Yardımlı Rayon Gənclər və İdman İdarəsinin və Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Gənclər və İdman Nazirliyi,Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin birgə təsdiq etdiyi əsasnaməyə əsasən “Çempionumuz” layihəsi çərçivəsində M.R.Xanıyev adına Yardımlı şəhər 3 saylı tam orta məktəbdə cənab Prezident tərəfindən “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilmiş, kantakt-karate idman növü üzrə 8 qat Azərbaycan çempionu, Avropa çempionu (2015) və dünya çempionu (2021) Sahratlı Valeh Həşim oğlu ilə məktəblilərin görüşü keçirilib. SİA-nın məlumatına görə, İlk öncə torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Yardımlı Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Elbəy Fətəliyev, idarənin baş məsləhətçisi Şəhriyar Şəbiyev, məktəbin direktoru Salman Qurbanov və digər çıxış edənlər ölkədə idman və bədən tərbiyəsinin inkişafı üzrə həyata keçirilən dövlət siyasəti haqqında ətraflı danışaraq, yeniyetmə və gənclin milli ruhda, vətənpərvər gənc kimi yetişməsində idman və bədən tərbiyəsinin də əhəmiyyətini vurğulayıb onları fəal şəkildə idmanla məşğul olmağa dəvət etmişlər.
Layihənin keçirilməsi yeniyetmə və gənclər arasında sağlam həyat tərzini və idmanı təbliğ etmək, müxtəlif səviyyəli idman yarışlarında qalib gələrək çempion tituluna yiyələnmiş idmançılarımızı daha geniş yeniyetmə və gənc auditoriyalara təqdim etmək, idman növləri haqqında yeniyetmə və gəncləri məlumtlandırmaq, yeniyetmə və gənclər arasında könüllülük prinsipləri ilə bağlı ilkin təsəvvürləri formalaşdırmaq məqsədi daşıyır.
Tanınmış idmançı Valeh Sahratlı görüşdə iştirakçılara keçdiyi idman yolu, idmanda qazandıqları uğur, çətinliklər, nailiyyətlər haqqında söhbət edərəkonları maraqlandıran sualları cavablandırıb.
Sərraf Talıbov