Beynəlxalq dərəcəli hakim, idman ustası, peşəkar boksçudu, Əməkdar məşqçi, Əməkdar bədən tərbiyəsi və idman işisi, Cənub bölgəsində peşəkar boksun əsasını qoyan, yüzlərlə məşhur boksçular yetişdirən, dəyərli ziyalı Əlizadə Əsədov həm də uzun illərdir ki, jurnalistika və ədəbiyyatla məşğul olur. Onun çoxlu məqalələri və bədii yazıları mütəmadi olaraq, dövrü mətbuatda çap olunur. Jurnalımızın bu nömrəsində biz onun “Şuşa qartalı” hekayəsini və çoxlu miniatürlərini sizə təqdim edirik, əzizi oxucular. İnanırıq ki, Əlizadə Əsədovun bu bədii yazıları sizin xoşunuza gələcək.
ƏLİZADƏ ƏSƏDOV
Şuşa qartalı
(Hekayə)
Sübhün gözü yenicə açılırdı. Şuşa həmişəki kimi duman örtüyünə bürünmüşdü. Dağlara çökən sükutu qartalların hayqırtısı pozurdu. Az sonra qartalların hayqırtısına ermənilərin danışıq səsləri də qatıldı. Bu səslər getdikcə daha ucadan gəlird. Şuşa yuxudan oyanırdı. Görəsən yenicə başlayan bu payız günü nə ilə yadda qalacaqdı? Azərbaycan ordusu öz döyüş mövqeyində qərar tutmuşdu. Hər an həlledici döyüşə başlamaq üçün hücum əmri gözlənilirdi. Keçilməsi mümkün olmayan sıldırım qayalar sanki bu torpağın doğma sakinlərinə ana kimi qucaq açmış, onları öz qoynunda düşməndən gizlətmişdi. Döyüşçülər səhəri həmişəki kimi ac-susuz açmışdılar. Onlara ərzaq gətirən maşın vurularaq yeməyi, suyu çatdıra bilməmişdi. Əsgərlər məcbur qalıb otların üzərindəki şeh damlalarını içirdilər. Günəş üfüqlərdən boylandıqca artıq bu şeh damlaları da əriyib yox olurdu.
Qolundan yaralanmış Samir də şiş uclu, yaşıl örtüyə bürünmüş bir qayaya sığınmışdı. Əgər burdan bir balaca sürüşsəydi, düz dərəyə gedəcəkdi. Lakin gözündə qətiyyən qorxu yox idi. Ürəyində yalnız Şuşa sevgisi, bir də 30 il ərzində dədə-baba yurdundan didərgin salınmış, soyqırıma məruz qalmış doğma xalqının başına gətirilən müsibətlərdən doğan qisas hissi vardı. Qan axınını dayandırmaq üçün köynəyini kəsib qolunun yarasına bağlamış, silahını da yanında qoymuşdu. Gözü yaxındakı Xarı bülbülə sataşdı. Sürünüb ətrini ciyərlərinə çəkdi. Yarpaqlarının üstündəki şeh damlalarını acgözlüklə sovurmağa başladı. Elə bu vaxt düz qabağına qanadından yaralanan bir qartal düşdü. Hər iki yaralı bir-birinə xeyli baxdı. Qanadından qan axan qartal artıq huşunu itirməkdə idi. Tez köynəyindən kəsdi. Ehtiyat üçün götürdüyü yoddan yaraya qoyub bağladı. Qan kəsildi. Sonra özü ac ola-ola “Veşmeşok”da qalan çörək qırıntılarını ona yedirtdi. Su qabı tamam boş olduğundan qartala da yarpaq üstündəki şeh damlalarını içirtdi. Bir az özünə gələn qartal xilaskarına minnətdarlıqla baxırdı. Samir bu baxışlarda çox şey oxuyurdu. Elə bil qartal da 30 illik bir işğalın, bir həsrətin müdhiş əzablarını görmüşdü. Kim bilir, bəlkə bu müddətdə qulaqlarında Xocalının tükürpədən fəryadını, ürəyində Xocalı ağrısını, yanğısını, yaddaşında isə burada uşağın, qadının, qocanın xüsusi qəddarlıqla qətlə yetirilməsindən doğan və gözləri ilə gördüyü dəhşətli cinayətləri gəzdirir, dilsiz bir harayla bütün Yer kürəsinə yayırdı. Qartal da, Samir də düşmən gülləsinə tuş gəlmişdi. Qartalın baxışlarında həyat eşqini duymaq çətin deyildi. Yoxsa o da Qarabağı azad görmək istəyirdi?
