Şuşa bütün Azərbaycanlılar üçün doğma və əzizdir

25 Fevral 2022 13:32 (UTC+04:00)

“2022-ci ilin cənab Ali Baş Komandan tərəfindən “Şuşa ili“ elan edilməsi, Şuşanın həm Azərbaycanın mədəniyyyət mərkəzi olması, həm mühim strateji əhəmiyyət kəsb etməsi, həm də keçmiş Qarabağ xanlığının paytaxtı olması baxımından çox mühim bir tarixi əhəmiyyətə malik olduğunu göstərir”. Bu sözləri SİA-ya açıqlamasında Tarix İnstitutunun aparıcı elmi işçisi Ədalət Mustafayev bildirib.

Onun sözlərinə görə, əsasən 1980-ci illərdən başlanılaraq Şuşanın mədəniyyət mərkəzi kimi Azərbaycan ictimaiyyətinə tanıdılmasında Ulu Öndər Heydər Əliyevin bir il içərisində iki dəfə Şuşaya səfər etməsi də bu şəhərin nə qədər əhəmiyyətli olduğunu göstərən amillərdən biri idi: “Bundan başqa 1994-cü ildən sonra ermənilər artıq açıq şəkildə Şuşaya olan meyllərini göstərirdilər. Digər bir tərəfdən cənab Ali Baş Komandanın müharibə öncəsi zamanı verdiyi əsas mesaj da ondan ibarət idi ki, bizim qələbəmiz Şuşada bitəcək. Yəni Şuşa olmadan bizim qələbəmiz yarım qalacaq. Bütün bu kimi fikirlər Şuşaya verilən dəyərin bariz nümunəsidir.
Eyni zamanda Şuşa və digər işğalda olan ərazilərimiz və həmin yerlərin mədəniyyət abidələri 30 ildir ki, ermənilər tərəfindən daşınılır və dağıdılırdı. Lakin bu ilin “Şuşa ili” elan olunmasının əhəmiyyətli səbəblərindən biri də elə həmin abidələrimizin bərbası, işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulması üzrə görülən tədbirlərin sürətləndirilməsində bir təkan rolunu oynayır. Bütün bu tədbirlər, bizim, dövlətimizin Qarabağa, Şuşaya olan diqqətinin bariz nümunəsidir. Şuşa tək Qarabağlılar üçün deyil, bütün Azərbaycanlılar üçün doğma və əzizdir”.

Səbinə Hüseynli