Kirayə evin qiymətləri niyə bahalaşıb? - ŞƏRH EDİLDİ

24 Fevral 2022 14:11 (UTC+04:00)

"Karantin qaydalarının yumşalması bütövlükdə əmlak, o cümlədən, kirayə bazarına da təsir etməkdədir. Xüsusilə, real sektordakı yenidən açılmalar, karantinin yumşalması paytaxtda mənzillərə tələbin artmasına gətirib çıxartdı. Eyni zamanda, universitetlərdə ənənəvi təhsilin bərpası, onlayn təhsilə keçilməsi ilə bağlı gözləntilərin olmasına baxmayaraq hələ də davam etməsi kirayə bazarına təsir göstərib". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, kirayə bazarında qiymət artımları müşahidə olunmaqdadır: "Gələcəkdə də epidemioloji vəziyyətdən asılı olaraq karantin qaydalarının yumşaldılması gözlənilir. Bu baxımdan kirayə bazarında qiymətlərin müəyyən müddətdən sonra, xüsusilə də yay aylarına doğru stabilləşəcəyini proqnozlaşdırırıq".

Deputat sözlərinə belə davam edib: "Karantin qaydaları, pandemiya ilə bağlı risklər tamamilə aradan qalxarsa yenidən avqust və sentyabr aylarında kirayə mənzillərin qiymətlərinin artacağı gözləniləndir. Mütəmadi olaraq qiymətləndirmə ondan ibarətdir ki, pandemiya növbəti dövrdə kirayə bazarındakı mənzillərin qiymətinə birbaşa təsir göstərən faktorlardan olacaq. Karantin qaydalarının yumşalması real sektorda aktivliyin daha da güclənməsinə və bütövlükdə əmlaka tələbin artmasına gətirib çıxaracaq".

Ayşən Vəli