-Biz qalib gələrik, - deyə Samir quşun başını sığalladı – Sənin də qisasını alarıq. Onda Qarabağın səmasında rahat uçarsan. Daha düşmən gülləsindən qorxun-hürkün olmayacaq. İndi isə biz son və qəti döyüşə girəcəyik. Döyüşdən sonra bir-birimizi axtarıb tapacağıq. Onda ikimiz də Qarabağın azad sakimləri olacağıq....
Gözünü bitirməmişdi ki, döyüş əmri verildi. Qartalı havaya uçurtdu, yaralı quş qayanın başına qonub sanki döyüşü izləyirdi. Bu ölüm-dirim döyüşdə güllələrdən daha çox əsgərlərimizin fiziki gücləri, idman hazırlıqları kara gəldi. Bu, lap onun ürəyindən idi...
... Samir hələ orta məktəbdə oxuyanda çox arıq və cılız bir uşaq idi. Tez-tez xəstələnərdi. Dava-dalaşda da həmişə döyülərdi. Dərslərinə yaxşı hazırlaşsa da fiziki zəifliyini heç cür aradan qaldıra bilmirdi. Yaxşı ki, idman müəllimi Əlövsət vaxtında köməyinə çatdı. – Oğul, -dedi - mən də sənin kimi idim. İdman hazırlığı məşğələlərinə getdim. Gördüyün kimi indi həmin adam deyiləm...
Əlövsət müəllimin sözləri ağlına batdı. Çünki Əlövsət müəllim həm ali, həm də orta məktəbdə idman dərsləri keçməklə bərabər boks üzrə tanınmış idman ustası idi. Beynəlxalq turnirlərdə doğma Azərbaycanı ləyaqətlə təmsil edərək böyük uğurlara imza atmışdı. Xüsusilə, boks üzrə Avropa və dünya birinciliklərində dəfələrlə qarşılaşdığı erməni idmançılarını sarsıdıcı məğlubiyyətə uğratmışdı. Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Beynəlxalq dərəcəli hakim titullarına layiq görülmüşdü. Müəlliminin təkidi və rəhbərliyi ilə dərsdən sonra boks idmanının sirlərinə yiyələnmək üçün məşqlərə başladı. Artıq 4-5 aydan sonra onda fiziki zəiflikdən əsər-əlamət qalmadı. Vaxtilə döyüldüyü yaşıdlarının özləri indi ondan qorxub çəkinirdi. Çünki Samir artıq peşəkar boksçuya çevrilmişdi. Bunu dəfələrlə iştirak etdiyi və qazandığı uğurlar da sübut edirdi. İndi düşmənlə əlbəyaxa döyüşdə Əlövsət müəllimin vaxtilə dediyi sözləri xatırladı: “ İdman hazırlığı hər yerdə sənin sadiq köməkçin olacaq - şəxsi münaqişədə də, yarışda da, döyüşdə də...” Məhz belə bir hünər, qeyrət məqamı gəlib çatmışdı. Otuz il törətdiyi dəhşətli cinayətlərin cavabını almalıydı qatillər! Samir də Xüsusi Təyinatlı dəstənin üzvü kimi döyüşə qatıldı. Vətən sevgisi, qisas hissi onun fiziki gücünü daha da artırırdı. Sanki ölüm də ondan çəkinir, qorxurdu. Zərbələri dəqiq və ölümcül idi.
