“Ukrayna ətrafında baş verən son dərəcə təhlükəli və gərgin proseslərə özünəməxsus yanaşan, konkret siyasi iradə nümayiş etdirən Azərbaycan bir daha sübut edir ki, biz regionda sülhə və təhlükəsizliyə böyük önəm və məxsusi töhfə verən ölkəyik”. Bu fikirləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib.
Onun sözlərinə görə, uzun illər işğaldan əziyyət çəkən Azərbaycan sülhü dəstəklədiyini, istənilən hərbi münaqişəyə qarşı olduğunu bir daha bütün dünyaya göstərir: “Rusiya-Ukrayna böhranının sülh yolu ilə tənzimlənməsinə vasitəçilik çağırışları, danışıqlar üçün göstərilən davamlı səylər rəsmi Bakının müstəqil siyasətinin, qətiyyətli mövqeyinin, humanizm prinsiplərinə sadiqliyinin nümunəsidir.
Azərbaycan bölgənin əsas oyunçusudur, əvəzedilməz və ləyaqətli tərəfdaşdır! Biz Rusiya ilə müttəfiqik və həmişə olduğu kimi bu gün də müəyyən etdiyimiz siyasi kursa sadiqik. Azərbaycan sözü ilə əməli bir olan ölkə imicini ən çətin situasiyalarda belə qoruyub saxlamağı daim bacarıb. Amma bu da bir reallıqdır ki, Ukrayna ilə də dost və qardaş ölkəyik. Belə bir çətin durumda, dar gündə mənəvi və humanitar dəstəyimizi göstərməklə dostluğa sadiqliyimizi nümayiş etdiririk. Azərbaycan həmişə bütün dostlarına, tərəfdaşlarına eyni səmimiyyət və dürüstlüklə yanaşıb. Bu kurs dəyişməzdir. Bütün bu amillər Azərbaycanın son dərəcə müstəqil və praqmatik siyasət yürütdüyünü təkrar ortaya qoyur.
Əminliklə demək olar ki, bölgədəki yeni reallıqlar nəzərə alınmaqla Azərbaycan Rusiya və Ukrayna arasında yaranmış təhlükəli vəziyyətdən çıxış yollarının tapılmasına unikal töhvələr verəcək.
Bu gün hər bir azərbaycanlı güclü və müstəqil dövlətimizlə, qətiyyətli prezidentimizlə, qardaş ukrayna xalqına mənəvi dəstək olan əzmkar xalqımızla haqqlı olaraq fəxr edir, qürur duyur”.