Ermənistanda yenidən Azərbaycana “meydan” oxuyurlar (?!) TƏRS BAXIŞ+AKTUAL

2 Mart 2022 09:32 (UTC+04:00)

Artak Zakaryan: “Qarabağ Ermənistanın, ya da Rusiyanın tərkibində müstəqil ola bilər, amma heç cür Azərbaycanın tərkibində ola bilməz”

44 günlük İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətə uğradıldıqdan sonra Azərbaycanın qarşısında diz çökən Ermənistan kapitulyasiya sənədinə imza atdı və məlum olduğu kimi, məğlub olduğunu rəsmi şəkildə təsdiq etdikdən sonra Azərbaycanın və Rusiyanın iştirakı ilə üçtərəfli bəyanata imza atdı. Bu, o demək idi ki, Ermənistan üçtərəfli bəyanatda irəli sürülən bütün bəndlərə riayət etməklə növbəti proseslərdə sülh sazişinin imzalanmasına doğru gedəcək.

Lakin rəsmi bəyanatın imzalanması faktının üzərindən 1 il 4 aya yaxın müddət keçməsinə baxmayaraq, Ermənistan nəinki oradakı bəndlərin realizə olunmasına əməl etmir, əksinə, biz zaman-zaman İrəvanın Bakıya qarşı yenidən sərsəm bəyanatlar və fikirlər səsləndirdiyinin şahidlərinə çevrilirik.

Ermənistanın Qarabağ ətrafındakı manipulyasiyaları, oyunbazlıqları istər-istəməz Azərbaycanın adekvat tədbirlər görməsi mümkünlüyünü daha da artırmış olur

Maraqlı məqam budur ki, müharibədən sonra Ermənistanın Müdafiə Nazirliyində, eləcə də Baş qərargahında baş verən qarşıdurmalar bu güc qurumunun ipdən asılı vəziyyətdə olduğunu isbat edir. Xüsusilə, Baş qərargah rəislərinin tez-tez dəyişdirilməsi, həmçinin, son təyinata qədər müdafiə nazirlərinin də bir-birlərini əvəzləmələri Ermənistan ordusunun hansı “səviyyədə” olduğunu açıq-aydın göstərməkdədir. O cümlədən, ölkədəki ağır iqtisadi durum, xalqın Ermənistanı kütləvi şəkildə tərk etməsi halları da ölkənin dalana dirənmiş vəziyyətdə qaldığını isbatlayır.

Amma bu və bu kimi digər amillərə rəğmən, Ermənistanın hələ də Qarabağ ətrafındakı manipulyasiyaları, oyunbazlıqları istər-istəməz Azərbaycanın adekvat tədbirlər görməsi mümkünlüyünü daha da artırmış olur. Qarabağda qalmış separatçı-quldur rejimin hazırda da Ermənistan rəhbərliyi tərəfindən idarə olunması, təlimatlandırılması, İrəvanın quldur rejimə bu və ya digər şəkildə maliyyə və s. dəstəklərini göstərməsi, Ermənistanın hökumət və dövlət adamlarının “artsax” ifadəsi altında Bakının əsəbləri ilə oynaması artıq bıçağın sümüyə dirənməsi reallığını tam çılpaqlığı ilə ortaya qoymuş olur.

Antiterror əməliyyatlarına zərurət yaranır – presedentlər kifayət qədərdir!

Əbəs deyil ki, artıq Azərbaycan Ordusu separatçıların yaşadıqları Əsgəran şəhərinin girişində qazılan istehkamlara, səngərlərə, dayaq nöqtələrinə cavab olaraq səsgücləndiricilər vasitəsi ilə xəbərdarlıqlarını çatdırır, separatçı-quldurlara xatırladılır ki, onlar Azərbaycanın suveren ərazilərindədirlər və orada Azərbaycan qanunları tətbiq edilməlidir.

