Rusiya ilə Ukrayna arasında müharibənin üçüncü günüdür. SİA xarici mətbuata istinadən xəbər verir ki, şiddətli toqquşmalar olsa da, Ukrayna əsgərləri və vətəndaşları Rusiya ordusuna müqavimət göstərməkdə davam edir.
ABŞ hökuməti Zelenskiyə Rusiya tərəfindən tutulması və ya qaçırılmasının qarşısını almaq üçün Kiyevi tərk etməkdə kömək etməyə hazır olduğunu bildirib. Lakin Zelenski indiyə qədər bu təklifləri rədd edərək ölkəsinin başında qalacağını bəyan edib.
Zelenski dünən səhər verdiyi açıqlamada rusların bir nömrəli hədəfinin özü, növbəti hədəfinin isə ailəsi olduğunu, ancaq ölkəsini müdafiə etmək vəzifəsini yerinə yetirəcəyini açıqlayıb.
Ukrayna prezidenti Zelenski bu səhər çəkdiyi video ilə növbəti dəfə Ukrayna xalqına müraciət edib.
Kiyevi tərk etməsi ilə bağlı iddiaları rədd edərək Zelenski “Hamınızın sabahı xeyir. Yalan xəbərlərə inanmayın. Mən burdayam. Biz silahlarımızı yerə qoymayacağıq və dövlətimizi müdafiə edəcəyik. Silahlarımız bizim gücümüzdür. Bu bizim torpağımız, ölkəmiz, bizim uşaqlarımızdır. Onların hamısını qoruyacağıq” şəklində açıqlama verib.
Ləman Əlizadə