SƏYAVUŞ SÜLEYMANLI
Öz-özümə fikirləşirəm ki, niyə mən həmişə qeyri-adi, gözlənilməz hadisələrlə rastlaşıram? Yəqin siz də eşitmisiniz ki, bir zamanlar bizim arvad Fatmanisə mən həyətdəki hamamda çimərkən başını içəri salıb nə isə demişdi, mən də cavanlıqdan hamamda muğam oxuyan olduğum üçün onu eşitmədiyimdən elə başa düşmüşdüm ki, Fatmanisə qonşulara söhbətə gedir. Başımla işarə etmişdim ki, get, arvad, dediyin yerə get; yəni qonşulara, qiybət etməyə, hara istəyirsən get. Arvad da sevincək halda yenə də nə isə demişdi, oxumağımın şirin yeriydi deyə, eşitməmişdim, ancaq başımın işarəsiylə razılığımı bildirmişdim. Sonra da arvadım Fatmanisə dalınca hamamın dəmir qapısını örtmüşdü: çırıqq!!!
Hə, əzizlərim, gerisini yəqin ki bilirsiniz. Əgər yadınızdan çıxıbsa, əhvalatın
ardını bir balaca danışa bilərəm. Sən demə, arvadım qonşu arvadlarla Hacıxanım başda olmaqla Bakıya ziyarətə getmişmiş, bilmədən hamamın qapısında olan cəftəni də üstümə keçirib bağlamışdı. Yalan olmasın, düz 24 saat, 42 dəqiqə, 32 saniyə hamamda ac-susuz qaldım, başıma müsibətlər gəldi və arvad Bakıdan qayıdıb hamamın qapısını açıb məni hamamda görərkən ilk sözü bu olmuşdu:
-Bıy, ay kişi, sən hələ də hamamdasan? 24 saat, 42 dəqiqə, 32 saniyə qaranlıq hamamda gecə və gündüz ac-susuz qaldığım üçün hərəkətsiz halda arvadıma baxıb onu söymək, döymək fikrinə düşsəm də, arvadımın birdən:
-Ay kişi, heç demirsən ki, Fatmanisə, ziyarətin qəbul olunsun.-deməsi məni sanki ayıltmışdi.
O zaman gözlərim qaralsa da, hər şey mənə gün kimi aydın olmuşdu. Sən demə, Fatmanisə Hacıxanım və qonşu arvadlarla birlikdə maşın tutub Bakıya-ziyarətə getmişlərmiş. Elə ona görə də fikrimdən vaz keçərək güclə, boğula-boğula demişdim:
-Ziyarətin qə...bul o...lun...sun, Fatma...nisə. Sə...ni..., sə...ni görüm... deyib arvadımın qolları üstünə düşüb bayılmışdım. Daha sonrasından xəbərim olmamışdı...
İndi, ay əzizlərim, o vaxtdan illər ötüb keçib. Oğlan və qızlarım təhsil alıb ailə qurublar. Hər biri çox çətinliklərdən sonra çörək sahibi olublar. Axır ki, haqq, ədalət öz yerini tapdı. Mənim uşaqlarım da həyatda bərkidilər, tanındılar, mövqe qazandılar. İndi hamısı oğul-uşaq sahibləridirlər. Oğlum ata-baba yurdumda təzə ev də tikib. Həyətdəki köhnə hamamı da sökdürdü, evin ikinci mərtəbəsində yaraşıqlı, vannalı hamam da tikdirdi. Allah oğlumu, qızlarımı xoşbəxt eləsin! Yaşımın ahıl vaxtında evimin bəzəyi Fatmanisə məni bu dünyada tək atıb haqq dünyasına qovuşdu. Elə bilirsiniz ömür yoldaşını itirmək asan işdir? Hər kişi bu ağır dərdə dözmür. Fatmanisə həmişə deyərdi ki, Allahdan heç nə istəmirəm, istəyim odur ki, məni Sədi, səndən qabaq öldürsün. Mənim qalan ömrümü də sənə versin. Uşaqların yanında heç özümü o yerə qoymuram. Amma təkliyə düşəndə yanıb-sızıldayıram. Onun Şəki kəlağayısını götürüb iyləyirəm, gözlərimdən tökülən yaş üst-başımı isladır. Nə edə bilərəm ki, həyat belə qurulub... Bir gün mən də bu dünyaya vida edəcəyəm. Bir gün mən də doğmalarımdan ayrılıb əbədiyyətə qovuşacağam. İnsan özü ilə o dünyaya nə aparır ki?... Heç nə. Cəmi 12-13 metr ağ kəfən sənin varın-dövlətin sayılır. Niyə bəs bunu bəzi insanlar başa düşmək istəmir? Milyonlar içərisində yaşayan, ancaq Vətən yolunda canını qurban verən şəhidlərimizin ailələrinə kömək etmək kimi mənəvi dəyərlərdən uzaq olan bu adamlar görəsən, qəbir evinə özləri ilə o milyonları apara biləcəklərmi?! Əsla, yox! Bu dünyadan heç nə apara bilməyəcəklər! Elə gözləri evlərində, xarici ölkələrin banklarında gizlətdikləri pulların dalınca baxa-baxa qalacaq. O pullardan özlərinə də sərf edə bilməyəcəklər, ona görə ki, əcəlləri çatacaq, Cənab Əzrayıl əlində şəmşiri duracaq bu adamların başlarının üstündə. Burada pul kara gəlməyəcək. Çünki Cənab Əzrayıl rüşvət götürmür. Bir də deyirlər ki, o dünyada bizim pullar işləmir. İndi qaç görüm, necə və hara qaçacaqsan? Belə adamlar üçün bu dünyada milyonlarını qoymaq dərdi böyük dərddir. Ancaq mənim Fatmanisədən savayı heç bir dərdim yoxdur. Bilirəm ki, bu dünyadan da rahat gedəcəyəm, axır ki, bir gün torpağa qovuşmağım var. Bu dünyanı əlimdə tutmayacağam ki...