-Alçaqlar, elə bilirdiniz ki, torpağımız sizə həmişəlik cənnət olacaq, - deyə qarşıya çıxan erməninin başından necə vurdusa kəllə-mayallaq aşıb dibi görünməyən dərəyə diyirləndi. Ona elə gəlirdi ki, düşməni cəhənnəmə vasil etdikcə, sayı getdikcə çoxalır. Gözləri qan çanağına dönmüşdü. Elə məqam olurdu ki, zərbəsindən 3-4 nəfər yerə sərilirdi. Ermənilər hətta onlarla əlbəyaxa döyüşə girənlərin göydən bəla göndərildiyini, adi insan olmadıqlarını zənn edirdilər. Fiziki güc, yüksək idman hazırlığı 30-nəfərdən çox erməninin zərərsizləşdirilməsi ilə nəticələndi. Düşmən qanına susayan Samir tamam sərbəst döyüşür, özünün düşmən gülləsinin hədəfində olduğunu nəzərdən qaçırmışdı. Güllə onu sağ kürəyindən dəymiş, sol mədəciyin zədələmişdi. Bu, elə bir məqam idi ki, hamı ölüm-dirim savaşında idi.
Samir sürünə-sürünə əvvəlki döyüş mövqeyinə tərəf getməyə başladı. Sanki sığındığı sıldırım qaya onu yenidən gözləyirdi. Yol boyu axan qan Samiri tamam taqətdən salmışdı. Qanı dayandırmaq üçün heç bir dərman ləvazimatı yox idi. Köməyinə çatacaq döyüş yoldaşlarından kimsə gözə dəymirdi. Bu anda Samiri ölüm yox, yalnız döyüşü davam etdirə bilməyəcəyi qorxudurdu.
-Əclaflar, - deyə pıçıldadı. - Yaxşı qurtardılar, qisasımı tam ala bilmədim.
Samir ətrafı bir daha nəzərdən keçirdi. Gözünə qanadı sarğılı qartaldan başqa heç nə görünmədi. Qartal başının üstündə uçur, fəryad qoparır, sanki köməyinə döyüş yoldaşlarını çağırırdı. Samiri hərəkətsiz görən qartal lap yaxına gəlib özünü kürəyindən axan qana sürtdü və yenidən havaya qalxdı, hayqırtısı dağlarda əks-səda verir, xilaskarına necə kömək edəcəyini bilmirdi. Samirin gözündəsə getdikcə dünya qaralırdı. Uşaqlıq, qaynar gənclik illərini yaşadığı Lənkəran, Liman, valideynləri, dost-tanışları, ən çox da Əlövsət müəllim gözünün önünə gəldi. Onu cəbhəyə yola salanlar arasında Əlövsət müəllim də vardı. O, sevimli şagirdini son dəfə bağrına basaraq demişdi:
- Ümid edirəm ki, tezliklə görüşərik, özü də cəbhədən qayıdan adi döyüşçü kimi yox, qəhrəman kimi...
-Əlövsət müəllim, məni bağışla, - deyə öz-özünə pıçıldayırdı. - O əclaflardan daha çox öldürərdim, lakin ömür vəfa etmədi. Vətənə borcum qaldı. Bir də böyük zəfər gününü görmədim...
Bu sözlərdən sonra bir anlıq susdu, gözlərini yumdu. Qanaxmadan getdikcə huşunu itirirdi.
Ura, Şuşa üzərində Azərbaycan Bayrağı dalğalanır.
