Sosial şəbəkələr biabırçı vəziyyətdədir - CƏMİYYƏTİN BAXIŞI - SORĞU

2 Mart 2022 14:51 (UTC+04:00)

Müasir informasiya-kommunikasiya texnologiyaları günü-gündən inkişaf edir. Bu inkişaf özünün faydası ilə yanaşı, yeni təhlükələr də gətirir. Bu təhlükələrdən biri də sosial şəbəkələrdir. Sosial şəbəkələrin müsbət tərəfi çoxdur. İnsanların bir-biri ilə ünsiyyət qurmasında, müəyyən məsələlərin müzakirəsində çox böyük üstünlüklər yaradır. Lakin sosial şəbəkələrdən düzgün və səmərəli istifadə olunmadıqda böyük fəsadlara yol aça bilər. SİA bu məsələ ilə bağlı sorğu keçirərək şəhər sakinlərinin fikrini öyrənib.

Şəhər sakini Dilbər Məmmədova: "Bəzi insanlar sosial şəbəkələrdən düzgün istifadə etmirlər. Belə insanlara qarşı münasibətim təbii ki, mənfidir. Çünki sosial şəbəkələrdən hər yaş qrupundan olan insanlar istifadə edir. Əslində bu suala birmənalı cavab vermək çox çətindir".

Şəhər sakini Firdovsi Şükürov: "Sosial şəbəkələr inkişafımızın bir hissəsi olduğu üçün bundan imtina etmək mümkün deyil. Lazımlı məlumatların yayılması üçün sosial şəbəkələr çox vacibdir. Amma bəzən sosial şəbəkələrdə qeyri-etik hərəkətlərə yol verirlər. Bəzi insanlar təhqir etməklə bu məsələnin həllinə çalışırlar. Bu isə düzgün deyil. Demokratik cəmiyyətdə yaşayırıq. Düşünürəm ki, bu cür şəxsləri tənqid yolu ilə islah etmək olar".

Şəhər sakini Günel Xələfbəyli: "Sosial şəbəkələrdən qeyri-etik istifadə qəbuledilməzdir. Tez bir zamanda bunun qarşısı alınmalıdır. Lakin, bəzi insanlar iş görmək, məlumat əldə etmək və ya insanlara kömək etmək məqsədilə sosial şəbəkələrdən istifadə edirlər. Deməli sosial şəbəkələrdən düzgün şəkildə istifadə etmək də mümkündür".

Şəhər sakini Möhübbət Adışov : "Ümumiyyətlə, son zamanlarda sosial şəbəkələrdən yanlış istifadə edən insanların sayı artıb. İstənilən sosial şəbəkədə etikadan kənar sözlər və davranışlarla qarşılaşmaq olar. Hətta bu yolla pul qazananlar da var. Həmin şəxslərin düzgün maarifləndirilməsi bu məsələnin həllinin başlanğıcı ola bilər".

Şəhər sakini Elnarə Nağıyeva: "Sosial şəbəkələr biabırçı vəziyyətdədir. Bu vəziyyətə görə insan sosial şəbəkələrdən istifadə etməkdən xəcalət çəkir. Xüsusilə də uşaqların belə şeylərlə qarşılaşması heç doğru deyil. Uşaqlara düzgün tərbiyə vermək istəyiriksə onları sosial şəbəkələrdən uzaq tutmaq lazımdır".

Şəhər sakini İntiqam Bağıyev: "Sosial şəbəkələrdən düzgün istifadə edənlərlə yanaşı, pis niyyətlə istifadə edənlər də var. Amma belə insanlara görə sosial şəbəkələri faydasız hesab etmək düzgün deyil. Çünki sosial şəbəkələr inkişaf üçün lazımlı vasitədir və həyatımızın böyük bir hissəsini təşkil edir".

Şəhər sakini Fərid Əsgərov: "Təbii ki, sosial şəbəkələrdən düzgün istifadə etməyənlərə qarşı münasibət yaxşı ola bilməz. Uyğunsuz videolar paylaşan, düzgün qəbul olunmayan sözlərdən istifadə edənlər bu sosial şəbəkələrdən uşaqların da istifadə etdiyini nəzərə almırlar. Əslində uşaqların sosial şəbəkələrdən, ümumiyyətlə telefondan istifadə etməsi düzgün deyil. Belə vəziyyətdə onların doğru istiqamətlənməsi mümkün deyil".

Şəhər sakini İlahə Kərimli: "Son zamanlarda sosial şəbəkələrdən düzgün istifadə edilməməsinin şahidi oluruq. Buna görə də insanlar sosial şəbəkələrin mənfi cəhətləri ilə yanaşı, müsbət cəhətlərini də bilməlidirlər. Sosial şəbəkələrdən düzgün yararlandıqda onun faydaları zərərlərindən daha çox ola bilər".

Ləman Əlizadə