hazırda rayon təhsil şöbələri şöbə olaraq yox, sektor olaraq fəaliyyət göstərəcəklər. Onlar öz yerlərində qalacaqlar. Ümumilikdə təhsil ağır bir sahədir və inanırıq ki, mövcud islahatlar bizi gələcəkdə təhsil sahəsində daha da inkişaf etdirməyə gətirib çıxardacaq.
- Bəzi diplomlar var ki, Azərbaycanda tanınmır. Bunun səbəbi nədir?
- Əvvəlki illərin təcrübəsi göstərir ki, xüsusən diplomların tanınması ilə bağlı bir sıra əsaslı tələblər olub. Hazırda bu tələblər yoxdur. Çox təəssüf ki, gənclərimiz Ukraynaya getdikdə Azərbaycanın diplom tanınma prosedurunu unudurlar. Gələcəkdə xaricə təhsil almağa gedən şəxslər xüsusilə 3 qaydanı xüsusən diqqətdə saxlamalıdır. Azərbaycan bütün ölkələrin diplomalarını tanıyır. Amma əgər, həmin ölkənin universitetində təhsil qiyabidirsə semestr ərzində 15 gün, əyanidirsə 90 gün olmalısınız. Çox təəssüf ki, Ukraynada təhsil alan gənclərimizin böyük əksəriyyəti tədris dilini bilmirlər. Həmin tələbələr qayıtdıqdan sonra iki sual verilir. Həmin ölkənin ərazisində nə qədər qalmısınız? Tədris dilini bilirsinizmi? Əgər 4 il ərzində tələbə həmin ölkənin universitetində təhsil alırsa və tədris dilini bilmirsə, Azərbaycanda həmin diplomun tanınmamağı çox normaldır.
Arzu Qurbanzadə