“Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və müasir mərhələdə uğurla reallaşan Azərbaycan–Amerika Birləşmiş Ştatları qarşılıqlı münasibətləri ölkəmizin xarici siyasət strategiyasının prioritet istiqamətlərindən biridir. Hər iki ölkənin regional və beynəlxalq səviyyədə öz maraq dairəsi var və ölkəmiz müstəqillik qazandıqdan sonra, ABŞ-la bu maraqlar çərçivəsində çox produktiv əməkdaşlıqlar qurulmuşdur deyə bilərik”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib.

Onun sözlərinə görə, Amerika Birləşmiş Ştatlarının dünyanın güclü dövləti olması, Şimali Atlantika Müqaviləsi Təşkilatında ABŞ-ın tutduğu mövqe, Emənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması sahəsində ATƏT-in Minsk qrupunun həmsədri rolunda çıxış etməsi, BMT TŞ-nin 5 daimi üzvündən biri olması və ümumiyyətlə dünyada siyasi, iqtisadi, hərbi və digər sahələrdə inkişaf etmiş dövlətlərdən biri olması Azərbaycanın ABŞ-la yüksək səviyyəli münasibətlər qurmaq istəməsini şərtləndirmişdir: “Həmçinin ABŞ-ın da Azərbaycanla əlaqələri genişləndirməsi və inkişaf etdirmək istəməsinin arxasında güclü səbəblər var. Azərbaycan Respublikasının yerləşdiyi regionun Yaxın Şərq, Avropa və Asiya regionlarının kəsişdiyi yerdə yerləşməsi Amerikanın maraqlarının təsir dairəsində olması deməkdir. Cənubi Qafqaz regionunda müstəqillik qazanmış digər dövlətlərlə müqayisədə Azərbaycan Respublikasının insan hüquq və azadlıqlarına, demokratiya prinsiplərinə daha çox önəm verməsi, bölgədə sülhün və təhlükəsizliyin təmin olumasında daha çox səylər göstərməsi, Azərbaycanın malik olduğu zəngin neft və qaz ehtiyatlarının cəlbedici olması və.s. kimi önəmli amillər ABŞ- ın Azərbaycanla əlaqələrə önəm verməsinin səbələrindəndir. Azərbaycan-ABŞ münasibətlərinin inkişafı istiqamətində Ulu Öndər Heydər Əliyev və Azərbaycan Reapublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən mühüm atılmış, dövlətlərimiz arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır”.
Deputat sözlərinə belə davam edib: “30 illik bir müddət ərzində ABŞ-la əlaqələrimiz iqtisadi, elmi-mədəni, enerji sahəsi üzrə, beynəlxalq terrorçuluqla mübarizə və bir sıra digər sahələr üzrə müsbət dinamika ilə irəliləyir. Dövlətimizin başçısı İlham Əliyev hər zaman bəyan edir ki, Azərbaycanın xarici siyasəti açıq və aydındır. Rəsmi Bakı böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə qarşılıqlı hörmət və maraq prinsipləri əsasında əməkdaşlıq əlaqələri qurur və möhkəmləndirir. Ən əsası beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşan, bütün məsələlərin məhz bu prinsiplər əsasında çözülməsinə səy göstərən Azərbaycan heç bir dövlətin daxili işinə müdaxilə etmir və öz daxili işinə müdaxiləni də yolverilməz hesab edir. Azərbaycan müstəqil siyasət yürüdür.
Ölkə Prezidenti ABŞ-a ilk səfəri zamanı mətbuat konfransında jurnalistin Azərbaycanın ABŞ qarşısında hansı öhdəliyi götürməsi barədə sualına cavabını xatırlatmaq istərdik. Cənab İlham Əliyev bildirmişdir ki, Azərbaycan müstəqil dövlətdir. Heç bir dövlətin qarşısında öhdəliyi yoxdur. Azərbaycan-ABŞ münasibətləri qarşılıqlı hörmət prinsipləri əsasındainkişaf etdirilir. Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəsindən sonra yaratdığı yeni reallıqlar bir daha ölkəmizin düşünülmüş və məqsədyönlü siyasətinə işıq saldı.
Mövqeyindən biraddım da belə geri çəkilməyən dövlətimizin başçısı İlham Əliyev bu mühüm məqamı da xüsusi qeyd etdi ki, Vətən müharibəsi həqiqət anı oldu. Kimin haqqın-ədalətin, kimin isə şərin yanında olduğu bir daha təsdiqləndi. Azərbaycan müstəqillik dövründə apardığı siyasət nəticəsində mühüm əhəmiyyət kəsb edən bir ölkəyə çevrilmişdir. Bu gün də eyni reallıqdan çıxış edərək davam etdirilən intensiv əlaqələr Qafqaz bölgəsində Azərbaycanın ABŞ-ın iqtisadi tərəfdaşı və əməkdaşı olduğunu göstərir.
Azərbaycan bu günə kimi ABŞ-a gözəl dost olub. Gələcəkdə də Azərbaycan ABŞ əlaqələrini daha da gücləndirəcək və bu istiqamət üzrə mühüm addımlar atılacaqdır”
Ayşən Vəli