Ukrayna mənəvi üstünlüyü daha da artırıb - POLİTOLOQ AÇIQLADI

28 Fevral 2022 15:53 (UTC+04:00)

"Rusiyanın Ukraynaya işğalçılıq siyasəti sürətlə davam etməkdədir. Bu, indiki post-pandemiya dövründə dünyanın yenidən qurulmasının əsas göstəricisi sayıla bilər". Bu sözləri SİA-ya açıqlamasında "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi"nin rəhbəri Samir Hümbətov deyib.

Onun sözlərinə görə, Rusiya, daha dəqiq desək, Putin sürətli şəkildə müharibə apararaq asanlıqla Ukraynanı ələ keçirəcəyini düşünürdü: "Lakin gözləmədiyi halda Ukraynada ciddi müqavimətlə qarşılaşıb. Ukrayna mənəvi üstünlüyü daha da artırıb.

Yeni statistikaya əsasən Rusiyanın ciddi itkilər verdiyini söyləyə bilərik. Bu, onu göstərir ki, hələki Ukraynada vəziyyət Rusiya əleyhinə cərəyan edir".

Politoloq sözlərinə belə davam edib: "Eyni zamanda, Qərb ölkələri və beynəlxalq birlik tərəfindən Rusiyaya qarşı tətbiq olunan sanksiyalar onu geri addım atmağa məcbur edir.

Dünən Belarusiyada keçirilən referendumda Rusiyanın nüvə silahlarının yerləşdirilməsi məsələsi müzakirə olunub. Düşünürəm ki, Putinin nüvə silahlarının hazır vəziyyətə gətirilməsi əmri də məhz bu məsələ ilə bağlıdır. Razılığın əldə olunması nəticəsində Rusiya nüvə silahlarının Belarusiya-Polşa sərhədində yerləşdirilməsi ilə bağlı məsələlər gündəmə gələcək. Bu o deməkdir ki, Rusiya-Ukrayna mübarizəsi artan xətt üzrə davam edir. Lakin, Qərb ölkələrinin Rusiyaya cəbhə alması ilə Rusiya iqtisadiyyatının çətin vəziyyətə düşməsi qaçılmazdır.

Həmçinin, ölkə daxilində də müharibənin gedişi ilə bağlı etirazların olması Rusiyanın qələbə qazanması məsələsi getdikcə reallıqdan uzaqlaşır. Əgər müharibədə Ukrayna qalib gələrsə bu, yeni dünya quruluşunun qərb istiqaməti üzrə müsbət mənada inkişafına təsir göstərəcək".

Ayşən Vəli