Azərbaycan əsgərlərinin ürəyindən qopan bu nida bütün Şuşanı, Qarabağı silkələdi. Bu səs Samirin də qulaqlarında əks-səda verdi. Üzünə işıq gəldi. Yumulmuş gözləri açıldı. Yanında yenə həmin qartalı gördü. Qanadları qan içində idi. Qartal öz qanadları ilə qanaxmanı dayandırmağa çalışsa da, Samirin həyatını xilas etmək mümkün olmadı. Döyüş yoldaşları qanadları qana bulaşmış qartalın izi ilə gələrək Samirin cəsədini qayanın dibində tapdılar. Başının üstündə uçan qartal isə fəryad qoparırdı. O son dəfə döyüşçülərin ətrafına dövrə vuraraq düz Samirin üstünə düşdü. Baxıb gördülər ki, qartalın ürəyi partlayıb...
Liman şəhəri,
fevral- 2022-ci il
ƏLİZADƏ ƏSƏDOV
MİNİATÜRLƏR
Evdə məşq edirdim
Növbəti idman məşğələsində məşqçi gələnləri nəzərdən keçirəndə deyir:
- Kim gəlməyib?
Yerdən kimsə dillənir:
- Müəllim, bircə Kamran gəlməyib.
Məşğələ başlanır. Boks üzrə məşqçinin tapşırıqlarını yerinə yetirən zaman şagirdlərdən biri səhvə yol verir. Məşqçi çox tələbkar olduğundan boks idmanının incəliklərini öyrənməyə çalışan gənclər məsuliyyət hiss edirdilər. Məşqçi üzünü tapşırığı dəqiq yerinə yetirməyən şagirdə tutub: - Sən fəndləri bilirsən, - deyir – Lakin özün-özünü çaşdırırsan. Kimdən çəkinirsən? Döyüş meydanı sərbəstliyi sevir.
Məşğələ üçün ayrılan vaxt sona çatanda Kamran gəlib çıxır. Hamı gülüşür. Məşqçi bərk əsəbiləşsə də özünü büruzə vermir. Zarafatla soruşur:
- Niyə belə tez gəlmisən?
Kamran həmişəki kimi gözünü bir nöqtəyə zilləyib durur. Uşaqların gülüşməsindən təsirlənsə də özünü o yerə qoymur. Deyir:
- Müəllim mən evdə məşq edirdim... Qardaşımın fəndlərini öyrənirdim. Dünən təkbaşına üç nəfərə cavab verib. Üçü də xəstəxanalıqdır.
Yarış başlamamış...
Məşqçi şagirdlərinin boks idmanına necə yiyələndiklərini bilmək üçün yoxlama yarışı keçirməyi qərara alır.
-Sabah yarışımız var – deyir:- Birinci, ikinci və üçüncü yerlərin sahiblərini müəyyənləşdirəcəyik.
Sabahkı gün Kamran sübh tezdən idman salonuna gəlir ki, fərdi şəkildə
yarış öncəsi məşq keçirsin. Lakin boksun qaydalarına tam əməl edə bilmədiyi üçün qolu çıxır. Məşqçi salona gələndə Kamranı halsız vəziyyətdə yerə uzanmış görür.
-Ay Kamran, - deyir: - Sən kiminlə döyüşürdün ki?
- Heç, müəllim, özüm özümlə.
Məşqçi gülümsər baxışlarını Kamrana dikib:
-Sən yarış başlamamış nakauta düşmüsən ki...-deyir.
Yerdə qalan kim idi?
Kamran bu dəfə məşqçinin təyin etdiyi yoxlama yarışına vaxtında gəlir. Boks idmanı üzrə məşğələ keçən gənclərin hamısı burada idi. Görür ki, özündən başqa şagirdlər həyəcanlıdırlar. Səbəbini soruşsa da qaneedici cavab ala bilmir. Əslində “kim qalıb, kim məğlub olacaq” fikri hamıya hakim kəsilmişdi. Nəhayət, hakimin işarəsi ilə döyüşə start verilir. Təbii ki, döyüşdə qaliblər sevinir, məğlublar isə məyus olur.
