Rusiya “Eurovision” mahnı müsabiqəsindən çıxarıldı

27 Fevral 2022 14:26 (UTC+04:00)

Ukraynaya hücumlarına görə “Eurovision” mahnı müsabiqəsində iştirakına qadağa qoyulmasına cavab olaraq Rusiya dövlət televiziya kanallarının Avropa Yayım İttifaqından (EBU) çıxdığını açıqladı.

SİA-nın məlumatına görə, VGTRK televiziya kanalları qrupu və Ostankino Radio Evindən yayımlanan ortaq bəyanatda bildirilir: “Rusiyanın “Eurovision-2022” mahnı müsabiqəsindən kənarlaşdırılmasına cavab olaraq biz EBU-dan çıxdığımızı elan edirik. Hesab edirik ki, hər zaman qeyri-siyasi statusu olduğu vurğulayan bir musiqi təşkilatı Rusiya üçün “siyasi qərar” verib.

Xatırladaq ki, fevralın 26-da EBU Rusiyanın Ukraynaya hücumlarına görə 2022-ci ildə “Eurovision” mahnı müsabiqəsində iştirakının qadağan edildiyini açıqlayıb və “Rusiyanın builki müsabiqəyə daxil olunması müsabiqənin reputasiyasına xələl gətirə bilər” deyə qeyd edib.

Rusiya fevralın 24-dən Ukraynaya qarşı hərbi əməliyyata başlayıb.