Xocalı soyqırımı TƏLƏBƏLƏRİN GÖZÜNDƏ - SORĞU

23 Fevral 2022 15:13 (UTC+04:00)

30 il bundan öncə Xocalıda baş vermiş soyqırım yalnız azərbaycanlılara qarşı deyil, ümumilikdə insanlığa qarşı cinayətdir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə yaşanmış bu dəhşətli hadisə nəticəsində 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb, onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Xocalı soyqırımı erməni vandalizminin bariz nümunəsi hesab edilir. Bəs, gəlin görək bizim gənclərimiz Xocalı soyqırımı haqqında nə düşünürlər. SİA olaraq məsələ ilə bağlı universitet tələbələri arasında sorğu keçirib.

Azərbaycan Dillər Universitetinin tələbəsi İlahə Hüseynzadə: "Xocalı faciəsi XX əsrin ən dəhşətli hadisələrindən biridir. Ermənilər əlacsız halda sadəcə qaçıb canını qurtarmaq istəyən uşaq və ya böyük olmasından asılı olmayaraq insanları amansızcasına qətlə yetiriblər. Düşmənin xalqımıza yaşatdığını heç vaxt unutmamalı və gənclər olaraq sosial şəbəkələrdə paylaşımlar edərək Xocalı soyqırımını bütün dünyaya da unutdurmamalıyıq".

Azərbaycan Dövlət Pedoqoji Universitetinin tələbəsi Rasim Həsənzadə: "Xocalı soyqırımı - qan yaddaşımızdır! Müharibə bəşəriyyətin ən pis xəstəliyi, soyqırım isə heç sağalmayan yarasıdır. Bu cür işğalçı qəsbkarlıq qan-xəta, ölüm-itim, fəlakət, dağıntı və dəhşətli faciələri ilə yadda qalır. Ona görə də yaraları dərin və sağalmaz iz buraxır. Elə Xocalı müsibəti kimi!"

Azərbaycan Dillər Universitetinin tələbəsi Sənubər Hüseynzadə: "Əslində, Xocalı faciəsi bir günün, bir gecənin hadisəsi deyildi. Ermənilər bu faciəyə Dağlıq Qarabağ münaqişəsi başladıqdan sonra hazırlıq görmüşdülər. Elə həmin vaxtdan da Xocalı qətliamının əsası qoyulurdu. O gecənin müdhişliyi tariximizə təkcə xocalılıların deyil, xalqımızın qanlı göz yaşları ilə yazıldı. Lakin Xocalının dərdli-naləli gecəsi barədə nə qədər yazılsa belə, yenə də müsibət və dəhşətləri olduğu kimi təsəvvür etmək çətindir!"

Azərbaycan Texniki Universitetinin tələbəsi Şadiman Abbasov: "Xocalı mənim düşüncəmdə qanlı şəhər kimidir. Xocalı soyqırımı sadəcə bir insanın, bir ailənin, bir nəslin deyil, bir cəmiyyətin məhvi idi.

Bir neçə ölkə artıq Xocalı genosidini tanıyır. Bu yaxınlarda, Kanada konqressində də Xocalı soyqırımı ilə bağlı mövzu debata qoyulmuşdu. Nəticə olaraq, Kanada da Xocalı soyqırımını tanıyanlar sırasına qoşuldu. MAG, xaricdə olan diasporalarımız Xocalı soyqırımı və erməni vandalizminin tanınması ilə bağlı böyük işlər görür".

Azərbaycan Dillər Universitetinin tələbəsi Günel İsmayılova: "Xocalı soyqırımı mənfur düşmənlərin xalqımıza qarşı törətdiyi amansız hadisələrdən sadəcə biridir. Bu hadisə bütün dünyaya həmin xalqın vəhşiliyini tanıtdı. Doğrudur, tolerant bir insanam, din, millət, mədəniyyət müxtəlifliyinə normal yanaşıram. Amma ermənilər hər zaman düşmənim olub, belə də qalacaq. İnsanlıqdan uzaq bir xalqa mərhəmət göstərmək özü ədalətsizlikdir, vicdansızlıqdır. Ən azından şəhidlərimizə, həmin soyqırımda qətlə yetirilən qadınlarımızın, körpələrin ruhuna hörmətsizlikdir. Üzərindən illər keçməsinə baxmayaraq, hələ də Xocalı soyqırımı bizim qanayan, qaysaq bağlamayan yaramızdır".

Azərbaycan Dillər Universitetinin tələbəsi Aqil İsmayılzadə: "26 fevral hər bir azərbaycanlı üçün silinməz acı bir faciədir ki, illər keçsə belə yarası hər zaman təzə, hər zaman ağrıvericidir.
O illərin yükü, ağrısı hər fevral ayında daha da artır, vətən sevgisi olan şəxslərin qəlbində sızıldayır. Mənfur qonşularımız, bu hadisələrin ortaya çıxmaması üçün var gücü ilə çalışır, ancaq müvəffəq ola bilmirlər. II Vətən müharibəsindən sonra güman edirəm ki, mənfurlar bir daha belə bir şeyi ağıllarının uclarından belə keçirməyəcəklər. Fikrimcə, belə hadisələr unudulmamalı və unutdurulmamalıdır. Azərbaycan gəncliyi müasir dünyayla ayaqlaşmağı bacarır. Ancaq keçmişdə olan şeylərə mütləq diqqət yetirilməlidir ki, gələcəyimiz keçmişimizə bənzəməsin".

Azərbaycan Dillər Universitetinin tələbəsi Aysel Zülfüqarova: ""Xocalı soyqrımı ifadəsini eşidəndə mənim üçün axan sular durur. Bu faciəni insanoğluna, bəşəriyyətə vurulmuş ən çirkin zərbə kimi dəyərləndirirəm".

Ləman Əlizadə