Kamranla rinqə çıxan rəqib döyüş qaydalarını yaxşı bildiyi üçün təmkinlə mübarizə aparır. Lakin Kamranın əsəbləri buna tab gətirmir. Qaydaları pozaraq əlbəyaxa döyüşə girir. Hətta vurub rəqibinin üz-gözünü partladır. Döyüşü saxlamaq üçün hakimin fiti də kömək etmir. Nəhayət, Kamranı rəqibindən güclü aralayırlar. Döyüş bitməmiş ona məğlubiyyət verilir. Kamran məğlubiyyətlə barışmayaraq haray-həşir qoparır.
Məşqçi Kamranı kənara çəkərək, ona məşğələdə olduğu kimi döyüşün qaydalarını başa salır.
-Sən qaydasız döyüşlə boks döyüşünü səhv salmısan, - deyir.
-Ay müəllim, döyüş döyüşdür də, istər qaydasız, istərsə də qaydalı,- deyə Kamran əsəbi halda, cavab verir – Bir də ki, yerdə qalan kimdir? Mən yoxsa rəqib?
Şikayət yox, təşəkkür...
Bir nəfəri möhkəm döydüyünə görə Kamranın işi polisə düşür. Soğru-sual zamanı özünün günahsız olduğunu sübut etməyə çalışıb:
- Ay nəçənnik, - deyir – Anası namaz üstdə imiş. Nə yaxşı ki, onu qaydasız döyüşlə vurmamışam, yoxsa o dünyalıq olardı. Hər şey qaydasınca olub. Ondan şikayət yox, təşəkkür gözləyirdim.
Kamerada mehribanlıq
Kamran həyətyanı torpaq üstündə qapı bir qonşusu olan qardaşı ilə bərk savaşır. Hər şey torpaq sərhədini ayırmaq üçün hasarın çəkilməsindən başlanır. Hər ikisi torpaq bölgüsündən narazı qalır. Gah Kamran, gah da qardaşı torpağının zəbt edilməsində israrlı olur. Qonum-qonşular, ağsaqqallar buraya yığılır. Təbii halından çıxan qardaşlar heç birinin sözünə məhəl qoymurlar. Axırda bir-birinə fiziki güc tətbiq edilir. Vəziyyətin gərginliyini görən qonşular polisə xəbər verirlər. Hər ikisi şöbəyə aparılır və üç sutkalıq kamerada saxlanılır.
Hər gün eyni evdən qardaşlara yemək gətirilir. Polis kameranın qapısını açanda görür ki, onlar bir süfrədə yemək yeyir və şirin-şirin söhbət edirlər.
-Həmişə belə mehriban olun, - deyə polis serjantı gülümsər baxışlarla qardaşları süzür.- Bu mehribanlığı evdə də göstərsəydiniz heç buraya düşməzdiniz...
Günah məndə deyil
Uzun illər aralarından su keçməyən iki dostun sözləri bir gün çəp gəlir. Vəziyyət elə gətirir ki, bir-birinə o ki var söyüş, təhqir yağdırırlar. Boks idmanı üzrə məşqlərə gedən dost artıq sevincini, kədərini bölüşdüyü dostun hədsiz söyüşlərinə, təhqirlərinə dözə bilmir. Üzündən vurduğu zərbə ilə onu yerə sərir. Sınıq dişlərindən qan axan dost:
- Heç gözləməzdim, - deyir. - Dözümünü yoxlayırdım ki, dostluqda sədaqətin daimidir, yoxsa müvəqqəti.
Boksçu təəccüblənsə də söz altında qalmır:
- Düz deyirsən, səhvim var, - deyə əl dəsmalını çıxarıb onun üzündəki qan ləkəsini silir. - Bir də ay dost, öz aramızdır, ürəyində düşməninə saxladığın söyüşləri, təhqirləri də üstümə tökdün.
-Sən də düz deyirsən.