Bir həkim dostum deyərdi ki, insan yaşa dolduqca həm də əyilir ki, torpağa yaxınlaşsın. Odur ki, mən hər gün öz ölümüm haqqında götür-qoy edirəm. Yəni, öləndən sonra məni qəbir evinə necə aparacaqlar, necə dəfn edəcəklər? Kimlər ölümün arxasınca nə deyəcək? Və sonda qəbir üstündə adamlar dağılışandan sonra Hacılığı şübhə doğuran molla Qədirqulu görəsən, qulağıma nə pıçıldayacaq? Mollaya gizlində vəsiyyətimi də etmişdim. Demişdim ki, məni qəbirə qoyanda diqqətli olsun ki, birdən uşaq-muşaq ipi buraxarlar, mən də Leonid İliç Brejnev kimi guppultu ilə gedərəm qəbirin içinə. Sonra biabırçılığından qurtarmaq olmaz. Necə də olsa, adımız-sanımız var.
Haradasa oxumuşam. Ancaq şairin adını unutmuşam, şeir parçası isə yadımdadır.
Adam var ulduza, günəşə taydır,
Adam var dünyada sadəcə saydır.
Hamı bir biçimdə olmaz qardaşım,
Biri mükəmməldir, birisə zaydır.
Ötən günlərin birində oğlum və kürəkənlərim qərara gəldilər ki, ailələri ilə bir həftəliyə Qəbələyə istirahətə getsinlər. Hazırlıqlarını da apardılar. Mənim tədarükümü də gördülər. Məndən tam arxayın olub getdilər. Onlara uğurlu istirahət arzuladım.
-Gedin, balalarım, məndən arxayın olun. Özünüzdən muğayat olun.
Uşaqlarımla hər gün bir neçə dəfə danışırdım. Üstündən üç gün keçmişdi ki, hamam tədarükümü gördüm. Yadıma rəhmətlik arvadım Fatmanisə düşdü. Rəhmətlik həmişə hamam dəyişəklərimi qabaqcadan hazırlayardı, hamamdan çıxandan sonra da çayımı tökərdi. Böyrümə bir nimdar atardı, uzanıb tərim soyuyana qədər istirahət edərdim. Vallah misli-bərabəri yoxdu bizim Fatmanisənin. Məni bu dünyada tək qoydu getdi...
Hamam ikinci mərtəbədə elə tikilmişdi ki, burada hər cür şərait vardı. Birdən həkimin sanatoriyada mənə verdiyi müalicəvi litrlik maye yadıma düşdü. Tez gedib onu aşağı mərtəbədən götürüb gətirdim. Ehtiyatla vannaya girdim. Məhrəba və hamam xalatını mobil telefonumla birlikdə ayaq tərəfimdə olan plastik stolun üstünə qoyub kranı açdım. Bir azdan vannanın içərisi ilıq su ilə doldu, mən də tamahkarlıq edib litrlik butulkanın içərisindəki mayenin yarısını vannaya tökdüm. Hamamın içərisinə xoş rayihə yayıldı. Həkim mənə demişdi ki, bu maye oynaqlara yaxşı təsir edir, bədənin əzalarını yumşaldır, ağrıları çəkir.
Çox xoş əhval-ruhiyyədə ikən zəng çalındı. Nəvəm Mehdi idi.
-Baba, salam, necəsən?
