Bu gün Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə mətbuat konfransı keçirilib. Konfransın əsas məqsədi “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almasına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” ilə bağlı geniş məlumatların verilməsi və media nümayəndələrinin suallarının cavablandırılmasından ibarətdir. Eyni zamanda müəllimlərin işə qəbulu ilə bağlı da yeniliklərlə bağlı məlumatların verilməsi nəzərdə tutulub.
“Hər il 400 nəfərdən çox olmamaq şərti ilə, xüsusilə də magistr təhsili üzrə qarşıdakı 5 il ərzində xarici ölkələrin ən nüfuzli ali təhsil müəssisələrində tələbələrin təhsilinə maliyyə dəstəyi verməkdən ibarətdir. Maliyyə dəstəyi dedikdə həm təhsil haqlarının ödənilməsi, həm də ölkələrin xüsusiyyətlərini nəzərə almaqla mərkəzləşdirilmiş qaydada təqaüdlərin verilməsi nəzərdə tutulur”. Bu sözləri çıxışı zamanı təhsil naziri Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, bu proqram çərçivəsində təqaüd qazanmış tələbələrin sığorta və digər xərcləri də ödəniləcək: “Qısaca desək, təhsillə bağlı bütün xərclər ödənilir. Proqramda bəzi sahələrin adları müəyyən edilib. Təbii ki, proqram bu sahələri əhatə edəcək və bu sahələrdən kənarda olanları isə əhatə etməyəcək. Bu sahələrə İT, Statistika və verilənlərin təhlili, Fundamental və tətbiqi elmlər, mühəndislik, Energetika, İqtisadiyyat, Maliyyə, Kənd Təsərrüfatı, Dövlət İdarəetməsi, Nəqliyyat və Logistika, Energetika, İqtisadiyyat ixtisasları aiddir. Bu ilki proqramın əvvəlki proqramdan nisbətən fərqi ondan ibarət olacaq ki, Təhsil Nazirliyi olaraq növbəti ildən başlayaraq konkret proqramları elan edəcəyik.
Təbii ki, bu proqramı bitirən şəxslərin ölkələrinə qayıtmaları da təmin ediləcək. Məntiqlə bu proqramdan məzun olan 400 nəfər Azərbaycan əmək bazarında iş tapma pronlemi ilə üzləşməyəcək. Lakin bununla əladəqar müyyən layihələr də hazırlanır”.
Səbinə Hüseynli