2 mart 2022-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə "1 mart Ümumdünya İmmunitet Günü"nə həsr olunmuş "Pediatrik immunologiya və infeksion xəstəliklər" mövzusunda Beynəlxalq Elmi Konfransın ikinci günü öz işinə başlayıb. SİA xəbər verir ki, konfransın ikinci günündə Mərkəzi Gömrük Hospitalının rəisi Elman Məmmədov salamlama nitqi ilə çıxış edərək uşaq xəstəliklərinin erkən diaqnostika və müalicə işinin təşkili sahəsində beynəlxalq elmi tədqiqatların nəticələrinin araşdırılması, beynəlxalq təcrübənin öyrənilməsi, eləcə də yerli və xarici mütəxəssislərarası təcrübə mübadiləsinin təmin edilməsinin çox mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. Mərkəzi Gömrük Hospitalının həm maddi-texniki baza həm də yüksəkixtisaslı kadr potensialı cəhətdən uşaq sağlamlığının qorunması istiqamətində geniş təcrübəyə malik olduğunu qeyd edən E.Məmmədov konfransın yerli və beynəlxalq təcrübənin öyrənilməsi baxımından əhəmiyyətli bir platforma olacağına inandığını qeyd edib. O, çıxışının sonunda konfransın işinə uğurlar arzu edərək hər kəsi interaktiv müzakirələrdə aktiv iştirak etməyə dəvət edib.
Konfransın elmi hissəsinin günün birinci yarısında Mərkəzi Gömrük Hospitalının Pediatriya və neonatologiya şöbəsinin rəisi, pediatr-neonatoloq-reanimatoloqu Telman Aytayev və Ege Universiteti Tibb Fakultəsinin pediatr-immunoloqu Neslihan Karacanın moderatorluğu ilə “Limfoadenopatiyalı uşaqlara yanaşma” paneli ilə, günün ikinci yarısında isə Səhiyyə Nazirliyinin baş neonatoloqu, ETMGİ-nin Neonatal reanimasiya şöbəsinin müdiri Rüstəm Hüseynov və Ankara Universiteti Tibb Fakultəsinin neonatoloq-reanimatoloqu Emel Okulunun moderatorluğu ilə “İnfeksiyaya nəzarət tədbirləri” paneli ilə, eləcə də Mərkəzi Klinik Xəstəxananın Pediatriya və neonatologiya şöbəsinin müdiri, pediatr-neonatoloqu Sevda Əsədova və İstanbul Mədəniyyət Universiteti Tibb Fakultəsinin professoru Fahrı Ovalının moderatorluğu ilə “İnfeksiyalara müasir yanaşma” paneli ilə öz işini davam etdirməsi planlaşdırılıb.
500 nəfərədək həkimin ZOOM Platforması üzərindən onlayn olaraq iştirak etdiyi konfransın ikinci günündə 3 paneldə yüksəkixtisaslı mütəxəssislər tərəfindən ümumilikdə 8 məruzənin təqdim edilməsi və konfransın ikinci gününün də Mərkəzi Gömrük Hospitalının rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanması nəzərdə tutulub.
Qeyd edək ki, 2 günlük Beynəlxalq Elmi Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunaraq 16 DTT balı ilə qiymətləndirilib.