Cavab verdim:
-Sağ ol, Mehdi, atagil necədirlər?
-Baba, hamıları yaxşıdırlar, istirahət edirlər. Bura çox gözəl yerdir. Atam vaxtı bir həftə də uzadacağını deyir. Baba, evdə hər şey var, nə çatışmasa, zəng çalarsan mənə, dostum Cavidan sənə nə lazımdırsa gətirib çatdırar.
-Yox, bala, evdə hər şey var. Təkcə sizin üçün darıxıram. Öz işinizdə olun, bala, məndən arxayın olun. Yeyirəm, içirəm, çimirəm.
-Darıxma, baba, gələn həftə qayıdacağıq. Sağ ol, özünə fikir ver.
-Sağ ol, Mehdi balam!
Telefon söndü, mən də yuyunmağa başladım. Həqiqətən, həkimin verdiyi mayeyə söz ola bilməzdi. Ancaq vannanın suyu elə sürüşkən olmşdu ki, fikir məni götürmüşdü ki, buradan necə çıxacağam.
Bir-iki təkan versəm də yenə də öz yerimdə sürüşür, müvazinətimi itirirdim. Ayaqlarımı yığa bilmirdim. Əllərimi dayaq edəndə də sürüşür, yenə də müvazinətimi itirirdim. “Yox, deyəsən, buradan çıxa bilməyəcəyəm.”-ürəyimdən keçirtdim. “Axı niyə belə bir iş tutdum? Elə gərək uşaqlar gedəndən sonra bu iş başıma gələydi?! İndi mən nə edəcəyəm?”
Üstündən neçə saat keçdi, bilmirəm. Su soyuyanda vannaya yenidən isti su tökür, birtəhər dözürdüm. Nəhayət, vannanın suyunu birdəfəlik boşaltmalı oldum.
Dəhşət! Vannanın suyu boşalandan sonra sürüşmə daha da şiddətləndi. Nə qədər su tökdümsə, zərrə qədər də dəyişiklik olmadı, əksinə, yağlı vannanın içərisində balıq kimi çabalayırdım. “Bəs nə edim? Bütün sutkanı elə burada qalacağam? Evin bütün pəncərələrinə armatur çərçivə çıkilmişdi.Birinci mərtəbədəki qapı da seyf qapılardan idi, içəridən də qıfıllanmışdı. Məni xilas etmək üçün ancaq pəncərənin çərçivələrindən biri elektrik qaynağı ilə kəsilməli idi. Başqa çıxış yolu yox idi!
Dərhal Qəbələyə-oğlum Əhlimana zəng çaldım, başıma gələnləri ona danışdım. Oğlum məni təmkinlə dinləyəndən sonra son sözü bu oldu:
-Ata, bir təhər bir neçə saatlıq döz. Hamımız yığışıb gəlirik. Qorxma, ata, olan şeydir, özünü toxtat, ürəyinə alma, tezliklə gəlirik.
Öz-özümü danladım, qınadım. Uşaq kimi ağladım. “Oturan yerdə bəlaya düşdüm. Ay Sədi, qocalmısan, vallah, getdikcə lap uşaqlaşırsan. Yoxsa, belə bir iş başına gəlməzdi. Ay kişi, səhər yuxudan durub şalvarı əməlli-başlı əyninə geyə bilmirsən, qalmışdı vannada duruş gətirməyinə. Ay hay... Həmişə də yaşıdlarımla bu barədə mübahisələrimiz düşür. Onlar deyirlər ki, şalvarlarını guya rahat geyinirlər. Yalansa...”
Üstündən 5-6 saat da keçdi, bilmirəm. Haldan düşürdüm. Birdən hamamın çölə açılan gözlük tərəfindən elektrik qaynağının səsini eşitdim. Telefonum dalbadal zəng çalsa da daha əlim ona çatmırdı. Çünki sürüşüb telefondan uzaqlaşmışdım. Bilirdim ki, uşaqlarım qayıdıb. Özümü toplayıb xalatımı ələ keçirdim. Cəld ayaqlarımın altını quruladım, xalatı əynimə geyib çox çətinliklə pillələri endim. Seyf qapını açarla açdım və gur səslə bağırdım:
-Şərçivəni kəsməyin, mən salamatam.
Yazıq-yazıq ətrafımı süzərkən uşaqlarımı, bir də qonum-qonşuları ətrafda gördüm. Oğlum Əhliman mənə çatmasaydı, çox güman ki, qapının ağzında yıxılacaqdım. Nə yaxşı ki, o, vaxtında harayıma çatdı və mən onun güclü qolları arasına düşüb bayıldım. Sonrasından daha xəbərim olmayıb.
Liman şəhəri
24.11.2021