-Belə çıxır ki, ikimiz də günahsızıq.
-Yox, birimizdə günah var. Əgər boksla məşğul olmasaydın məni belə vurmazdın...
- Onda eləsə gəl müəllimimi günahkar sayaq. Boksu mənə belə ürəklə öyrətməsəydi yəqin ki, dostluğumuz davam edərdi...
Mükafat mənə düşür
Şahmat üzrə yarış cədvəlinin lap axırında yetirməsinin ad-soyadını görən məşqçi onu möhkəm danlayır:
- A bala, - deyir. - Sən şahmatçıların xallarını artırmağa bura gəlmisən, yoxsa...
- Ay məşqçi hamı başda olmaz ki... ayaqda da gərək biri olsun.
Gecə-gündüz məşq etdiyi gəncin boşluğunu görən məşqçi tamam hövsələdən çıxır:
-Cədvəlin başında sən olsaydın, nə olardı ki...
-Qismət belədir, oyunda uduzduğum adamlara həyatda uduzmaram. Onların başı, mənim isə fiziki gücüm var. Əslində birinciliyin mükafatı mənə düşür. Sözümüzün qüvvəti, onların xallarını artırmasaydım boynumun ardını görərdilər.
Qapı göydə deyil...
Futbol üzrə növbəti oyunun hakim rəqib komandasının qapısına penaltı təyin edir. Penaltı vurmaq hüququ qazanan komandanın baş məşqçisi oyunun taleyini həll edəcək on bir metrlik cərimə zərbəsini daha təcrübəli futbolçuya həvalə edir. Qapıçı və zərbə vurmağa hazırlaşan futbolçu hakimin göstərişi ilə öz yerlərini tuturlar. Qapıçı ilə üz-üzə dayanan futbolçu həyəcanını gizlədə bilmir. Gah qapıçıya, gah da topa baxır. Bu ara hakimin fiti eşidilir. Qapıya getməli olan top çox-çox yuxarıdan gedir.
Hirsini boğa bilməyən məşqçi üzünü futbolçuya tutub:
- Qapı göydə deyil, yerdədir, - deyə iradını bildirir.
Lövhəni dəyişin
Xəstəlikdən əziyyət çəkən biri nəfər çox da hündür olmayan binanın qarşısından keçərkən fasada vurulan bir lövhə diqqətini cəlb edir. Lövhədə yazılmış “İdman sağlamlıqdır” sözlərini oxuyub içəri daxil olur. Qarşısına çıxan orta yaşlarında bir kişiyə deyir:
-Təzyiqimi ölçdürmək istəyirəm.
-Deyəsən ünvanı səhv salmısan.
-Bura xəstəxana deyil, bəs haradır?
-İdman salonudur. Burada idmanın müxtəlif növləri üzrə məşqlər keçirilir.
-Məşqlərin sağlamlığa bir xeyri varmı?
-Əlbəttə, çox adam sağlamlığını bərpa etmək üçün bura gəlir.
-Onda günü sabahdan mən də gəlimmi?
-Qapılarımız hamının üzünə açıqdır.
Xəstə razılıq edib salonu tərk edir və sabahdan məşqlərə qatılır. Məşqlərə başlamağın üçüncü günü ehtiyatsızlığı ucbatından ciddi zədə alır. Məşqçiyə üzünü tutub:
-Deyəsən burda olan-qalan sağlamlığımı da itirəcəyəm, - deyir.
Məşqçi cavab verib deyir:
-Siz tapşırığa düzgün əməl etmədiyinizə görə zədə aldınız. Ancaq narahat olmağa heç bir əsas yoxdur. Keçib gedər...
-Yox, - xəstə etiraz edib deyir:
-Mən sağlamlığı burada qoyub zədə ilə gedirəm. Yaxşı olar ki, bayırdan divara vurulmuş lövhəni dəyişəsiniz...
Liman şəhəri,
fevral – 2022-ci il