30 il öncənin bu gecəsi uyuyurdun, Xocalı. Hər bir təhlükədən, bir neçə saat sonra səni gözləyənlərdən xəbərsiz uyuyurdun. Nə bilərdin ki, Bakıda əyləşən rəhbərlər sənin ölüm fərmanını lap çoxdan veriblər. Səni itaətində həmişə başıaşağı olduqlarına satıb, heç narahatlıq nədir, keçirməyiblər. Nə bilərdin? O zaman oyandın ki, düşmən başına od-alov yağdırır. Bir fevral gecəsinin soyuq-sazağına qarışan bu od-alov havada buz parçalarına çevrilirdi. Çevrilirdi ki, bir azdan yuxudan səksəkə içərisində oyanan günahsız insanların sinələrinə yapışa. Nə qədər müdhiş gecəydi o gecən, Xocalı… Öncə düşmənin od saçan silahlarına sən tuş gəldin. Uçuldun, töküldün, gözəlliklərin, abadlığın bir neçə anın qurbanı oldu. Gecənin qaranlığını yarıb pəncərələrdən otaqlara dolan o ölüm parıltısı oyatdı sakinlərini yuxudan. Nə olduğunu aydınlaşdırmağa çalışan insanlar ora-bura qaçaraq nə edəcəklərini bilmədilər. Körpələrin səsi gecənin sükutunu pozan silahların da səsini batırdı. Az sonra xocalılar nəyin baş verdiyini anladılar. Çünki qonşusu heysiyyətsiz, acgöz, vəhşi olanlar nəyin baş verdiyini artıq təxmin etməkdə idilər. İlk qərarları nə olursa-olsun səni müdafiə etmək oldu. Nə qocaları, nə körpələri, nə xəstələri gözlərinə gəldi. Ayağı yer tutan sənin müdafiənə qaçdı. Paytaxta zəng zəng dalınca vuruldu. Xilasın üçün kömək istənildi. Gözlər yollara, qulaqlar hələ də susmaqda olan telefonlara dikildi. Saatlar ötdü, lakin “Xocalı əldən gedir, kömək edin!”,- deyənlərə cavab verilmədi. Sən sakinlərinin gözü qarşısındaca şəhid olurdun, son nəfəsini verirdin. Sən yandıqca, alovlandıqca düşmən gecənin şaxtasını sənin alovlarınla dəf edir, soyuq nədir, bilmir, üşümürdü. Artıq sənin yaxandan əllərini çəkib sakinlərini silahların hədəfinə almışdılar. Bayaqdan sənun üçün övladından, xəstəsindən, qocasından keçib xilasın üşün ora-bura əl atan insanlar artıq bir şəhid şəhərə baxa-baxa şəhadətə hazırlaşırdılar. Onlar səninçün göz yaşı tökürdülər, sinələrini qabağa verib qan axıdırdılar. Sənsə ey yandırılan şəhər, odun-alovunla onların dərdinə yanırdın. İki varlıq-bir şəhər və həmin şəhərin yüzlərlə sakini bir – birinin şəhadətini izləyirdi. Bir-birinin gözü qarşısında son nəfəslərini yaşayırdılar. Sən gedə bilməzdin, sən kök idin, ocaq idin. Sən sakinlərini tərk edə bilməzdin. Ona görə də yerindəcə yanıb-yaxılırdın, şəhid olurdun. Sakinlərinsə səni qoyub gedə bilmirdilər, sən onların ocağıydın, səndə onların dünəni, o günü, gələcəyi vardı. Necə qoyub gedərdilər axı səni? Getmədilər də, o vaxta kimi getmədilər ki, düşmən yarıdan çoxunu sənin kimi şəhid etdi. Silahı üzərlərinə tuşlayıb səni tərk etmələrini çığıranda yenə də sənə-sənin meşələrinə, dağlarına üz tutdular. Düşmənsə qana susamırdı, onları qarabaqara izləyirdi. Son nəfərədək öldürüb, sənə biryolluq sahib olmaq istəyirdi. Nə zülmlər, dəhşətlər yaşadı o gecə sakinlərin. Soyuq bir yandan, qorxu-vahimə bir yandan, kəsilən başlar, axan qanlar bir yandan, salamat qalanların ağrıdan-acıdan ərşlə bir səsini içinə gömməsi bir yandan o gecənin dəhşət dolu mənzərəsini yaradırdı. Ağlayan körpəsini susdurmaq artıq hər bir ana üçün dünyanın ən çətin məsələsinə çevrilirdi. Nə etsinlər, nəfəsləri də hiss olunmasın ki, düşmən yerlərini bilməsin kimi düşüncələr insanların bağrını çatladırdı…
