Şuşa Azərbaycanın şah damarıdır

1 Mart 2022 16:59 (UTC+04:00)

“2022-ci ilin “Şuşa ili” elan edilməsi çox aktual və tarixi bir məsələdir. Şuşa tək Qarabağın yox, bütövlükdə Azərbaycanın şah damarlarından biridir”. Bu sözləri SİA-ya açıqlamasında AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu, tarix elmləri doktoru Vaqif Abışov bildirib.

Onun sözlərinə görə, Şuşa Azərbaycanın elə bir hissəsində yerləşir ki, düşmənlə sərhəddədir: “Eyni zamanda Şuşa həmişə Azərbaycan üçün bir dayaq rolunu oynayıb. “Şuşa ili” elan edilməsi isə bir çox sahələrdə yeni bir stimul olacaq.
Şuşa tarixinə yenidən baxılması, festivalların, poeziya günlərinin keçirilməsi üçün bir stimuldur. Cənab Prezident tərəfindən belə bir sərəncamın verilməsi çox mühim əhəmiyyət kəsb edir.
Bu yeni bədii əsərlərin, dissertasiyaların yazılmasına təkan verəcək.
Biz tarixçilər isə bu ilin “Şuşa ili” elan edilməsinə xüsusi önəm veririk. Bizim Tarix İnstitutu da bununla bağlı konfrans keçirib. Eyni zamanda yeni konfransların keçirilməsi də nəzərdə tutulub.
Beynəlxalq konfranslar da keçiriləcək. Biz isə bu zaman tariximizi tanıtdırmalıyıq.
Azərbaycanın hansı diyarına gedirsən-get, istənilən yerin tarixi olduqca zəngindir. Qarabağın tarixi əhəmiyyətləri bölgələri daha çoxdur. Burada 17,18-ci əsr tikililəri var.
Bütün bunları nəzərdə aldıqda Şuşa da Azərbaycanın ən zəngin tarixə malik bölgəsidir. Bu il çərçivəsində isə biz orada daha yaxşı tarixi araşdırmalar apara biləcəyik”.

Səbinə Hüseynli