Politoloq Anar Əliyevin "Səs" qəzetinə müsahibəsi
- Anar müəllim, Rusiya-Ukrayna müharibəsi genişlənə və bütövlükdə Avropanı bürüyə bilərmi?
- Təəssüflər olsun ki, ABŞ və onun Qərb müttəfiqləri ilə Rusiya arasındakı mübarizə Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə nəticələndi. Artıq bu hərbi müdaxilənin mənfi nəticələrini Ukrayna xalqı və dövləti ciddi şəkildə yaşamaqda və çəkməkdədir. Amma Qərb dövlətləri və Amerika tərəfindən Rusiyaya qarşı proqnozlaşdırılması belə mümkün olmayan çox böyük həcmli iqtisadi sanksiyaların tətbiq olunub. Buna baxmayaraq, Rusiya müharibəni dayandırmaq fikrində deyil. Eyni zamanda, Rusiyanın Ukraynanın neytral zonaya çevrilməsi ilə bağlı Ukrayna tərəfindən artıq ilkin razılaşmaların verilməsi onu deməyə imkan verir ki, qısa müddət ərzində münaqişə özünün tənzimlənmə mərhələsinə daxil olacaq. Dünən Ukrayna və Rusiya nümayəndələri arasında Belarusda keçirilən görüşdə bunu deməyə imkan verir.
- Yayılan məlumatlara görə, görüş nəticəsiz qalıb. Bundan sonra hadisələr necə olacaq?
- Bəli, əvvəldən də proqnozlaşdırıldığı kimi, ilkin görüşdə tərəflər öz tələblərini qarşı tərəfə səsləndirməklə danışıqlara başladılar. Amma hesab edirəm ki, artıq təmasların başlanması özü bir irəliləyişdir. İki münaqişədə olan tərəf arasında nümayəndə heyəti səviyyəsində masa arxasında müzakirələrin aparılması artıq hərbi əməliyyatların yaxın vaxtlarda dayandırılacağı və məsələlərin, münasibətlərin diplomatik yollarla danışıqlar vasitəsi ilə həllinə cəhd ediləcəyini deməyə imkan verir. Amma təbii ki, müharibə qısa müddət ərzində də çox ciddi fəsadlarını törətməkdədir. Bu fəsadlar yalnız Ukrayna və Rusiya dövlətinə zərbələr vurmaqla yekunlaşmadı. Artıq yüz minlərlə ukraynalı vətəndaş münaqişədən yayınmaq və qaçmaq üçün Avropaya üz tutur ki, bunlar təbii ki, indiki halda Avropa üçün çox ciddi miqrand yaradır. Eyni zamanda, artıq neft məhsulları, neft məhsullarının və xüsusilə də mavi qazın, məişət qazının qiymətlərində sürətli artım baş veribdir. Avropa ölkələrinin qaz anbarlarında bəzi məlumatlara görə, hətta 95 faizə qədər ehtiyatlar artıq tükənib, istifadə edilibdir. Bu fonda təbii ki, Avropa dövlətləri və Avropa istehlakçısı münaqişənin həm də iqtisadi nəticələrini, zərbələrini öz üzərində görməkdədir.
- Deməli, müharibənin dayandırılmasında Avropa dövlətləri maraqlı olacaqlar?
- Bəli, hesab edirəm ki, Ukrayna və Rusiya arasında münaqişənin danışıqlar müstəvisinə keçməsində həm də Avropa xalqları və dövlətləri maraqlıdırlar. Tərəflər arasında razılaşmaların əldə olunması Avropa dövlətləri də ciddi cəhdlərlə öz töhfəsini verməyə çalışacaqlar. Münaqişə danışıqlar yolu ilə nəticələr əldə edilərsə hesab edirəm ki, Rusiyaya qarşı tətbiq edilən və tətbiq edilməsi planlaşdırılan bir çox sanksiyalarda aradan qaldırılmış ola bilər. Bu regionumuz, bölgəmiz, eyni zamanda, Ukrayna və Rusiya dövlətləri, xalqları xüsusilə də Şərqi Avropa ölkələri, onların iqtisadiyyatı üçün də çox böyük problemlərin, zərbələrin qarşısını almış olacaqdır.
- Müharibənin uzanmasından dünya hansı zərərləri görə bilər?
- Hesab edirəm ki, Rusiya mətbuatının və ya Qərb mətbuatının səsləndirdiyi kimi heç də bu münaqişə birtərəfli qaydada bir tərəfə zərbə, ziyanlar vurmaqla yekunlaşmayacaqdır. Bu münaqişənin vurduğu zərbələri demək olar ki, dünya iqtisadiyyatı və dövlətlərarası münasibətlərdə, beynəlxalq münasibətlərdə çox ciddi yeni elementlərlə özünü göstərəcəkdir. Eyni zamanda, hesab edirəm ki, Rusiya Ukrayna böhranı yeni bir situasiya, dünya düzəni formalaşdırdı və bu situasiyadan irəli gələrək bu situasiyanın irəli sürdüyü tələbin nəticəsi olaraq, həm beynəlxalq təşkilat olaraq, BMT-nin və onun Təhlükəsizlik Şurasının daha işlək bir mexanizmə çevrilməsi ilə bağlı yaxın qarşıdakı illərdə biz çağırışların, təkliflərin səsləndirilməsini eşidə biləcəyik. Eyni zamanda, Ukrayna böhranı həm də dövlətlərin ərazi bütövlüyü, sərhəd toxunulmazlığı məsələsinə xüsusilə də, separatçı rejimlərə qarşı beynəlxalq müstəvidə mövcud olan ikili yanaşmanın nə qədər qorxulu olduğunu bir daha göstərdi. Məsələn, Luqansk və Donetskdə separatçı rejimlərinin Rusiya tərəfindən tanınmasını kəskin şəkildə qınayan Fransa dövləti və senatı Azərbaycan daxilində yəni Qarabağdakı erməni separatçılarını “Dağlıq Qarabağ respublikası”nı tanınması ilə bağlı qərar qəbul etmişdi və bu ikili yanaşma, belə ikili standart dövlətlərin daxilindəki, separatçı rejimlər mahiyyəti baxımından deyil, həmin dövlətlərin maraqları baxımından yanaşılmasını nə qədər təhlükəli və qorxulu insidentlər və tendensiya yaratdığını bir daha nümayiş etdirdi. Hesab edirəm ki, bu istiqamətdə də yeni yanaşmanın zəruriliyi artıq dünya dövlətləri və xalqları üçün qəbul edilmiş oldu.