Əlverişli biznes mühiti yaradılıb, islahatlar davam etdirilməkdədir -TƏHLİL

25 Fevral 2022 17:24 (UTC+04:00)

(Yazı "Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusu üzrə hazırlanmışdır)

İqtisadi həyat prinsipləri haqqında fikirləri qədim formadan müasir formaya dəyişən şotlandiyalı filosof və iqtisadçı Adam Smit olub. Onun ideyaları liberal iqtisadiyyat məfhumuna yeni nəfəs gətirib. Smit merkantilistlərin yanaşmasını alt-üst edərək azad ticarətin tərəflərə fayda gətirdiyini qeyd edib. Təbii ki, liberal iqtisadi yanaşmanın tam formalaşmasında klassik liberalistlərin özünəməxsus payının olduğu bununla öz təsdiqini tapır.

Smitin fikirlərinə görə, iqtisadi fəaliyyətin əsas məqsədi şəxsi faydanı ən üst səviyyəyə qaldırmaqdır. Milton Fridmanın ideyaları müasir liberal yanaşmalar arasında daha böyük marağa səbəb olub. Fridman iqtisadi fəaliyyətin öz təbii axarına buraxılması, bu halda dövlətin müdaxiləsinin məhdudlaşdırılması və psixoloji gözləntilərin iqtisadi həyatdakı önəmi kimi məqamları diqqətə çatdırıb. Amerikalı iqtisadçı, bununla yanaşı, xüsusilə maliyyə siyasəti sahəsində dövlətin müdaxiləsinin iqtisadi balansın pozulmasına sürüklədiyini, bunun inflyasiya və deflyasiya kimi halların meydana gəlməsinə gətirib çıxardığını nəzərə çatdırıb.

Bilirik ki, liberal iqtisadiyyat xalqlar arasında ticarətin asanlaşdırılmasını, məhsul və xidmətin azad hərəkətini, tərəflərin hər birinin maksimum yararlana biləcəyi iqtisadi fəaliyyəti nəzərdə tutur. Eyni zamanda, kapitalın, məhsulların və xidmətlərin özünü tənzimləyən bazarda sərbəst hərəkəti, bu aktın dövlətdən azad həyata keçirilməsi, ictimai müəssisələrin özəlləşdirilməsi, ictimai qavramların individualizmə və fərdi məsuliyyətə çevrilməsi, təbii ki, ön planda durur.

Azad ticarətin, azad sahibkarlığın, eləcə də bazar iqtisadiyyatının müasir sistemi heç də yenicə formalaşmayıb və diqqətə çatdıraq ki, 200 il əvvəl, 2 əsr bundan öncə formalaşan bu sistemin verdiyi səmərə, prosesi təşviq etmək istiqamətində çox sayda dünya dövlətlərini düşündürür. Beynəlxalq iqtisadi münasibətlərin fəal və önəmli aktoruna çevrilən Azərbaycanda da formalaşan bu sistem prioritet istiqamət kimi müəyyənləşdirilib və müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz bazar münasibətlərinə əsaslanan liberal iqtisadi sistemin formalaşması, vətəndaşların iqtisadi azadlığına, təşəbbüskarlığına şərait yaradılması, zəngin təbii sərvətlərdən səmərəli istifadə, investisiya cəlbediciliyinin yüksəldilməsi və digər tədbirlərin nəticəsi olaraq Azərbaycan iqtisadiyyatı yeni keyfiyyət parametrləri ilə özünü təsdiqləyib, təsdiqləməkdədir və bundan sonra da təsdiqləyəcək.

Əlbəttə ki, son illər dünyanın yüksək inkişaf etmiş ölkələrinin belə üzləşdiyi iqtisadi böhran heç kim üçün sirr deyil. Bütün dünya ölkələrinin əksəriyyəti bu böhrandan, bu çətin durumdan çıxmaq üçün çox çalışırlar və yeri gəlmişkən vurğulamaq lazımdır ki, “İnkişafın Azərbaycan modeli” diqqət mərkəzindədir, öyrənilir, tətbiq edilir. Sözsüz ki, ölkə rəhbərinin, cənab Prezident İlham Əliyevin irəli sürdüyü iqtisadiyyatın şaxələndirilməsi konsepsiyası davamlı iqtisadi inkişafa aparan amil olaraq qəbul olunmaqdadır və sözügedən modelin əsas elementlərindəndir.

Etiraf etmək lazımdır ki, azad sahibkarlığın təşviqi istiqamətində ölkəmizdə vacib, səmərəli tədbirlər həyata keçirilib və keçirilməkdədir. Azərbaycanda sahibkarlara “investisiya təşviqi sənədi”nin verilməsi məhz bu istiqamətdə atılan ən uğurlu addımlardandır və fəaliyyətlərinin genişləndirilməsi məqsədi ilə sahibkarlara müxtəlif güzəştlər tətbiq olunur, eləcə də müəyyən edilmiş vaxt ərzində bir sıra vergilərdən də azad edilir. Sözsüz ki, bu, ölkəmizdə əlverişli biznes mühitinin yaradılması və azad iqtisadi fəaliyyətin təşviqi istiqamətində görülən işlərin sadəcə bir hissəsidir və öz müsbət nəticələrini də çox gözlətməyib.

Təbii ki, islahatlar dayandırılmayıb və şübhəsiz ki, növbəti dövrlərdə də bu istiqamətdə islahatların davam etdiriləcəyi də gözləniləndir. Birinci növbədə iqtisadiyyatın daha da genişləndirilməsi çox önəmli vəzifə olaraq qarşıda durur. Bu baxımdan, əlbəttə ki, məşğulluğun dəstəklənməsinə və məşğulluq haqqında qanunun qəbul edilməsinə də ehtiyac duyulur. Heç şübhəsiz ki, qanunvericilik bazasının tam olaraq formalaşması liberal iqtisadiyyatın, azad sahibkarlığın dəstəklənməsi baxımından vacib istiqamətlərdən biridir və bu, azad və liberal iqtisadiyyatın formalaşması ilə bağlı hədəflərə nail olunmasına zəmin yaradacaq.

Bazar iqtisadiyyatı dedikdə, ilk növbədə rəqabət mühiti göz önündə canlanır və birmənalı şəkildə deyə bilərik ki, rəqabət mühiti, özü də sağlam rəqabət mühiti yoxdursa, bazar iqtisadiyyatından danışmağa dəyməz. Sağlam rəqabət, bazar iqtisadiyyatı olmadığı yerdə isə liberal dəyərlərin işləməsi mümkünsüzdür və belə bir mühitdə nə azad sahiblarlıqdan, nə də liberal iqtisadiyyatdan söhbət açmaq yersizdir. Məhz belə bir sağlam rəqabət mühitinin mövcud olması üçün dövlətimizin seçdiyi yol, model həqiqətən də uğurlu olub və sahibkarlıqla məşğul olmaq, sağlam rəqabətə qoşulmaq üçün maneələr aradan qaldırılıb və artıq hansısa maneə yoxdur. Əksinə, sağlam rəqabət, azad sahibkarlıq və liberal iqtisadiyyatın mövcudluğu üçün yetərincə şərait yaradılıb, imkanlar açılıb.

İnam Hacıyev

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin mövzusuna uyğun dərc edilir.