Xocalı faciəsinə beynəlxalq siyasi qiymət verilib - TARİX ELMLƏRİ DOKTORU

26 Fevral 2022 14:34 (UTC+04:00)

“Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı sərəncam imzalayıb. Həmin sərəncamda Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri kimi qeyd olunur”. Bu sözləri SİA-ya açıqlamasında AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu, tarix elmləri doktoru Vaqif Abışov bildirib.

Onun sözlərinə görə, düz 30 il bundan əvvəl erməni quldur dəstələri dinc, silahsız Xocalı əhalisinə atəş açaraq 613 nəfəri amansızcasına qətlə yetiriblər: “Sərəncamda qeyd olunur ki, Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. Soyqırımının törədilməsinə görə Ermənistanın o zamankı siyasi-hərbi rəhbərliyi məhsuliyyət daşıyır.

Azərbaycan dövləti 28 ildən sonra, yəni 2020-ci ilin sentyabr-noyabr aylarında zəfər yürüşü ilə torpaqlarımızı erməni işğalçılarından təmizlədi. Bununla ordumuz tək Xocalı soyqırımı qurbanlarının qisasını almadı, eyni zamanda bütün şəhidlərimizin qisasını almış oldu.
2008-ci ildən başlanan "Xocalıya ədalət" beynəlxalq kampaniyası isə bu gün də davam edir. Bu kampaniya nəticəsində Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınıb və faciəyə beynəlxalq siyasi qiymət verilib. Lakin Xocalı soyqırımını törədən erməni caniləri hələ də öz layiqli cəzasını almayıblar. Heç şübhəsiz, çox yaxın vaxtlarda həmin cinayətkarlar da öz layiqli cəzalarını alacaqlar. Şəhidlərimizin ruhu şad olsun”.