Valideynlərə hörmət azalıb, saymamazlıq artıb - ŞƏHƏR SAKİNLƏRİ DANIŞDI - SORĞU

26 Fevral 2022 10:51 (UTC+04:00)

Ailə, isti ocaq, övlad sevgisi insanlara verilən ən gözəl lütfdür. Ən gərgin vaxtında insan bir udum rahat nəfəsi evində alır, övladının bir gülüşü ilə gərginliyindən azad olur, dincliyini evində tapır. İsti ocağına, yuvasına bu qədər bağlılıq Azərbaycan xalqının genetik kodudur, mənəvi kimliyidir. Bəs, gəlin görək şəhər sakinləri bu haqda nə düşünür. SİA ailə dəyərləri ilə bağlı sorğu keçirərək şəhər sakinlərinin fikirlərini öyrənib.

Şəhər sakini Mehdi Əzizbəyov (ər) və şəhər sakini Zivər Əzizbəyova (onun xanımı): "Biz 45 ildir ki, evliyik. Hər bir ailədə olduğu kimi bizim də ailəmizdə söz-söhbət olub. Amma bütün bunlar həmişə yaxşı sonluqla bitib. Müasir ailələrdə problemlərə baxış dəyişib. Gənclər bizi nümunə alırlar, ona görə yaxşı tərbiyə vermək, onlara yaxşı örnək olmaq lazımdır".

Şəhər sakini Şəlalə Rəcəbova: "Son illərdə, yəni keçmişə nəzərən ailə dəyərləri xeyli dəyişib. Məncə, boşanmaların artması bu dəyişikliyin əsas səbəblərindən biridir. İndi keçmiş dövrdəki kimi deyil. Kişilərin xəyanəti, zorakılıq artıb. Əvvəllər qadınlar buna dözürdülər, səs çıxarmırdılar, lakin indi ailələrini asanlıqla dağıda bilirlər".

Şəhər sakini Nəsir İsgəndərov: "Mən iki dəfə ailə həyatı qurmuşam. Əvvəllər imkanlı olmuşam, lakin sonra kasıbladığım üçün ilk ailəm dağılıb. Düşünürəm ki, insanlarda pula meyillilik artıb. Əvvəlki dövrdə sevgi, ailə məbəd sayılırdı. İndi isə ailə dəyərləri öz əhəmiyyətini itirib".

Şəhər sakini Gülnaz Qasımova: "Əlbəttə ki indi ailə dəyərləri çox dəyişib. İndi valideynlərə hörmət azalıb, saymamazlıq artıb. Uşaqlar böyüklərdən daha çox bildiyini iddia edirlər. Bu baxımdan keçmişdə ailə dəyərləri daha üstün tutulurdu".

Şəhər sakini Rahib İsmayılov: "Ailə dəyərləri indiki dövrdə pis yöndə dəyişib. İndi 10 ailədən 7-si boşanmayla sonlanır. Buna isə gənclərin düzgün tərbiyə edilməməsi, uşaqların həddindən artıq sərbəst buraxılmasıdır. Gənclər öz duyğularına qapanır, böyüklərin məsləhətinə qulaq vermirlər".

Şəhər sakini Naibə Süleymanova: "Son dövrdə ailə dəyərləri çox dəyişib. Əvvəllər indiyə nisbətən ailədə mehribançılıq, bağlılıq daha çox idi. Ailə üzvləri bir-birini dinləməyi bacarırdılar, bir-birlərinə hörmət edirdilər".

Şəhər sakini Qədim Qasımov: "İndiki ailələr daha müasirləşib. Əvvəllər daha çox adət-ənənələr əsasında ailə qurulurdu. İndi ailələr avropasayağı qurulur. Getdikcə dövr dəyişilir deyə, ailə dəyərləri də dəyişilir. Mən buna normal baxıram, yəni insanlara zəmanəyə ayaq uydurmağa çalışır".

Şəhər sakini Tahirə Bağırova: "Azərbaycanda ailə dəyərləri pis yönə doğru dəyişib. Böyüyə-kiçiyə hörmət azalıb, gənclər həddini aşıblar, geyimlərinə fikir vermirlər. Ona görə də ailə dəyərləri də daxil olmaqla hər şey pisə doğru gedir".

Ləman Əlizadə