Hər qarış torpağın nalə çəkirdi, kömək istəyirdi. Lakin nə gələn, nə də kömək edən vardı. Sən satılmışdın düşmənə, kim gələcəkdi harayına? Bilə-bilə ki, sənin də, sakinlərinin də şəhadət anıdır, başlarını rahatca atıb yatmışdılar dövlətimizi etibar etdiklərimiz. Necə də yuxuları gəlmişdi o gecə, İlahi? İnsan öz doğma torpağına, millətinə bu qədər necə qəddar ola bilərdi? Bir şəhər, yüzlərlə sakin üçün acı tale hökmünü verib neçə nəfəs almaq olardı? Maraqlıdır, görəsən bütün bu vəhşiliyin qarşılığı vəzifələrini qorumaq idisə, neçə-neçə torpağın satılması kimlərinsə əmrinə itaətin nümunəsi idisə, tarixin qara səhifələrinə düşməkdənsə, ölümü seçmək nə qədər gözəl, deyilmi? Nə düşünürdülər, düşünürdülər ki, etdikləri gizlimi qalacaq. Xalq onların əməllərindən bixəbərmi olacaq? Ey fani insan, bu dünya kimə qalıb, bu dünyanın hansı sirri qapalı qalıb? Bilindi, elə o gecə xocalılara məlum oldu, səhəri gün isə bütün Azərbaycan bildi ki, Xocalı satılıb, sakinləri bilərəkdən ölümün qucağlna atılıb. Nə vəzifələri, nə canlarından çox sevdikləri kresloları onlara qaldı. Qazandıqları millət xaini, vətən xaini adı oldu. Həm özləri, həm də bundan sonra neçə-neçə nəsilləri bu lənətlənmiş adla yaşayacaqlar. Əgər buna yaşamaq demək olarsa…
Xocalı, 26 fevral səhərini sakinlərin də qoynunda şəhid kimi açdın. Soyulub talan edilmişdin, şəhid sakinlərin isə vandalizmə məruz qalmışdılar. Cənazələrə olmazın əziyyəti verilmişdi: gözlər oyulmuş, dərilər soyulmuş, beyinlər dağıdılmış, qarınlar yırtılmışdı. Budurmu insanlıq, budurmu Allahın ali yaratdıqları? Tək bunları gizlədə bilmədi rəhbər heyət. Gizlədəcəkdilər, lakin o gecənin “şirin” yuxusundan geç oyandılar. Onlar oyananda artıq orada şəkillər çəkilmiş, nə baş verdiyi hər kəsə məlum olmuşdu.
Bu gün şəhadətindən 30 il ötür, Xocalı, bu 30 ilin bir günü, bir dəqiqəsi, bir anı yaddan çıxmadın sən. Çıxa da bilməzdin axı. Dünyada baş verən soyqırımların, qırğınların ən dəhşətlisi idin. Gözlərimiz önündə 1988-ci ildən ölkəmizə qarşı başlanan torpaq iddiasının, 20 Yanvar hadisəsinin davamı idin. Sən çıxardın ozamankı rəhbərlərin iç üzünü ortaya. Nə xislətdə olduqlarını xalqına bəyan etdin. Səndən sonra silindilər onlar, tarixin qara, ləkəli arxivinə yola salındılar. Düz otuz ildir, sən hər bir azərbaycanlının dilində sözü-söhbətisən. Bir an belə unudulmamısan. Sən ümummilli liderimizin, onun layiqli davamçısının, ailə üzvlərinin həyata keçirdiyi hərtərəfli tədbirlər sayəsində bütün dünyaya tanıdılmısan. Müasir gənclərimiz bu işlərin fəal iştirakçısı olub, ermənilərin ifşasında əllərindən gələni ediblər. Səndən cəmi bir il sonra ölkəmizin taleyi üzünə güldü. Ümummilli liderimiz Heydər Əliyev insanların təkidi ilə rəhbərliyə gəldi, 2003-cü ildə isə xalq öz layiqli rəhbərini seçdi. O rəhbər ki, ötən 17 ildə həyata keçirdiyi düşünülmüş siyasət, gələcəyə hesablanmış mütərəqqi addımlar müstəqil ölkəmizin hərtərəfli inkişafı ilə yanaşı, ərazi bütövlüyünün bərpasını da reallaşdırdı. 2020-ci ildə 44 gün ərzində ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuz Qarabağda öz gücünü, şücaətini göstərdi. 44 gün ərzində 30 ilin bütün müdafiə istehkamları dağıdıldı, erməni ordusu məhv edildi. Torpaqlarımız geri alındı, şəhidlərimizin qanı yerdə qalmadı. 30 ildə tamamilə dağıdılmış Qarabağ indi yenidən qurulur, yaradılır. İnsanlar ata-baba yurdlarına qayıtmağa tələsirlər. Bu gün bütün dünya Azərbaycandan, onun qüdrətindən, xalqın rəhbərinə, torpağına sevgisindən, insanların vətənpərvərliyindən danışır. İndi Azərbaycan dünyaya nümunə gücündə olan müstəqil bir ölkədir.
Bütün bunlarla xocalıların, eləcə də bütün şəhidlərimizin ruhu şaddır. Hələ qarşıda həyata keçirilməsi mühüm olan məsələlər var ki, onların reallaşması ilə bütün dünya erməniləri daha yaxşı tanıyacaq, Azərbaycanın haqq səsinə səs verməklə bizim həmişə haqlı olduğumuzu təsdiqləyəcəklər. O gün uzaqda deyil.
Mətanət MƏMMƏDOVA