Kişilər niyə qadınlardan az yaşayır? - ARAŞDIRMA

2 Mart 2022 17:19 (UTC+04:00)

Şərtlərdən asılı olmayaraq, bu günə qədər kişilərin qadınlardan “az” yaşadığı elmi həqiqətdir. Bəs kişilərin qadınlardan qısa ömür sürməsinin səbəbləri nələrdir?

Əslində vəziyyət o qədər ciddidir ki, bu mövzuda aparılan araşdırmalar göstərir ki, 85 və daha yuxarı yaşda olan insanların 67%-i qadınlardır. Bəs kişilərin günahı nə idi ki, qadınlardan daha qısa ömür sürürlər? Bu hadisə həm vərdişlərlə, həm də genlərindəki bəzi əsas problemlərlə əlaqədardır. İstəyirsinizsə, gəlin bütün bunları birlikdə öyrənək.

Qədim dövrlərdə vəziyyət çox da fərqli deyildi. İsveçin hələ 1800-cü ildə demoqrafik göstəricilərə dair topladığı məlumatlar göstərir ki, o vaxtlar da qadınlar 33, kişilər isə 31 yaşa qədər yaşayırdılar. Bunun ən böyük səbəbi müharibələr, kişilərin qadınlardan qat-qat daha aktiv həyat tərzi sürməsi, spirtli içki və nəhayət tütün istifadəsidir.

İlk baxışdan düşünə bilərsiniz ki, kişilər daha az yaşayırlar, çünki onlar daha çox hərəkətli həyata üstünlük verirlər. Ancaq günümüzə nəzər saldıqda qadınların ən az kişilər qədər aktiv həyat sürdüyünü və siqaret və tütün istifadəsində onlardan geri qalmadıqlarını görmək olar.

Bildiyiniz kimi, bir hərəkətin nəticələrini qiymətləndirmək və ya mühakimə etmək imkanı verən beynimizin ön hissəsidir. Bu günə qədər aparılan araşdırmalar göstərir ki, kişilərin frontal lobları qadınlardan daha gec inkişaf edir.

Məhz bu ləng inkişafın sərxoş halda avtomobil idarə edərək əsəblərinə hakim ola bilməyərək özünə və ya başqalarına zərər verdiyini deyə bilərik. 2007-ci ildə aparılan bir araşdırma göstərdi ki, kişilər qadınlardan iki-dörd dəfə çox qətl, intihar və qəsdən yaralanma nəticəsində zərər görürlər.

Yəni kişilər atdıqları bir hərəkətin pis nəticə verə biləcəyini qadınlardan gec dərk edirlər. Bu, onların daha çox risk almasına, hətta həyatlarını təhlükəyə atmasına səbəb olur.

Bu günə qədər aparılan bir çox araşdırma göstərir ki, kişilər müxtəlif səbəblərə görə müntəzəm həkim qəbulundan qaçırlar. Nümunə olaraq Klivlend Klinikasının 500 kişinin iştirak etdiyi araşdırmanı götürək. Respondentlərin 60%-i müntəzəm olaraq həkimə getməkdən qəti şəkildə imtina edir.

Bir çox məşğuliyyətə saatlar sərf edən və 6 ayda 90 dəqiqə çəkəcək həkim ziyarətlərini gecikdirən kişilər, hər hansı ciddi xəstəlikləri olanda təbii olaraq bunu çox gec dərk edirlər. Bu, müalicəni çətinləşdirir və daha uzun yaşamaq üçün tədbirlər görmək bir az gecdir.

Bildiyiniz kimi, həm kişilər, həm də qadınlar ikiqat xromosomlara malikdir. Qadınlarda iki X xromosomu, kişilərdə isə X və Y xromosomları var. Qadınların iki X xromosomu olduğu üçün onların DNT-lərində hər genin sağlam bir nüsxəsi var. Beləliklə, hər hansı bir gendə problem varsa, onu ehtiyat nüsxə ilə əvəz edə bilərlər.

Kişilər üçün vəziyyət bir qədər fərqlidir. Onların hər birində yalnız bir X və Y xromosomu olduğu üçün "daha sağlam gen" nüsxəsi ola bilməz. Əlavələrin olmaması səbəbindən onların hüceyrələri qadınlara nisbətən daha çox zədələnir, bu da onları daha ciddi xəstəliklərə məruz qoymaq potensialına malikdir.

