Bu firmalar xərçəngin müalicəsi üçün əməkdaşlıq edəcəklər

23 Fevral 2022 18:15 (UTC+04:00)

Almaniyanın biotexnologiya firmaları “BioNTech” və “Medigen” xərçəng və digər xəstələr üçün immunoterapiya müalicələrini inkişaf etdirmək üçün əməkdaşlıq edəcəklər.

SİA-nın əldə etdiyi məlumata görə, “BioNTech” və “Medigen” tərəfindən verilən ortaq açıqlamada sözügedən xəstəliklərin çarəsini tapmaq üçün birgə əməkdaşlığın ilkin mərhələsinin 3 il davam edəcəyi bildirilir.

“BioNTech” hələ klinikadan əvvəlki inkişaf mərhələsində olan TCR immunoterapiyalarının texnologiya lisenziyalarını “Medigen”dən alacaq və birgə əməkdaşlıqda ortaya qoyulacaq bütün immunoterapiya müalicələrinin dünya miqyasında inkişaf və marketinq hüquqlarına sahib olacaq.

Açıqlamaya görə, “BioNTech” “Medigen”ə 26 milyon avro avans ödəyəcək və əməkdaşlıq dövründə şirkətə tədqiqat maliyyəsi verəcək.

İki şirkət arasında əməkdaşlıq xərçəng şişlərinin müalicəsində istifadə oluna bilən TCR müalicələrinin inkişafı üçün bir çox hədəfləri əhatə edəcək.

Qeyd edək ki, TCR müalicələri xərçəng hüceyrələrini tanıyan və məhv edə biləcək şəkildə bədənin müdafiə sistemini aktivləşdirməyi hədəfləyən xərçəng immunoterapiyaları arasındadır. Bu müalicədə həkimlər xəstənin immun sistemindən T hüceyrələrini götürür, onları genetik olaraq dəyişdirərək xərçəng hüceyrələrini düşmən kimi tanıdır və xəstəyə qaytarır.

Dünyanın aparıcı dərman istehsalçıları olan “Bayer”, “Novartis” və “Johnson & Johnson” kimi şirkətlər də bu sahədə araşdırmalar aparır.