"Ümumiyyətlə, hər bir təhsil müəssisəsində təhsil işçiləri daha diqqətli olmalıdırlar. Bu diqqət xüsusilə də korrupsiya məsələlərinə aiddir". Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi deyib.
Onun sözlərinə görə, bütün sahələrdə rüşvət yolverilməzdir: "Bu xüsusilə də təhsil sahəsinə aiddir. Əgər hər hansı bir təhsil işçisi rüşvətə meyllidirsə və yaxud rüşvət alırsa birbaşa qanunvericiliklə cəzalandırılmalıdır. Ona ya töhmət, ya da əmək müqaviləsinə xitam verilməlidir".
Elçin Əfəndi sözlərinə belə davam edib: "Rüşvətxorluqla mübarizə aparmaq üçün hər bir vətəndaş əvvəla özündən başlamalıdır. Xüsusilə də övladı məktəbə yeni başlamış valideynlər, eyni zamanda müəllimlər bu məsələyə daha həssas yanaşmalıdırlar. Çünki korrupsiya faktı ölkə qanunvericiliyinə görə cinayət məsuliyyəti daşıyır.
Təhsil müəssisələrində şagirdlərə rüşvətə qarşı hisslər yaratmalıyıq. Əksinə orada rüşvətə yol verməyimiz rüşvət alan vətəndaşlar yetişdirməyimizə səbəb olar.
Düşünürəm ki, Təhsil Nazirliyi və müvafiq qurumlar bu hallara diqqət yetirməlidir. Həmin şəxslər dərhal vəzifələrindən uzaqlaşdırılmalıdır".
Ayşən Vəli