Qadınlar həyatları boyu “gənclik suyu” adlanan estrogen hormonundan faydalanırlar. Bədəndə antioksidant funksiyasını yerinə yetirən bu hormon, hüceyrələrə zərər verən zərərli kimyəvi maddələri təmizləyərkən, pis xolesterini azaldaraq, yaxşı xolesterini artırır və infarkt riskini azaldır.

Kişilərdə olan testosteron qısa müddətdə bədəni daha güclü etsə də, uzun müddətdə kişilərin daha az yaşamasına səbəb olur. Bu hormon pis xolesterini artırmaqla yanaşı, yaxşı xolesterini də azaldır.

Nothingham Universitetinin alimləri də daxil olmaqla bu günə qədər aparılan bir çox araşdırma kişilərin qadınlardan daha çox intihara meylli olduğunu göstərir.

Dünyanın bütün ölkələrində, inkişaf səviyyəsindən asılı olmayaraq, kişilərin ömrü qadınlardan daha qısadır. Bu İsveçdən Afrikaya qədər belədir

Cinsiyyətə görə olmasa da, kişilər arasında ürək-damar xəstəlikləri, ağciyər xəstəlikləri, metabolik sindrom, ağciyər-kolon-sidik kisəsi xərçəngləri daha çox rast gəlinir.

Müntəzəm olaraq idman etmək və sağlam qidalanmaya diqqət yetirməklə, ürək-damar xəstəlikləri və metabolik sindrom kimi xəstəliklərin yaranma ehtimalını azalda bilərsiniz. Bu cür həyat tərzi dəyişiklikləri kişi cinsi sağlamlığına da çox müsbət təsir göstərir.

Azərbaycanda 90 yaşına çatmış insan uzunömürlü hesab edilir. Dünya üzrə bu yaş həddi 100-dür. Azərbaycanda uzunömürlülərə xüsusilə dağlıq rayonlarda rast gəlinir. Əsasən Talış bölgəsində, İsmayıllı, Tovuz, Gədəbəy, Quba, rayonlarında üstünlük təşkil edirlər. Azərbaycanın ən uzunömürlü sakini Ginnesin rekordlar kitabına daxil edilən Şirəli Müslümovdur və o, 168 il yaşayıb.

Azərbaycanın 2018-ci ildə ən uzunömürlü (yəni yaşı verifikasiya olunmuş) sakini Lənkəranın Gərmətük kəndində yaşayan 108 yaşlı Vəsmə Məmmədovadır.

SİA məsələ ilə bağlı araşdırma apararaq ekspert, sosioloq və psixoloqların fikirlərini öyrənib:

Həkim infeksionist Xatirə Əliyeva: “Qadınların uzun ömür sürməsi kişilərlə müqayisədə onların sağlam həyat tərzləri, yaşaması ilə deyil, orqanizmlərində qocalmanı ləngidən əlavə gen sürətinin olması ilə əlaqələndirilir. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi statistikaya əsasən hal-hazırda insanların yaşama ömrü 71 yaşdır. Dünya ölkələri üzrə qadınların yaşama müddəti 73 il, kişilərinki isə 68 il təşkil edir. Bu tendensiyanın yəni, qadınların kişilərə nisbətən daha uzunömürlü olmasını antropoloqlar ictimai icma quruluşunda yaşamış xalqlar arasında da müşahidə olunduğunu müəyyən etmişlər.

Ənənəvi olaraq kişilərin az yaşamasını onların qeyri-sağlam həyat tərzi sürməsi, kökəlmə, alkoqol, tütün, narkotik vasitələrə meylli olması ilə əlaqələndirmişlər. Lakin Kaliforniya institutunun alimləri Deno Dubl və onun həmkarları qadınların və kişilərin çox yaşamasının səbəbini sosial şəraitlə deyil, genetika ilə əlaqəli olduğunu qeyd etmişlər.

İnsan genetik tədqiqat obyekti kimi çox böyük spesifikliyə malikdir. Bu o deməkdir ki, insanın irsiyyəti onda baş verən dəyişiklikləri öyrənmək çox çətindir. Son zamanlar insan genetikası xeyli inkişaf etmişdir. 1956-cı ildə dəqiq müəyyən edildi ki, insanın hüceyrəsində xromosomların diploiq sayı 46-dır. Xromosomların quruluşunun tətbiqi 20-ci əsrin 60-cı illərindən başlayaraq öyrənilmişdir. İnsanın normal kariotipi 22 cüt autoson və bir cüt cinsiyyət xromosomlarından yəni, kişilərdə XY, qadınlarda isə XX xromosomlarından ibarətdir.

