Od çərşənbəsində xalqımız nə edir? -CƏMİYYƏTİN BAXIŞI

1 Mart 2022 18:24 (UTC+04:00)

Novruz bayramından əvvəlki son 4 çərşənbəyə Azərbaycan mədəniyyətində xüsusi yer verilir. Çərşənbələrə 4 ünsür (su, od, külək və torpaq) ilə əlaqədar ənənələr daxildir. Od çərşənbəsi Novruz bayramının 2-ci ünsürüdür. Bu çərşənbə qədim insanların Günəşə, oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.

Şəhər sakini Günel Vəliyeva: “Hər bir evdə olduğu kimi çərşənbələrdə biz də pilov dəmləyirik, tonqal qalayırıq. Bunlarla yanaşı son çərşənbə də, müxtəlif fallar edirik. Qapı dinləyirik, üzük falı edirik. Bir çox adamlar bu fallara inanmasa da mən çox inanıram. Həmçinin qonşulara papaq atırıq. Bayramdan qabağ da bayram şirniyyatları bişirib, evləri təmizləyirik. Bununla da, hiss edirik Novruz bayramı yaxınlaşır”.

Şəhər sakini Yavər Mirzəliyev: “Bizim ən əziz bayramımızdır. Bütün xalqımızı bol ruzi-bərəkət arzu edirəm. Bütün insanlar xoş və firəvan ömür sürsünlər.Novruz bayramının çərşənbələri çox maraqlıdır. Keçmiş dövrlərdən indiyənə qədər bu bayramda olan oyunlar, maraqlı səhnəciklər hamının üzündə gülüşə və xoş xatirələrə səbəb olur. Bütün küsülülər bir-biri ilə barışırlar. Bu bayramda heç kim küsülü qalmır".

Şəhər sakini Safura Quliyeva: “Fikrimcə, illər keçdikcə bayram adət-ənənələri öz aktuallığını itirir. Lakin yenə də, hər il olduğu kimi bu ildə ailə üzvlərim ilə bu bayramı qarşılayacam. Bildiyiniz kimi bütün bayramların öz simvolları olduğu kimi Novruz bayramının da özünə aid simvolları var. Hər il səməni qoyub, xonçanı nəvələrimlə birlikdə bəzəyirəm. Bu bayramı ən çox uşaqlar sevirlər. Papaq atırlar, tonqaldan tullanırlar".

Şəhər sakini Yaqut Hüseynova: “Novruz bayramı gəlməmişdən öncə biz çərşənbələri qeyd edirik. Od şərşənbəsi münaisbətilə bütün Azərbaycan xalqını təbrik edirəm. Ocağımız hər zaman isti olsun. Bir çox gözəl adətlərimiz var. Bilirəm ki, bu adət-ənənələrə bir çox insanlar riayət edirlər. Bir çox ölkələrdə bu bayrama xüsusi yer verilir".

Şəhər sakini Kamil Məmmədov: “Novruz bayramını bütün azərbaycanlıların bayramıdır. Bu bayramın düşünürəm ki, islamla heç bir əlaqəsi yoxdur. Çünki İslam dinin yaranmasından bir çox il əvvəl bu bayram yaranmışdır. İnşallah o gün olsun ki, bütün Qarabağ əhli ilə gözəl və əzəli Qarabağımızda Novruz bayramını qeyd edərik. Bilirəm ki, o günlər yaxındadır”.

Şəhər sakini Natavan Məmmədova: “Bütün müsəlman dünyası Novruz bayramını qeyd edir. Bu bayram yeni il əlamətidir. Bizim 4 çərşənbəmiz var. Keçmiş zamanlarda qışdan çıxan əhali hər çərşənbədə evlər təmizlənir, yeni paltarlar alınırdı. Çərşənbələr olduğu zaman toyuq və ya it döyüşdürmək, kəndir oynatmaq, qapı pusmaq, üzük falı etmək, çilə çıxartmaq və s. kimi proseslər həyata keçirdirdilər. Gəcnlər həmzəli deyilən oyun oynayırdılar. Bütün bunların hamısı insanlara xoş emosiya verirdi. Ən əsas məsələ keçəl və kosa obrazlarının olması idi. Onlar müxtəlif növ səhnəciklər hazırlayaraq insanların xoşbəxt olmasına səbəb olurdular. Cavan oğlanlar keçmiş zamanlarda qamətlərinin gözəl görünməsi üçün xüsusi milli geyim geyinirdilər. Həmin geyimlərində belində şal bağlanardı. Gənc oğlanlarda sevdiyi qızın bacasından həmin şalı atardı. Lakin son illər də yaranmış papaq atdı prosesi ilə heç razılaşmıram. Çünki papaq bizim qeyrət rəmzimizdir”.

Şəhər sakini Şöhrət Məmmədov: “Od çərşənbəsi Novruz bayramımızın 2-ci çərşənbəsidir. Bu çərşənbələrin hər biri 4 ünsürlə bağlıdır. Od çəşənbəsində tonqal qurulur, insanlar tonqaldan atlanaraq öz ağırlıqlarını odda qoyurlar. Şəhərdə bayramlar daha soyuq keçirilsə də, lakin rayonda isə hər şey tamam fərqlidir. Rayonda qonşular bir yerə yığılar, öz evlərində bişirdikləri yeməklərdən gətirib birlikdə süfrə açarlar. Məhlənin kişiləri isə tonqal qalayaraq, somovar çayı qaynadıb, nərdtaxta oynayırlar”.