Bildiyimiz kimi koronavirus infeksiyası qadın, uşaq, körpə, yaşlı, gənc demədən bütün dünyanı öz ağuşuna alıb və almaqda da davam edir. Mövsümlər dəyişdikdə isə xəstəliyə yoluxma sayında ciddi artım müşahidə olunur. Bəs, bu halların qarsını almaq üçün nə etmək lazımdır? Bu virusdan birdəfəlik necə qurtula bilərik? Hansı profilaktik tədbirlər görülməlidir?

Koronavirusun yeni növü ilk dəfə 13 yanvar 2020-ci ildə dekabrın sonunda Çinin Uhan əyalətində tənəffüs simptomları (qızdırma, öskürək, təngnəfəslik) ilə büruzə verən müəyyən edilmiş virusdur.
Koronavirus insanlar arasında xəstəlik yarada bilən və bəzi heyvan növlərində (pişik, dəvə, yarasa) aşkarlana bilən böyük bir virus ailəsidir. Xəstə insanlardan öskürən, asqıran, gülən zaman, nitq zamanı ətraf mühitə səpələnmiş viruslar tənəffüs ifrazı damcıları ilə keçir.
Azərbaycanda yanvar ayı ərzində COVID-19 əleyhinə vaksinasiya üçün "randevu.its.gov.az" saytı vasitəsilə onlayn növbə götürənlərin sayı açıqlanıb. Ötən ay 615 801 nəfər onlayn növbə götürüb. Onlardan 571 272 nəfər “BioNTech”/ "Pfizer", 43 529 nəfər "Coronavac", 1000 nəfər isə "Sputnik V" vaksini vurdurmaq üçün müraciət edib.

Türkiyədə isə 22 fevral 2022-ci ildə hazırlanan statistikaya görə 13675581 adam koronavirusa yoluxub, 92990 adam ölüb və 12853899 nəfər sağalıb.
Qısa zamanda ortaya çıxan və dünyaya yayılan koronavirus hamımızı qorxutmaqda davam edir. Bəs, insan özünü koronavirusdan necə qorumalıdır?
Yuxu: Kifayət qədər yatdığınızdan əmin olun. Gecə 7 saat yuxu idealdır.
Daimi məşq: Hər gün yarım saat məşq etməyə çalışın.
Meditasiya edin: Meditasiya immunitet sisteminizi gücləndirməyə kömək edir.
Əllə görüşməyin: Əl sıxmaq, yumruq vurmaqdan 10 dəfə çox mikrob ötürür. Həyat yoldaşınızı və ya dostunuzu başınızı tərpətməklə salamlayın.
Üzünüzə toxunmayın: Koronaviruslar əksər səthlərdə bir həftədən çox yaşaya bilər. Barmaqlar 1 saat ərzində gözlərinizə, burnunuza və ya ağzınıza onlarla virus ötürür.
Səthləri dezinfeksiya edin: Mikrobları bir səthdən digərinə yaya bilən salfetlər əvəzinə dezinfeksiyaedici spreylərə üstünlük verin. Təmizlənmiş səthin 3 dəqiqə nəm qalmasına icazə verin.SİA koronavirusla bağlı olan dünyada və Azərbaycandakı son durum haqqında araşdırma apararaq həkim və Milli Məclisin Səhiyyə Komitəsinin deputatlarının fikirlərini öyrənib.