Deno Dubl və onun həmkarları tədqiqat apararkən müəyyən etdilər ki, Y kişi xromosomları həyati əhəmiyyətli genlərdən məhrumdur. Qadın X xromosomları isə həm zəif, həm də güclü cins üçün həyati əhəmiyyətlidir.

XY xromosomları beyin və digər orqanların işində həm struktur, həm də fəaliyyət baxımından böyük əhəmiyyətləri vardır və bu tədqiqatlar nəticəsində belə bir nəticə alındı ki, qadınların uzunömürlü olmalarının səbəbi onlarda X xromosomlarının olması ilə əlaqədardır”.

Psixoloq Zeynəb Eyyubova: “Belə bir deyim var ki, kişilər qadınlardan az yaşayır. Amma bu tam olaraq da belə düşünülməməlidir. Sadəcə qadınlar daha dözümlü olduğu üçün, hadisələri daha rahat baxdığı üçün bu belədir.

Qadınlar dərdini danışarkən rahatlayır, kişilər isə problemi həll etmək üçün çalışır. Kişilər daha çox narahat olur. Buna görə də qadınların ömrü daha uzundur.

Onu da qeyd edim ki, kişilər sağlamlıqları ilə məşğul olmur, həkimə nadir hallarda üz tuturlar. Əksər qadınlarda isə bu belə deyil”.

Sosioloq Əhməd Qəşəmoğlu: “Əvvəla birmənalı olaraq hökm vermək ki, kişilər qadınlardan az yaşayır, biraz tələsiklik olar. Statistika göstərir ki, müəyyən yaşdan sonra kişilərin sayı azdır, nəinki qadınların. Amma bu o demək deyil ki, əsas faktor onların cinsi ilə bağlıdır ki, onlar kişidir ona görə az yaşayırlar.

Bir çox şeylər onların həyat tərzi ilə bağlıdır. Kişilər daha çox deyək ki, yol qəza hadisələrində tez ölürlər. Çünki onlar yollarda daha çox olurlar. Yəni, orada kişilərin sayı çox ola bilir. Müharibələrdə ölürlər, xarakterlərinə görə kişilər daha çox dalaşırlar. Ölüm hadisələri davalara görə olur.

Digər tərəfdən müəyyən fakror var ki, o kişi cinsinin özünün müəyyən xəstəlikləri olur. Kişi cinsinə mənsub olan xəstəliklər var ki, bunlar daha tez öldürücü xüsusiyyətə malikdir. Prostatla bağlı xəstəlikləri misal göstərmək olar.

Statistikanı pozan bir məsələ də var. Məsələn, lap yaşlı qadınları götürəndə onların arasında elələri var ki, onların doğum tarixi reallığa uyğun deyil. Əvvəllər sovet vaxtında bu daha çox idi. Ötən əsrin 20-ci illərində sovet hökuməti təzə qurulanda bir çox kişilər var idi ki, cavan qızlarla evlənmişdilər. Yaşları özlərindən 40-50 olsa da, evləndiklərinin 13-14 və yaxud 20 yaşları var idi. Əhalini siyahıya almağa gələndə kişilərin bir çoxu öz arvadının yaşını 15-20 il artıq yazdırmışdılar. Bizim kənddə də belə hallar var idi. Məsələn, mənim anamın bir yaşıdı. Anamın 82 yaşı olanda onun 100 illiyini keçirdilər. Ona görə bir çox amillər burada rol oynayır.

Kişilər bir qayda olaraq daha tez əsəbiləşirlər. Qadınlarda isə biraz mülayim xarakter var. Onlar kişilər kimi tez əsəbiləşmir. O tez əsəbiləşməyin özü də xeyli xəstəlik yaradır.

Kişilər spirtli içkilərdən daha çox istifadə edirlər. Spirtli içkilər də insanın səhhətinə güclü ziyan vurur. İnsan ömür boyu ya özünü məhv edir, ya da özünün sağlamlığı, müalicəsi ilə məşğul olur.

Kişilərin yediyi qidalar arasında təhlükəli qidalar daha çoxdur. Çox vaxt heç əhəmiyyət vermirlər. Səfərdə olurlar, əllərinə nə keçdi yeyirlər. Qadınlar isə bir qayda olaraq mətbəxdə özlərinə uyğun arzu etdikləri xörəkləri hazırlayırlar. Ona görə məsələyə geniş aspektdən baxmağa ehtiyac var”.

Ayşən Vəli