Yaxud, Azərbaycanla Türkiyə arasındakı müttəfiqlik Rusiyanın daha dolğun qərarlar verməsinə necə şərait və imkanlar yaratdı?
Görünən budur ki, son dövrlərə qədər əldə edilmiş razılaşmaların məntiqi nəticəsi olaraq yeni tariximizə yazılan Moskva Bəyannaməsi rəsmi Bakının regional və beynəlxalq əhəmiyyətli rolunu daha da artırır və bu mühüm faktor Azərbaycanın həyata keçirdiyi müstəqil, qətiyyətli siyasətinin bariz göstəricisi kimi də qiymətləndirilməlidir. Artıq dünyada cərəyan edən qlobal hərbi-siyasi hadisələr, təlatümlər də belə bir nəticə hasil etməyə zəmin yaradır ki, regionumuza qarşı olan təhlükələrə və təhdidlərə qarşı mübarizədə birgə müqavimət meyarları artırılmalıdır. Bunun üçün isə müttəfiqlik bazasının yaradılması, bu bazanın möhkəmləndirilməsi, əsaslı dayaqlarla təmin olunması, həmçinin onun fəaliyyət trayektoriyasının genişləndirilməsi vacibliyi zərurət olaraq meydana çıxırdı...
Şuşa Bəyannaməsindən Moskva Bəyannaməsinə doğru - regional təhlükəsizliyin qorunması, təhdidlərin qarşısının alınması üçün üç mühüm amil
Bu xüsusda, 44 günlük müharibədən sonra rəsmi Bakının atdığı ardıcıl addımları, ilk növbədə, qardaş Türkiyə ilə Şuşa Bəyannaməsinin əsasını qoydu. Məhz Şuşa Bəyannaməsinin hər iki ölkə başçıları – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən ratifikasiya edilməsi Cənubi Qafqaz regionuna olan bir sıra təhdidlərin aradan qalmasına zəminlər yaratdı.

O cümlədən, regionun əsas oyunçuları sırasında yer alan, habelə qonşumuz olan Rusiyanın regional təhlükəsizlik məsələsindəki rolunun artırılması üçün atılan addımlar Moskva Bəyannaməsinə doğru irəliləməyə başladı. Və nəhayət, fevralın 22-də Bakı ilə Moskva arasında adıçəkilən sənədə dövlət başçıları tərəfindən imzalar atıldı. Hadisələrin ardıcıl axarından isə bu cür nəticələri çıxara bilərik:
1. İlk olaraq Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətlərinin rəsmiləşməsi regionun konfiqurasiyasını dəyişdi;
2. Növbəti addım kimi Azərbaycanla Rusiya arasında müttəfiqlik münasibətlərinin qurulması regional konfiqurasiyaya ayrıca rəng qatdı;
3. Artıq Cənubi Qafqaz regionunun təhlükəsizliyini mühafizə edən, yarana biləcək istənilən təhdidlərə qarşı cavab verəcək üç əsas dövləti var: Azərbaycan, Türkiyə və Rusiya;

Bakının əhəmiyyəti və ya mümkünsüzlüyün mümkünlüyə çevrilməsi
Fakt budur ki, son zamanlar Türkiyə-Rusiya münasibətlərinin yeni müstəviyə çıxması və Azərbaycanın əhəmiyyətli vasitəçiliyi qarşıda dayanan sədləri aşmağa kifayət qədər imkanlar yaratdı. Bəlkə də belə bir mühitin yaranması daha əvvəllər mümkünsüz görünürdü, amma güclü siyasi iradə və qətiyyət amili mümkünsüzlüyün mümkünlüyə çevrilə biləcəyini isbatladı. Misal üçün, NATO ölkəsi olan Türkiyə ilə KTMT-nin söz sahibi Rusiya arasında bir sıra fərqli fikirlərin olmasına rəğmən, bu ölkələrin ortaq məxrəclərinin mövcudluğu da özünü təsdiq etdi. Prosesdə Azərbaycanın yer alması isə sözügedən mövcudluğu sübuta yetirdi.
Türkiyə-Rusiya münasibətləri Cənubi Qafqaz regionunda dəyişən konfiqurasiya faktorlarını müttəfiqliyə qədər inkişaf etdirə bilər
Bu kontekstdən çıxış etsək həm də belə bir proqnozları irəli sürmək olar ki, qarşıdakı vaxtlarda Türkiyə-Rusiya münasibətləri Cənubi Qafqaz regionunda dəyişən konfiqurasiya faktorlarını müttəfiqliyə qədər inkişaf etdirə bilər. Beləliklə, mümkünsüzün mümkünlüyə çevrilməsi reallığı da məhz həmin təməllərə söykənir. Burada isə Azərbaycanın vasitəçilik rolu ilə çıxış edəcəyinə kimsə şübhə edə bilməz.

Təbii ki, ən əsas nüans burada Azərbaycan Prezidentinin diplomatiya sahəsində əldə etdiyi uğurlarıdır və bu uğurlar, ilk növbədə, 44 günlük Vətən müharibəsində qazanılan qələbə ilə təsdiqləndi, eləcə də həmin uğurlarla kifayətlənməmək mövcud uğurların əldə edilməsinə yol açdı.
Qarabağda tamamilə fərqli situasiya mövcuddur və bu situasiyadan yalnız güclü əməkdaşlıq, müttəfiqlik, dostluq əlaqələri sayəsində yararlanmaq mümkündür
Regionu isə inkişaf, tərəqqi gözləyir və bu yolda Azərbaycanın geriyə addım atmasına heç bir qüvvə təsir edə bilməz. Habelə, Qarabağda mövcud olan bir sıra çatışmaz cəhətlərin aradan qaldırılması, Zəngəzur dəhlizinin açılması və s. kimi regional layihələrin icrası da sürətləndiriləcək və bu məsələdə Azərbaycanın müttəfiqinə çevrilən Rusiyanın rolunu danmaq uğursuz və ədalətsiz seçim olardı.

Çünki Rusiyada da gördü və anladı ki, digər məsələlərdə hər hansı təsir siyasətini göstərə bilər, amma Cənubi Qafqazda, daha dəqiq desək, Qarabağda tamamilə fərqli situasiya mövcuddur və bu situasiyadan yalnız güclü əməkdaşlıq, müttəfiqlik, dostluq əlaqələri sayəsində yararlanmaq mümkündür. Əlbəttə ki, Azərbaycanla Türkiyə arasındakı müttəfiqlik də Rusiyanın daha dolğun qərarlar verməsinə şərait və imkan yaratdı, həmçinin Moskva Bəyannaməsinin imzalanmasına doğru təkan verdi.
Rövşən RƏSULOV
P.S. Moskva Bəyannaməsinin bəndlərini analiz etsək, deyə bilərik ki, artıq bizləri qarşıda yeni sürətli mərhələlər gözləyir: yerdə qalan ərazilərimizin tam bərpası, Xankəndidəki separatçı tör-töküntülərinin torpaqlarımızdan rədd edilməsi, inkişaf və güclü iqtisadi dayaqlar, xarici təsirlərdən, təhdidlərdən maksimum müdafiə olunmaq gerçəkliyi.