Deputat Məlahət İbrahimqızı: “Bildiyimiz kimi bəşəriyyət artıq 3 ildə yaxındır ki, koronavirusla mübarizə aparır. Pandemiyanın ən ağır ayları geridə qalıb. Pandemiya başladığı ilk gündən cənab Prezidentin başçılığı ilə Azərbaycanda çox mükəmməl komlpleks tədbirlər planı hazırlandı. Həm cənab Prezident İlham Əliyev, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyeva koronavirusla bağlı olan proseslərə diqqətlə nəzarət edirlər.
Pandemiyanın ilk vaxtlarında, daha doğrusu 2020-ci ildə ölkəmizdə pandemiya ilə yanaşı Vətən Müharibəsi də başladı. Müharibənin bütün ağırlığına baxmayaraq ölkəmizdə koronavirusa qarşı ciddi şəkildə mübarizə aparıldı.
Koronavirusa qarşı mübarizədə dünyanın ən yüksək səviyyəli səhiyyə sistemi belə aciz qaldı. Cənab Prezident qeyd etdi ki, “Hamı birlik olmalıdır və Biz birlikdə güclüyük”.
Bütün dünya bu virusla mübarizə apararkən virusun qarşısını almaq üçün vaksinlər hazırlandı. Həmin bu vaksinasiya xəstəliyin daha da yüngül keçirilməsinə kömək oldu. Bu xəstəliyin qarşısını tamamilə almaq mümkün deyil. Çünki virusun hər dəfə yeni variantları meydana çıxır.
Azərbaycan vaksinasiyanın başladığı ilk ölkələrdəndir. Mən bununla fəxr edirəm. Dövlət də hər cür tibbi ləvazimatla səhiyyə sistemini təmin etdi. Hal-hazırda əksər vətəndaşlar da 3-cü doza peyvənd olunub”.
Deputat Kamilə Əliyeva: “Bugün artıq gün ərzində yoluxanların sayı sağalanların sayından azdır. Daha doğrusu, sağalanlar yoluxanları üstələyir. Düzdür, gün ərzində həyatını itirənlərin də sayı hələ ki çoxluq təşkil edir və bu heç ürəkaçan mənzərə deyil. Lakin bütün bunlara baxmayaraq vəziyyəti stabil qiymətləndirirəm. Durum nəzarət altındadır və bundan sonra hansı işlər görüləcəyi də aydındır.
Covid-19 ilə mübarizədə əsas peyvəndlənmədir. İkinci peyvəndi qəbul edənlər altı ay keçdikdən sonra üçüncü, “Buster” dozanı qəbul etməlidirlər.
Bugün Azərbaycanda peyvəndlənmə çox sürətlə gedir. Yəni, biz istər həkimlər vasitəsilə, istərsə də poliklinikalarda və yaxud da hansısa bir peyvənd olunan məntəqələrdə görürük ki, insanların buraya axını çoxdur. Çünki xəstəlikdən qorunmaq üçün yeganə çıxış yolumuz peyvəndləmədən keçir.
Bugün statistikaya baxdıqda sağalanların sayının yoluxanların sayını üstələməsini görürük. Bu da ürəkaçan bir mənzərədir. Bəs, bu bəladan necə xilas ola bilərik? Əlbəttə ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına və tövsiyələrinə riayət etməklə, peyvəndləmə yolu ilə özümüzü virusdan mühafizə edə bilərik.
Qeyd edim ki, hətta peyvəndlənən insanlar belə bu xəstəliyə, xüsusilə də “Omikron” ştammına yoluxanda bunu çox yüngül bir formada keçirirlər. Hətta bəziləri bilmirlər ki, “Omikron”a yoluxublar. Bu adi qrip virusunun törətdiyi əlamətlərlə müşahidə olunur. Nəticə etibarilə, insanlara peyvəndləmə çox kömək edir.
İnsanlar peyvənd olunublarsa bu ştamma yoluxanda çox yüngül bir formada virusdan qurtula bilirlər. Ona görə də bir daha insanlarımıza üz tuturam ki, vaksin olunsunlar. İnsanlar gigiyenik qaydalara riayət etməklə yanaşı, sosial məsafənin saxlanılması, qapalı yerlərdə maskadan istifadə və profilaktik qaydalara əməl etməklə yəqin ki, biz bu qış mövsümünü uğurla başa çıxa bilərik”.
Ayşən Vəli