"Ukraynada baş verənlər göz qabağındadır. Bütün dünya Rusiya tərəfindən Ukraynanın necə işğal olunduğunu görür. Mən əvvəllər də demişdim ki, Rusiya müharibəyə başlasa da, başlamasa da uduzacaq". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.
Onun sözlərinə görə, ABŞ və bir qism qərb dairələri uzun müddətdir ki, Rusiyanı çökdürmək üçün imkanlar axtarırdılar və bunun üçün qurban lazım idi: "Qurban olaraq da Ukrayna seçildi. Yəni başqa sözlə ABŞ və Qərb Rusiyaya qarşı sanksiyalar tətbiq etmək üçün bəhanəni tapdı. Bu bəhanəni də Rusiya özü verdi. Bütün beynəlxalq normaları, beynəlxalq hüququn tələblərini, BMT Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq əvvəl Ukrayna ərazisindəki separatçı rejimlərin “müstəqilliyini” tanıdı, ardınca da Ukraynaya qoşun yeritdi.
ABŞ və Qərb isə hələ də sanksiya oyunu oynayır. ABŞ prezidenti Baydenin Rusiyanın Ukraynaya hərbi müdaxilə ilə bağlı 15 dəqiqəlik çıxışını dinləyərkən bu qənaətə gəlirik ki, 2008–ci ildə Gürcüstanda olduğu kimi indi də Ukraynanı müdafiə etmək fikrində deyil. O yalnız sanksiyalardan danışır və elə sanksiyalardan danışır ki, bu sanksiyalar Rusiya iqtisadiyyatına elə də ciddi təsir göstərməyəcək. Bu isə açıq şəkildə ABŞ-ın işğala məruz qalmış ölkənin taleyini düşünməkdən uzaq olduğunu göstərir. Oxşar mövqeni Avropa dövlətlərində də görürük. Məsələn Fransa Müdafiə naziri bu günki açıqlamasında Avropada və Amerikada heç kimin Rusiya ilə müharibə etmək həvəsinin olmadığını bildirib. NATO baş katibi də Ukraynaya hərbi dəstək verilməsindən söhbət getmədiyini vurğulayır. Bütün bunların nəticəsidir ki, Ukrayna prezidenti Zelenski xalqa müraciətində dünyanın əməldə deyil, yalnız sözdə Ukrayna xalqının yanında olmasından üzüntülərini bildirib, amma sona qədər savaşacaqlarını vurğulayıb.
Döyüşlərlə bağlı hazırki vəziyyətə gəldikdə isə bu gün Rusiyanın Ukraynaya qarşı işğal əməliyyatının ikinci günüdür. Gözləntilərin əksinə olaraq Ukrayna ordusu dirəniş göstərərək işğalçı orduya xeyli zərbə vurmağı da bacarıb. Ukrayna Müdafiə Nazirliyinin məlumatlarına görə Rusiya Ukraynaya hücumun ilk günündə 800-ə yaxın əsgərini itirib. Həmçinin Ukrayna Silahlı Qüvvələri tərəfindən Rusiyaya məxsus 7 təyyarənin, 6 helikopterin, 30 tank və 130 piyada döyüş maşınının vurulduğu da bildirilir. Rusiya isə öz növbəsində çoxlu sayda Ukrayna əsgərinin öldürüldüyünü, hava müdafiə sistemlərinin, zirehli texnika və raket qurğularının məhv edildiyi haqda məlumatlar yayır. Qısası hər iki tərəfdən yüzlərlə ölü və yaralı var.
Hal-hazırda müxtəlif istiqamətlərdə döyüşlər davam edir. Çernobl Atom Elektrik stansiyası ruslar tərəfindən ələ keçirilib. Ukraynanın bir çox şəhərləri işğal olunsa da müqavimət davam edir. Kiyevdən cəmi 10 km. məsafədə yerləşən Qostomel şəhəri uğrunda qanlı döyüşlər gedir. Bu şəhərdəki “Antonov” beynəlxalq aeroportunu ələ keçirmiş Rusiya xüsusi təyinatlıları mühasirəyə alınsa da silahı yerə qoymaqdan imtina ediblər.
Bütün sadalananlar onu göstərir ki, Rusiyanın məqsədi Ukraynanın müstəqil dövlət kimi məhv edilməsidir. Lakin tam əminliklə demək olar ki, Rus qoşunları Ukrayna ordusunu məğlub edib bütün Ukrayna üzərində nəzarəti ələ keçirsələr belə, bu ərazini əldə saxlaya bilməyəcəklər. Ukraynada marionet rejimi yaratmaq mümkün olmayacaq. Çünki Rusiya bu müharibə ilə Ukraynada yaşayan bütün insanların nifrətini qazanıb.
Bəziləri hesab edir ki, Rusiya bu müharibə ilə təkcə Ukraynaya və onun xalqına deyil, həm də ABŞ və Avropaya, bütün sivil dünyaya müharibə elan edib. Amma əslində Ukraynaya soxulmaqla Rusiya ilk növbədə özünə və rus xalqına müharibə elan etdi. Bu müharibə nəticəsində Rusiya geniş miqyaslı insan itkiləri, həyat keyfiyyətinin kəskin şəkildə pisləşməsi, Rusiyanın təcrid olunması və iqtisadi böhranla üzləşəcək. Bu müharibəyə görə tarixi məsuliyyət isə Rusiya ilə yanaşı, həm də Ukraynanı meydanda tək qoyan beynəlxalq güclərin üzərinə düşəcək".