Daha dəqiq desək, rus sülhməramlıları kontingentinin müvəqqəti məsul olduqları ərazilərimizdə silahlı separatçılar tərəfindən qanunsuz hərəkətlərin qeydə alınması, edilən çoxsaylı (!!!) xəbərdarlıqlara rəğmən, bu xəbərdarlıqlara etinasızlıqların göstərilməsi onlara qarşı antiterror əməliyyatlarının başlanması tələblərini aktuallaşdırmaqdadır. Yəni bunun üçün presedentlər kifayət qədərdir!

Amma digər məqamlar da var ki, məhz həmin məqamlara əsaslanmaqla yalnız Qarabağdakı separatçıların deyil, Ermənistanın hakimiyyət dairələrinin də birdəfəlik susdurulmaları üçün qəti addımların atılması zərurəti meydana çıxmış olur.

Güclü Ordumuz və həyata keçirilən qətiyyətli siyasət də həmin tələbin çox qısa müddətdə reallaşdırılmasına imkan verir

Necə ki, zamanında Ermənistanın keçmiş müdafiə naziri Tonoyan “yeni müharibə, yeni ərazilər” iddiasını irəli sürdü və cavabını aldısa, bundan sonra digər erməni hərbi isteblişment təmsilçilərinin də səsləndirdikləri sərsəm bəyanatlarına qarşı birdəfəlik (!!!) əməli tədbirlərin görülməsi vacibliyi yaranıb.

Beləliklə, növbəti dəfə İrəvanda “Qarabağ Ermənistanın, ya da Rusiyanın tərkibində müstəqil ola bilər, amma heç cür Azərbaycanın tərkibində ola bilməz” ifadəsi səsləndi və belə ifadələr lik dəfədir ki, gündəmə çıxarılmır. Növbəti fikri səsləndirən isə Ermənistanın müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan oldu. Onun sözlərinə görə, bu məsələ, yəni Qarabağın Ermənistanın, ya da Rusiya Federasiyasının tərkibində müstəqil olması tipli axmaq fikir, yaxud “ideya” Ermənistanın bütün siyasi çevrələri üçün gündəmə çevrilməliymiş (???!!!)

Gəlin, adıçəkilən sərsəmin ağzından çıxan fikrə diqqət yetirək: “Artsax məsələsi üzrə mövqeyinin formalaşması çox vacibdir, bizdən bunu gözləyirlər. Ermənistanın siyasi həyatında proseslərin yoxluğu həm Ermənistanın, həm də “Artsaxın” ziyanına işləyir”.

Yəni fakt budur ki, erməni müdafiə nazirinin sabiq müavini açıq-aşkar Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxış edir, həmçinin Qarabağ mövzusunun Ermənistanın gündəmində qalmalı olduğunu bildirir. Bu isə isbat edir ki, İrəvandakı bir sıra ünsürlər – istəyir hakimiyyətdə olsunlar, istəyirsə də müxalifətdə - onların heç biri hələ də ağıllanmayıblar və həmin ünsürlərə yenidən ağıl verməyin zamanı yetişib, bəlkə də gecikib!

O da sirr deyil ki, Ermənistanın həm müxalifətində, həm də iqtidarında Qarabağla bağlı işğalçılıq meyilləri qalmaqdadır. Əks halda, Ermənistanın hakimiyyət nümayəndələri açıq-aşkar Qarabağa maliyyə yardımlarının ayrılmasından tutmuş digər məsələlərlə bağlı separatçıları İrəvana dəvət edərək onlarla görüşlər keçirməzdilər. Bütün bunlar isə artıq məsələnin birdəfəlik həlli tələbini ortaya çıxarır – bu tələb Xankəndi də daxil olmaqla yerdə qalan ərazilərimizin də rəsmi şəkildə Azərbaycan dövlətinin yurisdiksiyası altına keçməsi tələbidir. Güclü Ordumuz və həyata keçirilən qətiyyətli siyasət də həmin tələbin çox qısa müddətdə reallaşdırılmasına imkan verir. Elə isə bəs nəyi gözləyirik?

Rövşən RƏSULOV